Ömür nəğmələri

Mədəniyyət

18.09.2024 - 13:37

Həkimlər Klinikalar SEO Xidməti

Musiqi yalnız məhəbbətə uduzur

Yazı yazmaq üçün telefonda qeydlərimi axtaranda arxivdən bir səs, Anarın üslubu ilə desək, anamın "mətbəx xatirələrin"dən olan bir səs eşidirəm:

“Axşamlar mətbəxdə birgə qurduğumuz "filarmoniya saatı"larından biridir. Anam efirdə səslənən nəğməyə qoşulub sevgi ilə oxuyur: “O bir nəğmə olub getdi”...

Birini itirməyin ən ağrılı, eyni zamanda ən hüzurlu halıdır bu – "O bir nəğmə olub getdi".

Onu ruhən heç vaxt itirməməkdir əslində. Bir nəğmə kimi qəlbinizə hopub ömür boyu sizinlə bir olduğu üçün. Bəs nədir nəğmə? Nədir musiqi?

Dünyanın səkkizinci və sonsuz möcüzəsi. Bu möcüzəni daha dolğun şəkildə təsvir etməyim üçün yenə də anamın "mətbəx xatirələri" dadıma yetişir: "Musiqi həyatın əlifbasıdır"

"Uşaq vaxtı hərfləri görəndə onların necə bir araya gəlib sözlərə çevrilməsi mənə möcüzə kimi gəlirdi. Böyüdüm, bu möcüzənin əksini musiqidə tapdım. Necə də qəribədir? Hərfləri tanımayan uşağın təəccübü kimi notları tanımayanlar üçün də onların melodiyaya çevrilməsi möcüzədir. Ancaq bu möcüzəni hər kəs öz dilinə köçürüb bir əsərə çevirə bilmir”... (Anamın "mətbəx xatirələri"ndən qeydlər).

Onun xatirəsindən yola çıxaraq həyatın əlifbası olan musiqinin həm də ömrün fəsillərini bizimlə yazdığı bəstə də adlandırmaq olar əslində.

Ömrün ilk fəslində duyduğumuz ən saf sədası bizi həyat tamaşasının ilk səhnəsində yalnız qoymur - "Laylay" (bəstəkarlar: Şəfiqə Axundova; Fikrət Əmirov).

Ömrün növbəti fəslinin həm şıltaq, həm də parlaq dövründə - tələbəlik illərində də sehrli sədaları yenidən duyuruq - "Tələbə" (bəstəkar: Telman Hacıyev).

Ömrün gənclik fəslinə təsadüf edən çağların davamında da melodiyalar bizi izləyir - "Nə Bəxtiyardıq" (bəstəkar: İbrahim Topçubaşov).

Bəzi musiqilər isə ömrün yazından payızına şirin keçid yaradır - "Külək" (bəstəkar: Ələkbər Tağıyev).

Növbəti fəslə keçid də şirin xatirələrlə dolu olur-  "Mən sənin yanına qışda gəlirdim" (bəstəkar: Elza İbrahimova).

Bu şirin payız küləkləri və qış çiçəkləri arasında isə vüsala ümid edən hicran baş qaldırır - "Qəlbin payızı" (bəstəkar: Şahin Musaoğlu).

Və nəhayət, hicran öz yerini şirin intizara verəndə də sehirli səslər bizimlə olur - "Gözləməsin, neyləsin" (bəstəkar: Vasif Adıgözəlov, "Həyat bizi sınayır" filmindən).

Ancaq bəzən həmin fəsillərin keçidlərində duyğu fırtınasında yolunu dəyişib sevgini bir ömürlük itirənlər də olur - "Bir axşam taksidən..." (bəstəkar: Emin Sabitoğlu, "Gün keçdi" filmindən).

Sonuncu fəsildə isə geriyə sadəcə bir nəğmə qalır - "Əlvida" (bəstəkar: Oqtay Kazimi).

Yazını bitirməyə sonluq axtaranda atamın Puşkinlə bağlı danışığı yadıma düşür birdən. Puşkinin musiqi ilə bağlı maraqlı bir ifadəsini qeyd dəftərimdə yazdığım ağlıma gəlir: "Musiqi yalnız məhəbbətə uduzur. Amma məhəbbət özü də bir musiqidir".

Ömrün bütün fəsillərində bizi müşayiət edən bu sehrə həm də uduzmaq yaddır. Elə ona dost olan məhəbbət kimi. Səbəb isə sadədir. Onların hər ikisi dillərə deyil, ruhlara xitab edirlər deyə.

Yazını pozitiv notlarla bitirmək üçün ən son melodiya kimi Tofiq Quliyevin "Sevgi valsı"na müraciət edirəm. Siz isə bu harmoniyada xoşbəxt olmaq üçün dəyişən fəsillərdə ruhunuzu elə həmin valsa qaldıra bilənlə simfoniyada qalmağa cəhd edin.

Günel Natiqqızı,

AYNA üçün

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş