İsrail ordusu Qəzzada yeni əməliyyata başlayıb

Dünya

18.03.2024 - 10:33

Qəzza zolağında Əl-Şifa xəstəxanası yaxınlığında əməliyyat başlayıb

İsrail Müdafiə Qüvvələri Fələstinin radikal HƏMAS qruplaşmasının yüksək rütbəli üzvlərinin olması ilə bağlı əldə edilən kəşfiyyat məlumatlarına görə Qəzza zolağında yerləşən Əl-Şifa xəstəxanası yaxınlığındakı ərazini təmizləmək üçün növbəti əməliyyata başlayıb. AYNA xəbər verir ki, bu barədə İsrail ordusunun Mətbuat Xidmətinin məlumatında qeyd olunub.

“İsrail ordusu və İsrail Hərbi Kəşfiyyatının İnformasiya Təhlükəsizliyi Xidməti Əl-Şifa xəstəxanasında terrorçuların fəaliyyətinin qarşısını almaq üçün əməliyyatlar aparır. Əməliyyat zamanı terrorçular xəstəxananın içindən hərbçilərə atəş açıb. Qoşunlar hadisə yerindən atəşə cavab verib və zərbələr qeydə alınıb. Qoşunlarımız xəstəxananın ərazisində əməliyyatlarını davam etdirir”, - deyə məlumatda vurğulanıb.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağının Rəfah şəhərində hərbi əməliyyat keçirmək planını təsdiqləyib. Baş nazir ölkənin geri çəkilmək fikrində olmadığını və Rəfahda quru əməliyyatı keçirməyi planlaşdırdığını da bildirib. Netanyahu əlavə edib ki, HƏMAS israilliləri girov saxladığı üçün Ramazan ayında atəşkəs olmayacaq.

Müəllif: Ayna.az