“İsrail geri addım atana qədər Türkiyə dayanmayacaq” – <font color=red> ARSLANBAŞ</font>

Dünya

19.05.2021 - 15:10

“Tel-Əviv beynəlxalq ictimaiyyətdən ciddi təpkilər görsəydi, bu cür qəddar və amansız hücumlara yol verməzdi”

 

İsraillə Fələstin arasında münaqişə dərinləşir. Dünya liderləri tərəfləri təmkinli olmağa və sakitliyə çağırsa da, insanlar bu müharibənin qurbanına çevrilməkdə davam edir. BMT rəsmiləri isə hadisələrin “tammiqyaslı müharibə həddinə çatdığını” bildirirlər.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstini açıq şəkildə dəstəkləyən bəyanatla çıxış edib. Deyib ki, rəsmi Ankaranın bu məsələ ilə bağlı tamamilə prinsipial mövqeyi var.

 

Türkiyə lideri beynəlxalq ictimaiyyəti Qüdsdə baş verənlərlə bağlı təcili addımlar atmağa çağırıb: “Dünya birliyinin bu məsələyə biganə qalmasından dərin təəssüf hissi keçiririk. Susanlar, İsrailin tökdüyü qanı və ya hörmətsizliyi açıq şəkildə dəstəkləyənlər bir gün onların növbəsinin gələcəyini bilməlidirlər. İsrailin Fələstinə, xüsusən də Qüdsə təcavüzünü dərhal dayandırmasaq, sabah hamı bu qəddarlığın hədəfində olacaq. Bütün dünya məhəl qoymasa da, biz İsrailin zülmünə göz yummayacağıq”.

 

Türkiyənin İsrail-Fələtin münaqişəsi ilə bağlı tutduğu prinsipial mövqe dünya gündəmini məşğul edən əsas mövzulardandır. Bəzi ekspertlər belə hesab edirlər ki, Ərdoğanın məlum açıqlaması Türkiyə-İsrail münasibətlərinin yenidən gərginləşməsinə səbəb olacaq.

 

Bəs, görəsən Türkiyənin məlum mövqeyi hansı nəticələrə gətirib çıxaracaq? Türkiyə bu prosesdə nə kimi fayda və fəsadlarla qarşılaşa bilər?

No description available.

Şimali Kipr Türk Cümhuriyyətinin Kıbrıs Elm Universitetinin təsisçisi, ABŞ-ın nüfuzlu Yel Universitetinin məzunu və 2008-ci il prezident seçkilərində Barak Obamanın seçki qərargahının üzvü olmuş Selman Arslanbaş AYNA-ya şərhində deyib ki, İsrailin Fələstinə qarşı işçğalçılıq siyasəti yeni mövzu deyil: “Uzun müddətdir ki, Böyük Yaxın Şərq layihəsinin tərkib hissəsi olaraq İsrail məqsədli şəkildə Fələstin torpaqlarını işğal edir. Xüsusilə Donald Trampın ABŞ rəhbərliyinə gətirilməsindən sonra bu siyasət daha açıq müstəviyə keçdi. Trampın İsrail səfirliyi ilə bağlı məlum qərarı və ABŞ diplomatik korpusunu Tel-Əvivə daşıması onlara ikinci nəfəs verdi”.

 

Həmsöhbətimizin sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra İsrail 200 milyonluq ərəb dünyasını iqtisadiyyatı, texnologiyası, şiddəti ilə susdurmağa çalışır: “Bu siyasət 70 ilə yaxındır ki, davam edir. Son günlər İsrailin məscidləri, uşaqları, qadınları və qocaları hədəf seçməsi münaqişənin alovlanmasına səbəb oldu. Buna qədər isə onlar günahsız adamları zorla öz evlərindən çıxarmağa çalışırdılar. İnsanların mülkiyyət hüquqlarına əl uzadırdılar”.

 

“Bu gün regionda nə Suriya, nə də İraq artıq güclü dövlətdir və hər iki ölkə sadəcə öz mövcudluğunu qorumağa çalışır. Belə bir vəziyyətdə İsrail yaranmış vəziyyətdən öz xeyrinə istifadə etmək, faktiki olaraq regionda əsas güc mərkəzinə çevrilmək niyyətindədir. İqtisadi imkanlar, hərbi sənaye və digər sahələrdə üstünlüyü artırmaq istəyir və buna nail olmaq üçün zora ələ atmaqdan da çəkinmir”, - deyə Arslanbaş bildirib.

 

Onun fikrincə, son hadisələr də buna əyani misaldır: “Qoca, qadın, uşaq demədən qarşısına çıxan hər kəsi şiddətə məruz qoyur. Lakin hesab etmirəm ki, İsrail öz məqsədlərinə nail ola biləcək. Yaxın günlərdə ABŞ-ın, Qərb və ərəb dövlətlərinin, o cümlədən bölgədə güc sahibinə çevrilən Türkiyənin, Rusiyanın, Azərbaycanın və digər ölkələrin müdaxiləsi nəticəsində müharibənin bitəcəyi, ortaq nöqtənin tapılacağı gözlənilir. Yəqin ki, bundan sonra münaqişə yenidən sakit mərhələyə qədəm qoyacaq. Lakin zaman-zaman yenidən alovlanacağı, növbəti müharibə fazalarına keçəcəyi də istisna olunmur”.

 

Türkiyənin münaqişədə rolundan danışan ekspertin sözlərinə görə, istənilən ölkə, o cümlədən Türkiyə İsrailə qarşı öz etirazını bildirməliydi: “Çünki söhbət bir xalqa qarşı ağır şiddətdən gedir. O şiddətdən ki, günahsız insanlar, qocalar, uşaqlar, qadınlar bunun qurbanına çevrilir. İnsanların dini inancları təhqir edilir. Məscidlərə qarşı hörmətsizlik heç bir halda cavabsız qala bilməzdi. Həm də bu mənada Türkiyənin mövqeyi tamamilə haqlıdır. Baxmayaraq ki, Türkiyədə koronavirus səbəbindən küçəyə çıxmaq qadağası var, insanlar hər şeyi, sağlamlıqlarını da riskə ataraq, Fələstin üçün ayağa qalxdılar. Səfirliklərin önündə aksiyalar baş tutdu, izdihamlı mitinqlər keçirildi. Türkiyə xalqı faktiki olaraq olayın içindədir, sosial media trendi məhz bu hadisələrdir. Türkiyə iqtidarının da türk xalqı ilə həmrəylik nümayiş etdirməsi, beynəlxalq birliyi İsrailə qarşı sərt mövqe bildirməyə səsləməsi təqdirəlayiq addımdır”.

 

“Türkiyənin xaricİ işlər naziri Mövlud Çavuşoğlunun münaqişə ilə bağlı Səudiyyə Ərəbistanı və digər ölkələrə səfərləri də bu qəbildəndir. İsrail geri addım atana qədər Türkiyə mübarizəni davam etdirəcək. BMT-nin, dünya birliyinin hərəkətə keçməsi üçün bütün mümkün addımlardan istifadə edəcək. ABŞ və Avropa Birliyinin susqunluq nümayiş etdirməsi, səssiz qalması heç bir halda başadüşülən deyil. İsrail beynəlxalq ictimaiyyətdən ciddi təpkilər görsəydi, bu cür qəddar və amansız hücumlara yol verməzdi”, – deyə müsahibimiz vurğulayıb.

 

Selman Arslanbaş qeyd edib ki, hazırda Türkiyə bu prosesin önündə gedir: “Faktiki olaraq İsraili qınamaq kampaniyasının önündə Türkiyə gedir və bu həm də beynəlxalq birliyə bir mesajdır. Sağlam dialoq platformasının qurulması, münaqişənin danışıqlar müstəvisinə keçməsi labüddür və bu xüsusda Türkiyənin fəaliyyəti nəinki onun ziyanınına, əksinə xeyrindədir. Reallıq ondan ibarətdir ki, Türkiyə bu gün mühüm dövlətdir və onun missiyasıdır ki, dünyada sülhün, ədalətin bərqərar olmasına öz töhfəsini versin”.

Müəllif: Azər Niftiyev