İsmayıl Şıxlının cəbhə gündəliyi və "Cəbhə yolları – 25 il sonra..."

Mədəniyyət

09.05.2020 - 18:36

AYNA kulis.az-a istinadən Reyhan Yusifqızının İsmayıl Şıxlının cəbhə gündəlikləri əsasında qələmə aldığı "Cəbhə yolları – 25 il sonra..." yazısını təqdim edir.


Elə bil heç nə dəyişməmişdi. Hər şey o uzaq illərdə olduğu kimi idi...

 

Qatar qərbə doğru irəliləyirdi. Dan yeri yenicə ağarırdı. Uzaqdan Xəzərin suları parıldayırdı. Odda közərdilmiş kimi qıpqırmızı yanan günəş elə bil dənizin içindən çıxırdı...

 

O, çiynini şüşəyə dirəyib sürətlə bir-birini əvəz edən mənzərələrə baxırdı. Budur, qalın qala divarları dənizə qədər uzanıb gedən qədim şəhər - Dərbənd! Azərbaycan xalq nağıllarında adını çox eşitdiyi “Dəmir qapı” Dərbənd. Bu şəhəri ilk dəfə o vaxtlar – 1942-ci ilin payızında görmüşdü. Cəmi iyirmi yaşı vardı.

 

...Almanlar Mozdok ətrafına qədər gəlmişdilər. Cəbhəni yarmaq, Azərbaycana soxulmaq, xüsusən Bakını, Bakı neftini ələ keçirmək istəyirdilər. Onların qarşısını kəsmək üçün Dərbənd qalası yaxınlığında, yolların birləşdiyi dar keçiddə müdafiə xətti yaradıldı: səngərlər qazıldı, tanklar əleyhinə geniş xəndəklər açıldı. Ağır toplar üçün yerlər, gizli atəş nöqtələri düzəltdilər, beton qazmalar, pulemyot nöqtələri tikdilər. Bütün bu işlər şəhərin atılmış, demək olar ki, başlı-başına qalmış üzümlüklər və meyvə bağlarının yaxınlığında görülürdü. Gündüzlər çənli-çiskinli şimal küləyinin, yağışın altında işləyir, geçələr yaş paltarda şalaşda yatırdılar. Soyuqdan yata bilmirdilər. Çoxu xəstələnmişdi. Şalaşların qarşısında ocaq qalayıb bir az isinməyə, paltarlarını qurutmağa çalışırdılar. Paltarlar oddan deşik-deşik olmuşdu...

 

Yolun kənarında ağ divara iri hərflərlə yazılmış şüar diqqətini cəlb etdi. “Xoşbəxt gələcəyə!” Ovuclarını şüşəyə dirəyib divarın ardınca uzun-uzadı baxdı. Komandirin tapşırığı ilə blindajların, üstü örtülü səngərlərin divarlarını ağardıb cürbəcür şüarlar yapışdırmışdılar vaxtilə: “Alman faşizminə ölüm!”, “İlanın başını əzin!”, “Vətən səni döyüşə çağırır, oğul!”

 

- Qardaş, çay içirsən? – Diksinib geri döndü. Vaqon bələdçisi idi.

 

- Necə?

 

- Deyirəm, bir çay verim.

 

- Hə, yaxşı olar, - onu xəyallardan qoparıb ayıran bu adama hirslənsinmi, təşəkküretsinmi, bilmədi.

 

Kupenin qapısını çəkib baxdı. Səhər yuxusu yarımçıq qalmış uşaqlar ikisi də bir-birinə qısılıb mışıl-mışıl yatırdılar. Dəcəl olduqlarından əsər-əlamət yox idi. Əlindəki kitabı dizinin üstünə qoyan xanımı nigaran nəzərlərini ona dikdi.

 

- Çay içirsən? – Pıçıltı ilə soruşdu.

 

- Yox. Sağ ol.

 

Sual dolu baxışlardan qaçmaq istəsə də mümkün olmadı.

 

- Yaxşıyam, narahat olma, - dedi.

 

Yalan danışa bilmirdi. Tələsik gözlərini yayındırıb kupenin qapısını ehmalca örtdü.

 

Bələdçinin kupesinə keçdi. Üzbəüz oturub çaydan bir qurtum aldı. Kupenin ağzında yaşlı qadın göründü. Rus idi. Keçdikləri yerlər haqqında sual verdi. Bələdçidən qabaq izah eləməkdən özünü saxlaya bilmədi.

 

-Buraları deyən yaxşı tanıyırsız.

 

- Müharibə vaxtı keçdiyim yollardır.

 

-Hansı hissədə olmusuz? Ad-familinizi bilmək olar?

 

Özünü təqdim elədi.

 

-Yaxşı familiniz var, - bələdçi müsahibinə diqqətlə baxdı, - General Əliağa Şıxlinskiyə qohumluğunuz çatır?

 

-Bəli, qohumuq.

 

-Bir az da rus familinə oxşayır...

 

Gülümsədi.

 

...Hissəyə təzə komandir gəlmişdi. Leytenant idi. Tanış olmaq üçün siyahı ilə adları oxuyurdu. Onun familinə çatanda təəccüb eləmişdi:

 

- Nə millətisən?

 

- Azərbaycanlı.

 

- Bəs familin niyə belədir? Şıxlinskidir?

 

Əsgərlər zarafatla:

 

-Yoldaş leytenant, o rusdur, - demişdilər.

 

-Bəs rus dilini niyə pis bilirsən?

 

- Babalarım rus olub, - zarafatı davam etdirməli olmuş, komandiri inandırmışdı...

 

25 il keçsə də sözünün üstündə durub bələdçini qəsdən dolandırdı:

 

-Həm də ki bir tərəfim rusdur...

 

- Heç oxşamırsan, - bələdçi gözlərini döydü, - rusca da pis danışırsan.

 

-Hə, bax o heç düzəlmədi. Hələ də rusca təmiz danışmağı öyrənmədim, - gülümsündü.

 

Kupelərinin qarşısındakı dar dəhlizə qayıtdı. Bayaqkı rus qadını bir az aralıda dəhlizdə dayanmışdı. Əllərini qoynuna qoyub o da pəncərədən uzaqları seyr edirdi. Bir-iki dəfə dönüb baxandan sonra nədənsə şübhələnib soruşdu:

 

-Siz də müharibə iştirakçısısız?

 

-Bəli! – Qürurla cavab verdi.

 

- Ərim müharibə vaxtı buralarda olub, - ah çəkdi.

 

Ürəyi çırpındı. “Kimdi?”, “Adı nədir?”, “Sağdırmı?” – soruşmaq istədi. Cürət eləmədi. Bu mövzularda ehtiyatlı olmağı adət etmişdi. Qadın sanki onun ürəyindən keçənləri oxudu.

 

-Qayıtmadı, - əlavə etdi.

 

...1943-cü ilin yanvarı idi. Müharibənin fırtınası onu on doqquzuncu əlahiddə ponton batalyonuna salmışdı. Bu batalyon Şimali Qafqazda, Terek çayı ətrafındakı döyüşlərdə olub böyük tələfat verəndən sonra Qara dəniz sahillərinə geri çəkilmişdi. Sıralarını bərpa edib qısa təlim keçəndən sonra yenə ön cəbhəyə yollanmışdılar. Çaylarda ponton-körpü salıb desant keçirirdilər. Qarda-çovğunda, yol-iz olmayan soyuq meşələrdə işləyirdilər. Bəzən 50-60 km yolu piyada gedərək dincəlmədən yol salır, körpü tikirdilər.

 

Şabanovka kəndi yaxınlığında meşədə soyuqdan donub ölmüş bir əsgərə rast gəldilər. O, uca ağacın dibində, qarın içində oturmuşdu. Şinelinin yaxası açıq idi. Kürəyini ağacın gövdəsinə söykəmişdi. Yaralı qolu boynundan asılmış, kətandakı qan ləkələri qaralmışdı. Başını arxaya atmışdı. Şüşə kimi parıldayan mavi gözləri açıq idi, çənəsi də azca aralanmışdı. Elə bil ölməmişdi, yarasının ağrısından qovrulub gözlərini göyə zilləmişdi. Qaşları, kirpikləri sırsıra bağlamışdı. Üzünü tük basmışdı. Sən demə, ölünün saqqalı, dırnaqları uzanırmış...

 

O zaman olduğu kimi indi də hönkürmək istədi. İstədi var səsi ilə bağırsın: “Axı niyə belə oldu, niyə? Niyə anaların gözü yollarda qaldı, niyə? Niyə hələ üzünə ülgüc dəyməmiş, həyatın acısını, şirnisini dadmamış cavanlar qırıldı, niyə? Niyə sevgililər nakam, gəlinlər dul qaldılar niyə?”

 

Kupenin qapısı açıldı. Oğlanları hay-küylə üstünə cumdular.

 

- Sakit, səs salmayın. – Onları qucaqladı. Yaşca böyük olan ciddiləşdi:

 

-Anam deyir ki, sən müharibə vaxtı bu yerlərdə olmusan. Göstər də, harada?

 

Gülümsədi:

 

-Biz bu yollarla hərəkət edib Qara dənizə doğru getmişik.

 

-Sən faşist öldürmüsən?

 

Hər ikisi diqqətlə baxırdı, cavab gözləyirdilər. Nə deyəcəyini götür-qoy elədi.

 

-Biz onları qovmuşuq.

 

-Hara?

 

-Haradan gəlmişdilərsə, ora. Almaniyaya.

 

... O gecə yuxuda donmuş əsgəri gördü. Gördü ki, onun şüşə kimi parıldayan gözləri tərpəndi, şaxtadan gömgöy göyərmiş dodaqları hərəkətə gəldi. Məzəmmətlə dedi ki, niyə vahimələndin? Axı mən də sənin kimi bir oğlan idim. Niyə məndən qaçırsan? Məni qarın içində qoyub niyə getdin? Sən də mənim günümə düşə bilərsən, unutma. Heç olmasa əlini cibimə salaydın, sənədlərimi götürəydin, kimliyimi öyrənəydin. Qorxaqsan. Barı məni götürüb basdıraydın, axı hava soyuqdur, üşüyürəm. Meşədə tək qalacam, bəs qurd-quş məni yeməzmi?

 

Yerində dik atıldı. Dostu, silahdaşı Novruz da ayıldı, onu sakitləşdirməyə çalışıb: “Bundan sonra o qədər ölü görəcəksən ki”, - dedi. Qulaq asmadı. Beli götürüb meyid söykənən ağacın yanına qayıtdı. Gecə olsa da hər şey aydın görünürdü. Həm ağacların arasında əsgərlərin yandırdığı ocaqlar, həm də qar ətrafı işıqlandırmışdı. Ölmüş əsgərin köynəyinin cib düyməsini güclə açdı. Sənədlərini götürdü. Qarı təmizləyib ağacın dibindəcə yeri qazmağa başladı... Birdən arxada hənirti duydu. Diksindi. Çevriləndə yoldaşlarını gördü: Novruz, Məmməd, Çerkasov. Köməyə gəlmişdilər...

 

Xanımı çağırdı. Balaca bir yemək stolu hazırlamışdı. Kupeyə keçdilər. Ailəsi ilə birlikdə olmaq, danışmaq, gülmək ona yüngüllük, rahatlıq gətirdi.

 

Qatar növbəti stansiyada dayandı. Bura kiçik bir qəsəbə idi.

 

-Aşağı düşürəm. Nə lazımdır?

 

Uşaqlar səs-səsə verdilər:

 

-Biz də! Biz də gedirik!

 

- Ananı tək qoymaq olmaz. Kupedə qalıb pəncərədən mənə əl eləyəcəksiniz.

 

Qalxıb vaqondan endi.

 

Perronda adamlar gəzişir, yaşlı rus qadınları mer-meyvə satırdılar. Bir az aralıda deyib-gülən bir dəstə cavan qız diqqətini cəlb elədi.

 

...Qatardan hospital boşaldırdılar. Səs-küy aləmi götürmüşdü. Beş-on kişidən başqa qatardakıların hamısı qız idi, ara vermədən çığırışırdılar. Amma yaman qoçaq idilər. Qatarı boşaldan kimi işə girişdilər. Kimisi bel götürdü, kimisi kürək. Tibb çadırları qurmaq üçün yer qazdılar. Çadırlar hazır olandan sonra çarpayıları daşıyıb yan-yana düzdülər. Ortaya dəmir peçlər qoyuldu. Hər tərəfi silib-süpürdülər. Bu qızların hamısı təp-təzə gül kimi idi. Müharibə onları evlərindən ayırmışdı. Çoxunun hələ ana nəvazişinə ehtiyacı vardı, oxşanmaq və oxşamaq vaxtları idi. Amma nə edəsən ki, onları bu səadətdən məhrum etmişdilər.

 

...Böyrünə qısılmış Veranın saçlarından bahar ətri gəlirdi. Bahar küləkləri sanki çöllərin ətir-qoxusunu dəniz havasına qataraq onun saçına səpmişdi. Yumşaq, şabalıdı rəngli təzətər saçına! Onun köynəyinin sol tərəfdəki cib düyməsi astaca titrəyirdi.

 

Müharibədə görüş də, ayrılıq da bir anın içində olur. Tez tapışır, tez də ayrılırsan. Bəzən bu ayrılıq əbədi olur...

 

Qızların yanından ötüb qəzet köşkünə yaxınlaşdı.

 

Müharibə illərində bu qəsəbə və kəndlərdə başıpapaqlı, demək olar ki, yox idi. Hamısı müharibədəydi, ya da həlak olmuşdu. Ancaq qadınlar qalmışdılar: qoca, cavan, gəlin, qız. Onlar kişi üzü gördükdə sevinirdilər, az qalırdılar ki, atılıb-düşsünlər. İndi isə vəziyyət dəyişmişdi. Ona fikir verən yox idi.

 

Uşaqlar üçün meyvə və su da alıb vaqona minməyə tələsdi.

 

Yol boyu fikirli idi. Bu səfərə çıxanda müharubə vaxtı keçdiyi yolları keçəcəyini, cəbhə xatirələrinin oyanacağını bilirdi, hətta özü qəsdən bu yolu seçmiş, illər sonra buraları bir də görmək istəmişdi. Amma xatirələrin bu qədər ağrılı, kövrək olacağını, ürəyini titrədəcəyini təxmin etməmişdi. Yox, peşman deyildi. O günləri də unutmaq istəmirdi. Bu, cəbhədə itirdiyi dostlarına, cəbhə yoldaşlarına qarşı haqsızlıq olardı.

 

...Əvvəlcə şəhərin üstünə fənərlər asdılar. Paraşütdə yanan, uzun müddət sönməyən və göyün üzündə asılı qalan bu fənərlər hər yeri işığa qərq etdi. Şəhər gündüz kimi oldu. Almanlar bu fənərləri asdılar ki, hər yeri görsünlər və bombaları dəqiq hədəfin üstünə atsınlar. Sonra təyyarələrin boğuq uğultusu eşidildi. Şəhərin üstündə uçan bombardmançı təyyarələr azacıq sonra bombalarını tökməyə başladı. Orda-burda partlayış oldu. Bizim zenitlər cavab verdi. Projektorlar göyün üzünü çalın-çarpaz doğradılar. Təyyarələrə doğru işıqlı güllələr uçmağa başladı. Aləm bir-birinə dəydi, camaat evlərdən qaçıb bayıra töküldü. Hərə bir yanda gizlənməyə çalışdı. Uşaq ağlaması, arvad qışqırtısı bir-birinə qarışdı...

 

Hövlnak yuxudan ayıldı. Təkərlərin ahəngdar taqqıltısı, teplovozun kəsik fit səsi onu tezcə reallığa qaytardı. Çoxdandı belə yuxular görmürdü. Pərdəni çəkib şüşədən baxdı. İşıqlaşırdı. Bağ-bağatlı, kiçik həyəti olan rus evləri görünürdü. Alçaq hasarlardan birinə xoruz dırmaşmışdı.

 

...Cəbhənin də öz qəribə qaydaları var. Səhərə yaxın heç kəs atəş açmır. Pulemyot taqqıltıları kəsir, fişənglər parıldamır. Elə bil səngərlərdə üz-üzə dayanıb bir-birini güdən insanlar bir an nəfəslərini dərib günəşin çıxmasına mane olmaq istəmirlər. İstəmirlər ki, günəşi diksindirsinlər, onu hürkütsünlər. O səhər də elə oldu. Bir anlığa hər yerə sükut çökdü. Birdən, gözlənilmədiyi halda bu sükutu qəribə bir səs pozdu, xoruz səsi. Lap yaxında, bostanın o üzündə bir xoruz banlayırdı. Odun-alovun içində tək qalmış, insanlardan hürküb haradasa gizlənmiş bir xoruz! Hamı pərişan oldu. Hətta alman səngərləri də susmuşdu. Xoruz elə bil hamını əfsunlamışdı. Od-alov içinə girib meydan oxuyur, qanadını çırpıb hey banlayırdı. Elə bil “ey insanlar, bəsdir bir-birinizi qırdınız, ağlınız olsun”, ‒ deyirdi. Amma birdən pulemyot şaqqıldadı. Xoruzun banlaması yarımçıq qaldı, bircə an sükut oldu. Pulemyotlar səs-səsə verdi, minasaçanlar uladı, minlərlə top guruldadı və aləm bir-birinə qarışdı. Yer ayaqlar altında qızdırmalı kimi titrəyib ləngərlədi...

 

O, saatına baxdı. “Az qalıb”, - pıçıldadı. Əyilib oğlunun üstünü örtdü. Pəncərə pərdəsini kənara yaxşı çəkdi. Elə bil nəyəsə hazırlaşırdı.

 

...1943-cü ilin mayı da gəldi. May bayramı münasibətilə bizim dəstələrin hücumu başlanırdı. Bütün cəbhə hərəkətdə idi. Pontonçuların rotası buz bağlamış dağ çayı ilə hərəkət edirdi. Min bir əziyyətlə günlərlə yol gedib Kuban çayına çıxdılar. Kuban sahillərindən faşistləri geri oturtmaq üçün desant əməliyyatı davam edirdi. İlk dəstələr sahilə çıxarılmışdı. İndi arxadan kömək aparmalıydılar. Axmazlarda, qamışlıqda pontonlar, qayıqlar qaynaşırdı. Kuban sahilindəki dambalarda - bəndlərdə yerləşən topçular onları qoruyur, başlarının üstündən düşmən sahilinə atəş açırdılar. Faşistlər də cavab verirdi. Səs-küy, mərmi vıyıltısı, şaqqıltı, pulemyot taqqıltıları bir-birinə qarışmışdı. Adama elə gəlirdi ki, mərmilər göydə toqquşur, baş-başa gəlib partlayır. Pontonçular isə on-on beş kilometr məsafəni qət edib desant aparır, onları düşmən sahilinə boşaldır, sonra geri qayıdıb təzə dəstə götürür, yenidən od-alov içində irəliləyirdilər. Əllərinin qabar olması, aclıq, susuzluq yaddan çıxmışdı.

 

Pontonların sayı azalırdı. Hər dəfə geri qayıdanda, bir-iki qayıq batıb məhv olurdu - tələfat verirdilər. Faşistlər sahildə, quru yerdə, təpəliklərdə oturmuşdular. Özlərinə yaxşıca səngər qazmış, blindajlar tikmiş və pulemyot mazğalları düzəltmişdilər. Bizimkiləri sahilə çatan kimi biçib-tökürdülər. Amma dayanmaq olmazdı. Onlar qamışlıqda, gölməçələrdə qırılsalar da hey irəliləyirdilər...

 

-Taman şəhəri! – Bələdçinin səsi onu diksindirdi. Ürəyi bərk-bərk çırpındı.

 

Lermontovun təsvir etdiyi, dəniz sahilinə sərilmiş sehrli-sirli Taman! Qanlı döyüşlərin şahidi Taman!

 

...1943-cü ilin oktyabrı idi. Almanlar geri çəkildikcə, cəbhə boyu yolları minalamışdılar. Hər yerə tikanlı məftillər çəkilmişdi. Elə bir yer yox idi ki, uçurub dağıtmasınlar. Balaca keçidləri də partlatmışdılar. Yolları, keçidləri minalardan təmizləyib, tikanlı məftilləri doğramaq lazım idi. Elə etməliydilər ki, qoşunların Kerç boğazına tərəf hərəkəti ləngiməsin.

 

Şəhərlər, kəndlər azad edərək, dərə-təpələr aşaraq, üzüm bağlarının yanından ötərək, sinəsi çalın-çarpaz doğranmış səngərli əkinlərin yanından keçərək, nəhayət Taman şəhərinə çatdılar. Əslində bura şəhərdən çox ucu-bucağı görünməyən, bağlı-bağatlı bir kəndi xatırladırdı. Evlər yarğanların qaşı boyu səpələnib uzanır, sağa-sola genişlənib düzənliyə yayılır. Tamanla üzbəüz Kerç şəhəri yerləşib. Burada Kerç boğazının eni iyirmi kilometrə qədərdir. Qara dənizin suları Kerç boğazından keçib Azovun sularına qovuşur. Əldən-ələ keçən bu boğazın sularında on minlərlə adam əbədi yuxuya gedib. Hələ 1941-ci ildəki qanlı döyüşlərdə burada çoxlu azərbaycanlı həlak olmuşdu. Sular, sular, qanlı sular!

 

Sahil minalanmışdı. Minaaxtaranları götürdülər. Yenə Novruz hamıdan qabağa düşdü.

 

“ – Mənə nə var, yetim oğlanam, dalımca ağlayanım yoxdur.

 

-Ehtiyatlı ol, minyor ömründə bircə dəfə səhv edir.

 

-Yanılırsan, iki dəfə. Birinci dəfə onda səhv edir ki, minyor olur”.

 

O gün Novruz ikinci səhvini elədi... Silahdaşları onu öz əllərilə yarğanın qaşında, hündür

 

bir yerdə, saralmış payız otlarının dalğalandığı, dəniz mehinin sığal çəkdiyi düzənlikdə torpağa tapşırdılar...

 

Kimsəni oyatmamaq üçün sakitcə geyinib dəhlizə çıxdı. Rus qadını da dəhlizdə idi. Yaşlı gözlərini döndərib salamlaşdı.

 

-Son məktubunu bu şəhərdən yazıb. Bura qədər sağ imiş... Taman şəhəri onun məzarıdır.

 

Çox böyük bir məzarlıq... – dedi.

 

Hündür, sarışın oğlan ona yaxınlaşıb boynunu qucaqladı. İçəri, kupeyə apardı.

 

Kerç boğazına yaxınlaşanda qatar sürətini azaltmağa başladı. Boğazı bərə ilə keçəcəkdilər. Vaqonları bərəyə yükləyib o üzə keçirməli, sonra yolu davam etməli idilər.

 

.. Taman yarımadası düşməndən təmizlənmişdi. Faşistlər indi Krımda idilər. Arada Kerç boğazı vardı. Dəniz suları yolu kəsmişdi. Bu dəfə onlar mütləq bu suyu keçməliydilər. Dərhal desant əməliyyatına hazırlıq başladı.

 

Yeni körpü salmaq üçün sahilə maşınlarla taxtalar gətirdilər, ucu şişlənmiş və dəmir başmaq keçirilmiş dirəklər tökdülər. Suyun içində dirək çalmağa başladılar. Hər dirəyin başında dörd nəfər işləyirdi. Əllərində “baba” deyilən dördqulplu ağır bir kötüyü qaldırıb zərblə vurur və dirəyi suya çalırdılar. Sahili taqqıltı götürmüşdü. Su soyuq idi. Yağışlı, sazaqlı külək adamın iliyinə işləyir, onlarsa durmadan dirək çalırdılar. Elə bu vaxt başlarının üstündən vıyıltı ilə keçən mərmilər sahil yarğanlarının dibində partladı. Çarpanalar vıyıltı ilə ətrafa səpələndi. Sonra mərmilər suya düşdü, dəniz poqquldayıb qaynamağa başladı. Göyə sovrulan su sütunları şırıltı ilə üstlərinə töküldü. Amma işi dayandırmaq olmazdı. Artıq bir neçə dirək çalınmışdı. Birinci dəfə deyildi ki, bu cür atəş altında çox işləmişdilər.

 

Qəflətən fışıltı eşidildi və gözlərini açmamış mərmi düz yanlarında, suyun içində partladı. Partlayışın dalğası onları dirəyin başından götürüb göyə qaldırdı və dənizə çırpdı. Havaya sovrulan su ilə birlikdə dənizin dibinə getdilər...

 

Birdən Kerçin bulanıq suları içindən qalxan cürüməkdə olan dirəkləri gördü. Həmin dirəkləri! Yoldaşları ilə bərabər çaldığı dirəkləri! Düşmən atəşi altında quraşdırdıqları panton körpülərinin qalıqlarını! Yetim kimi məlul-məlul sulardan boylanıb qalmışdılar. Heç kimə lazım deyildilər. Qəlbi az qala çırpınıb yerindən çıxacaqdı. Vaqonun qapısına tərəf keçdi. Bələdçiyə fikir vermədən bərənin üstünə addım-addım keçən vaqondan özünü çölə atdı. Donmuş kimi dayanıb bir xeyli dirəklərə baxdı. Qatar uzaqlaşsa da, o, yerindən qımıldanmırdı, sanki haradasa uzaqlardaydı.

 

...Nəhayət, sulara dirəklər çalındı, “proqon”, “nastil” döşəndi, körpülər tikilib qurtardı. Oktyabrın 31-də axşam qaranlıq qarışanda gəmilər yola düşdü.

 

Dünyada desant əməliyyatından çətin şey yoxdur. Düşmən sahildə, səngərində sakitcə dayanır, əli tüfəngin, pulemyotun tətiyində səni gözləyir. Projektorlar suları çalın-çarpaz doğrayır, hər şey gün işığındaymış kimi görünür. Sən isə gəmidə, qayıqda, motobotlarda sakitcə nəfəsini içəri salıb irəliləyirsən. Sahildə səni nələr gözlədiyini bilmirsən. Birdən düşmən səni görür, üstünə güllələr yağır, projektor işığına düşürsən, sağında, solunda mərmilər partlayır, su şırnaqları üstünə tökülür, qayıqlar zədələnir, sahilə çatmamış silahını da götürüb özünü suya atırsan. Boğulan boğulur, salamat qalanlar isə sürünüb sahilə çıxır. Burada da gərək od-alov altında minalanmış sahədən özünə yol açasan, tikanlı məftilləri kəsəsən. Bura kimi sağ-salamat gəlib çıxmısansa, sonra düşmənlə əlbəyaxa vuruşmalısan. Onu geri oturdub bir balaca torpaq ələ keçirməlisən ki, arxadan gələnlər sahilə tökülə bilsinlər. Topları daşıyıb gətirsinlər, qüvvələr güclənsin və düşməni sıxışdırıb geri oturda biləsən. Düşmən isə buna imkan vermir. Çətindir, çox çətin!

 

Səhərə yaxın dənizdə qaraltılar göründü. Axşam yola düşən katerlərin bir hissəsi qayıdıb gəlirdi. Körpülərə yan aldılar. Çoxlu yaralı gətirmişdilər. Əməliyyat uğursuz olmuşdu. Çoxlu tələfat var idi.

 

Xüsusilə, Eltigenə keçirilən desantın vəziyyəti ağır olmuşdu. Onlar mühasirəyə düşmüş, Kerç yarımadasına keçirilən başqa desant qrupları ilə birləşə bilməmişdilər. Günlər sonra on minə yaxın adamdan cəmi üç-dörd yüz nəfər mühasirədən qurtarıb salamat qala bildi!

 

Sonra çiskinli yağışlar başladı. Sanki təbiət də ağlayırdı. Dəniz günlərlə uğuldadı. Dalğalar qabarıb dənizin ənginliklərindən bir-birini qova-qova sahilə cumurdular. Dalğalar suda boğulmuş əsgərlərin, matrosların cəsədlərini sahilə atır, addımbaşı insan meyidinə rast gəlmək olurdu. Dünənə qədər canlı olan, arzu və istəklərlə yaşayan nə qədər insan, düşünən beyin puç olub getmişdi. Kim bilir onları vətənlərində kimlər gözləyirdi? Onların ata-anaları, sevgililəri həsrətlə yollara boylanır, gözləri yollarda qalıb. Bu yazıqlar isə bu sahildə yatırlar. Ax, müharibə!
in yazı da gəldi. Bu aylar ərzində gecə-gündüz Kerç boğazında iş getmişdi. Boğazı keçmək üçün yeni desant əməliyyatı aparılacaqdı. Növbəti dəfə.

 

Onlar yatmırdılar. Yarımadanı və keçidi burula-burula havaya qalxan ağ, qalın tüstü zolaqlarına bürüyür, tüstü dumanında gizlənib Krım tərəfə qoşun, ərzaq və hərbi sursat keçirirdilər.

 

Aprel günlərindən birində səhər tezdən şiddətli top atəşi başlandı. Bizimkilər əllərində olan hər yerdən, gəmilərdən, katerlərdən güllələr yağdırdılar. Təyyarələr havanı bulud kimi bürüdü. Onların qatarlaşıb düşmən üzərinə necə yürüdüyünü, necə şığıyıb səngərlərə bomba tökdüyünü, pulemyot atəşinə başladıqlarını elə dənizin ortasındaca görürdülər. Yer-göy titrəyir, dəniz çalxalanırdı.

 

Əvvəl piyadaları, yüngül topları, sursat daşıyan maşınları sulardan keçirdilər. Sonra tankları paromlara yükləyib o biri sahilə daşımağa başladılar. Tankları “Katyuşalar” əvəz etdi, “Katyuşalar”ı zenit topları, zenit toplarını ağır minomyotlar... Dalğa-dalğa, axın-axın, sel kimi... Bu selin qabağını heç nə saxlaya bilməzdi.

 

Axşama yaxın dənizin üzərindəki tüstü layları çəkildi, göyün üzü tərtəmiz oldu. Artıq Kerç boğazı və ümumən Kerç alınmışdı, qoşunlarımız Krımın içərilərinə doğru irəliləyirdilər. İndi dənizdə açıq-aşkar üzmək olardı. İnsanların sevinci hədsizdi. Görəsən dünyada qələbədən, azadlıqdan gözəl nə var?!...

 

- Ata! Ata! – Oğlunun səsini eşitmirdi. – Ata!!! – Uşağın həyəcanla dolu çığırtısı suların üstünə yayılanda çevrilib baxdı. Geri dönəndə heç özündə deyildi. Həyat yoldaşı onun üzünə, dərin, nəm gözlərinə baxıb uşaqları kupeyə apardı və sonra sakitcə onun qoluna girdi. Bir xeyli elə dinməz-söyləməz pəncərənin önündə dayandılar.

 

... Dəstələrimiz Belarusiyadan, Litvadan keçib almanları öz sərhədlərindən o üzə qovdular. İrəliləyir, gecələr meşələrdə daldalanır, ocaq qırağında isinirdilər. Hər yerdə çoxlu mərmi çuxurları vardı. Torpaq eşim-eşim eşilmişdi. Ətrafa səpələnmiş insan cəsədlərinin sayı-hesabı yox idi. Maşınlar bu cəsədlərin arasından, üstündən keçib gedirdi. İnsan yoğrulub torpağa, palçığa qarışırdı. Artıq hər şeyə öyrəşmişdilər, olülər onlarda təxərrüş oyatmırdı. İnsan həyatı o qədər ucuzlaşmışdı ki. Fikir vermir, hey irəliləyirdilər.

 

Nəhayət, illərdən bəri arzuladıqları gün gəlib çatdı. 1944-cü il, noyabr ayının 24-də sərhədimizi keçərək düşmən torpağına – Şərqi Prussiyaya ayaq basdılar. Torpaqlarımızı ayaqlayan faşistlərin indi öz torpaqları ayaqlanmağa başladı.

 

1945-ci ilin baharı. Təbiət qış yuxusundan oyanır, yavaş-yavaş çöllər yaşıllaşır, quşlar oxumağa başlayırdı. Hər şey yaşamağa, al-yaşıl çəmənlərdə gəzib-dolaşmağa, nəğmələr məkanı olan pənbə dodaqları busələrə qərq etməyə çağırırdı. Lakin heyhat! Bu gözəl insani duyğuları yaşamaq əvəzinə onlar ölmək və öldürməklə məşğul idilər. Faciələr və göz yaşları ilə. O bir həşərat kimi yerlərdə süründükcə, barıt qazı ilə nəfəs aldıqca, eyni zamanda baharın gəldiyini hiss etdikcə kədərlənirdi.

 

Onlar müharibənin sonunu Friş-Qaf körfəzində, Baltik sularında qarşıladılar. O, katerlərin birində Moskva radiosunun “çağırışı”nı, Levitanın səsini eşitdi: “Faşist Almaniyası danışıqsız təslim oldu. May ayının doqquzu Qələbə günü elan edilir!!!”

 

Sevincdən ağlayırdılar. 50 milyondan çox insanın məhv olduğu qanlı müharibə bitmişdi. Bu müharibədə 300 mindən çox azərbaycanlı həlak olmuşdu...

 

Hər il Doqquz Mayı – Qələbə gününü bayram elədi. 1995-cu ildə sonuncu dəfə...

Müəllif: Ayna.az