İsraildə terrorçuların ailələrinin deportasiyası haqqında qanun qəbul olunub

Dünya

07.11.2024 - 17:05

Həkimlər Klinikalar SEO Xidməti

Fələstinlilər Qəzza zolağı da daxil olmaqla yeddi ildən iyirmi ilədək müddətə deportasiya ediləcəklər

İsrail Knesseti (parlament) İsrail vətəndaşları da daxil olmaqla, fələstinli terrorçuların ailələrinin deportasiyası haqqında qanun qəbul edib. AYNA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Qanunu hakim partiyanın və onun ifrat sağçı müttəfiqlərinin 61 deputatı dəstəkləyib. Müxalifətin 41 nümayəndəsi isə əleyhinə çıxıb.

Sənəd ailə üzvləri tərəfindən həyata keçirilən hücumlar barədə əvvəlcədən məlumatı olan və ya onların hərəkətlərini bəyəndiyini bildirən İsrail vətəndaşlarının və ilhaq edilmiş Şərqi Qüds sakinlərinin ölkədən çıxarılmasına icazə verir. Fələstinlilər Qəzza zolağı da daxil olmaqla, yeddi ildən iyirmi ilədək müddətə deportasiya ediləcəklər.

Ekspertlər hesab edirlər ki, Ali Məhkəmə qanunu ləğv edə bilər. İsrail Demokratiya İnstitutunun baş əməkdaşı Eran Şamir-Borer deyir: “Əsas nəticə ondan ibarətdir ki, bu, tamamilə konstitusiyaya və İsrailin əsas dəyərlərinə açıq şəkildə ziddir”.

Fələstinlilər İsrail əhalisinin beşdə birini təşkil edir. Agentlik yazır ki, onların bir çoxu mübahisəli ərazilərin sakinləri ilə sıx əlaqə saxlayır və Fələstinə rəğbət bəsləyir.

Əsrin əvvəlindən bəri İsraildə bıçaqlı və odlu silahlardan istifadə etməklə yüzlərlə terror aktı baş verib. Rəsmi araşdırmalara görə, hücumların əksəriyyəti fələstinlilər tərəfindən həyata keçirilib.

Müəllif: Ayna.az