İşğaldan geriyə qalan acı miras: hələ də canımız gedir, qanımız axır

Aktual

28.07.2022 - 10:20

Onlar mülki və hərbi şəxs seçimi etmir, uşaqla böyüyü ayırmır, qadın-kişi tanımır

İyulun 26-da Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Vüqar İsbəndiyarov xəsarət alıb. Müdafiə Nazirliyindən verilən rəsmi açıqlamaya görə, N saylı hərbi hissənin komandiri, polkovnik Vüqar İsbəndiyarov dərhal hərbi tibb müəssisəsinə yerləşdirilib. Zabitin sol ayağı dizdən aşağı amputasiya olunub.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra işğaldan azad olunmuş ərazilərdə minalara düşmə nəticəsində onlarla Azərbaycan vətəndaşı həlak olub, 100-dən artıq insan isə ağır yaralanıb. Bu il insanların minaya düşməsi hadisələri əsasən Kəlbəcər rayonu ərazisində baş verib.

Xatırladaq ki, müharibə bitəndən bir neçə gün sonra Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) rəsmiləri işğaldan azad edilmiş ərazilərin tamamilə minalardan təmizlənməsi üçün azı 10-15 il müddətin lazım olduğunu açıqlamışdılar.

Hərbi ekspert Emin Həsənli AYNA-ya açıqlamasında deyib ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi istiqamətində ciddi addımlar atır: “Məlumdur ki, torpaqlarımız uzun müddət ərzində işğal altında olub və düşmən həmin ərazilərə çoxlu minalar basdırıb. Hansı ki, minaların basdırılması beynəlxalq qanunvericiliyə uyğun olaraq qadağandır. Sonradan Ermənistan tərəfi minaların xəritəsini Azərbaycan tərəfinə təqdim etsə də, bu xəritə tam reallığı əks etdirməyib”.

“Nəzərə almaq lazımdır ki, bu gün dünyanın 78 ölkəsi minalarla çirklənib və hər il 15 milyon insan bu partlayıcı qurğuların partlaması nəticəsində ölür və saysız-hesabsız insan şikəst olur. Mina qurbanlarının 80 faizi mülki şəxslərdir, ən çox təsirlənən yaş qrupu isə uşaqlardır. Partlayışların əksəriyyəti sülh dövründə baş verir. 44 günlük müharibədən sonra işğaldan azad olunmuş torpaqlarımızın bərpası istiqamətində Azərbaycan dövlətinin gördüyü əsas işlərdən biri də minaların təmizlənməsi ilə bağlıdır”, - deyə həmsöhbətimiz bildirib.

Ekspertin sözlərinə görə, piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və köçürülməsinin qadağan edilməsinə dair beynəlxalq konvensiya imzalanıb: “Ottava müqaviləsi adlanan razılaşmaya bu günə qədər 164 dövlət qoşulub, lakin Çin, Rusiya, ABŞ kimi böyük dövlətlər hələ də bu müqaviləyə qoşulmayıb. Minaların yerləşdirilməsi ucuz başa gəldiyi halda, onların aşkarlanması və çıxarılması prosesi adətən bahalı, təhlükəli və zaman tələb edən məsələdir”.

“Bu, xüsusən də xəritəsi olmayan ərazilərdə minaların xüsusi istifadə edildiyi nizamsız müharibələrə aiddir. Piyada əleyhinə minaların tapılması çətindir, çünki kiçik ölçüsü və çoxunun demək olar ki, tamamilə qeyri-metal materiallardan hazırlanması onların aşkarlanmasını çətinləşdirir. Bu baxımdan işğaldan azad edilmiş ərazilərə səfər edən şəxslər maksimum diqqətli olmalıdırlar. Bu məsələdə kimisə ittiham etməyə də dəyməz. Çünki minalar problemi post-müharibə dövrünə daxil olan bütün ölkələr üçün xarakterikdir”, - deyə Həsənli vurğulayıb.

Ehtiyatda olan zabit, hərbi ekspert Ədalət Verdiyevin AYNA-ya dediyinə görə, minaya düşən polkovnik Vüqar İsbəndiyarovu şəxsən tanıyırmış və hadisədən üç gün əvvəl birlikdə olublar: “Çox peşəkar, intizamlı və hərb sənətini çox yaxşı mənimsəyən bir zabitdir. Əgər onun kimi peşəkar bir zabit mina qurbanı olursa, digər vətəndaşlar xüsusilə diqqətli olmalıdırlar. Unutmaq lazım deyil ki, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi illərlə zaman tələb edir. Bu, hər yerdə belədir. Vyetnamda illərdir bunun qarşısını almağa çalışsalar da, tam nail ola bilmirlər”.

“Azərbaycan tarixi zəfəri iki ilə yaxındır ki, əldə edib. Bu gün ANAMA ərazilərin minalardan təmizlənməsi işini həyata keçirir. Bundan başqa digər dörd şirkət bu prosesə cəlb edilib. Beşinci şirkətin də cəlbi istiqamətində müzakirələr yekunlaşmaq üzrədir. Onlar ANAMA-nın təşkil etdiyi kurslara cəlb edilir və onun rəhbərliyi altında bu prosesi aparırlar. Aralarında xarici mütəxəssislərin də yer aldığı bu komandalar ən yüksək səviyyədə işləyir. Lakin bir daha qeyd edirəm ki, bu, zaman məsələsidir”, - deyə müsahibimiz söyləyib.

O, diqqətə çatdırıb ki,  Ermənistan işğaldan azad edilmiş torpaqlara minalar basdırmaqla beynəlxalq hüququ pozur: “Minalar mülki və hərbi şəxslər arasında fərq qoymayan silahlardır, bu silahlar əsgərə və mülki şəxsə zərər verir. Qarşıdurma bitdikdən sonra mülki insanların ölümünə, yaralanmasına, torpaqların onillərlə istifadəsiz qalmasına səbəb olur”.

“Məsələləri daha da pisləşdirmək üçün bir çox ölkə və qruplar minalanmış ərazilərin dəqiq yerlərini qeyd etməyib, düzgün xəritələrin təqdim etməyib. Bu da onların təmizlənməsini xüsusilə çətinləşdirir. Bu, insanların işğaldan azad edilən bölgələrə yerləşdirilməsi, kənd təsərrüfatı və turizmə mane olduğu üçün inkişaf etməkdə olan ölkələrdə ciddi çətinliklər yaradır. Bütün bunları nəzərə almaq və xüsusilə diqqətli olmaq lazımdır”, - deyə Verdiyev fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev