"Mən də istərdim ki, biz Cənubi Koreya, İndoneziya kimi daha da inkişaf edək, eləcə də işsizlik məsələmiz aradan qalxmış olsun"
Azərbaycanın rəsmi statistika orqanı, bəlkə də dünyada nadir analoji strukturlardan biridir ki, il ərzində bir neçə dəfə yeni iş yerlərinə dair böyük həcmdə hesabatlar hazırlayır və ictimailəşdirir. Bu təcrübəyə 2003-cü ildə start verilib və günümüzdə də davam edir.
Paradoksdur ki, rəsmi statistikanın dəstəyi ilə yeni iş yerləri açılması istiqamətində geniş təbliğatın aparıldığı bir ölkədə insanların ən çox əziyyət çəkdiyi problemlərin başında işsizlik gəlir. Bu baxımdan cəmiyyət haqlı olaraq sual verir: Əgər gerçəkdən hər il yüz minlərlə iş yeri açılırsa, nə üçün ölkədə insanlar iş ardınca qonşu ölkələrə üz tutur, etiraf edilməyən gizli işsizlik böyük miqyasamı malikdir?
AYNA -nın əməkdaşı bu kimi problemlərin kökünü araşdırmaq üçün bir sıra suallarla Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyevə müraciət edib.
- Rüfət bəy, əgər gerçəkdən hər il yüz minlərlə iş yeri açılırsa, mövcud işsizlik problem hardan yaranır?
- İşsizliyin sayı ola bilər ki, statistika ilə düz gəlməsin. Bu, normal haldır və tək bizim ölkədə deyil, bəlkə də, bütün postsovet məkanında belə bir problem mövcuddur. Gizli işsizlik müəyyən qədər var. İnkişaf etmiş avropa ölkələrində, məsələn, Portuqaliyada, İspaniyada gizli işsizlik var və hər zaman da olacaq. Həm də onların işsizlik statistikası bizdən qat-qat artıqdır. Onlarda belədir ki, insanlar bezir və işsizliklə bağlı qeydiyyata düşmək üçün heç bir yerə müraciət etmirlər. Portuqaliya, İspaniya ilə yanaşı bu problemlər İtaliya və qismən də Fransada mövcuddur. İnsanlar ya bezdikləri, ya da vaxt tapmadıqlarına görə qeydiyyata düşmək üçün müraciət etmirlər. Düşünürlər ki, getsəm də, getməsəm də heç bir faydası olmayacaq. Yəni, bu statistik rəqəmlər özünü bu baxımdan da göstərə bilər.
Təbii ki, Azərbaycan da normal inkişaf edən ölkədir. Bizdə də bu problemlər mövcuddur. Bu statistikada maraqlı, həm də mübahisəli görünən bir məqam da var: rəsmi məlumata əsasən, 15 il ərzində bütün yeni iş yerlərinin cəmi 27%-i (602 min) müəssisə və təşkilatlatlarda, az qala yarısı (1 milyonu) fərdi sahibkarlıq sahəsində yaradılıb. Bunları nəzərə almasaq, yerdə qalır 620 min yeni iş yeri.
- Bəs onlar harada yaranıb?
- Mən statistikada işsizliklə bağlı mütəxəssis deyiləm, lakin belə başa düşürəm ki, bizdə hələ də qeyri-dövlət, daha doğrusu sahibkarlıq fəaliyyəti ilə məşğul olan kifayət qədər insanlar işlə təmin olunub, lakin qeydiyyatdan keçməyiblər. Misal göstərə bilərəm ki, bu yaxınlarda Şamaxı rayonuna getmişdim. Girdim orda bir kafeyə, gözümün qarşısında iki-üç yeniyetmə var idi, bəlkə də onların 12-14 yaşları olardı. Ataları həmin kafenin sahibi idi. Həmin uşaqlar da gəlib orada atalarına kömək edirdilər. Mənim ağlıma gələn ilk şey bu oldu ki, görəsən, onlar həmin iş yerində qeydiyyatdadırlarmı?! Əlbəttə ki, yox, çünki 12 yaşlı uşağı qeydiyyatdan keçirmək mümkün deyil. O yaşda uşaqların əməyə cəlb olunması qanunaziddir. Belə formada fəaliyyət göstərən müəssisələr və işçilər kifayət qədər çoxdur. Ağsu aşırımında da belə yerlər var. Bundan başqa, “repetitorluq” edən müəllimlər də heç bir qeydiyyatdan keçmədən şagird hazırlayırlar. Bunların da, demək olar ki, 70%-i qeydiyyatdan keçmədən işləyirlər. Bundan əlavə, evlərdə, bağlarda günəmuzd işlə məşğul olanlar var. Bu, onlara daha da çox sərf edir. Belə başa düşürəm ki, statistikada verilən rəqəmlər yalnız qeydiyyatdan keçən işçilərin sayıdır.
- Azərbaycanda milyonlarla iş yerinin açılması daha önəmlidir, yoxsa məhsuldar və ləyaqətli əməyə əsaslanan iş yerlərinin açılması prioritet olmalıdır?
- Bildiyim qədərilə bu, məişət xidmətlərində daha çoxdur. Statistika heç bir ölkədə tam dəqiq rəqəmlər deyə bilməz. Gedişatı barəsində heç bir statistikada dəqiq rəqəmlər yoxdur. Bundan əlavə bizdə demoqrafik artım var. O demoqrafik artımın özü də müəyyən qədər təsir edir, amma 10-15 il sonra daha çox təsir edəcək. Demoqrafik artımın təsiri müsbətdir.
Yənə də deyirəm, mən mütəxəssis deyiləm deyə dəqiq məlumat deyə bilmirəm. Amma elə qlobal məsələlər var ki, onları sizə deməyə çalışdım. Biz son üç ildə böyük addımlar atmışıq. Cənab Prezidentimiz kiçik və orta biznesə daha çox diqqət yetirir. Təbiidir ki, bu, öz effektivliyini 6 ayın və ya 1 ilin içində vermir. Bu, öz effektivliyini ilbəil artıracaq. Biz bunun bəhrəsini 3-5 ilə görəcəyik. Hesab edirəm ki, əgər qanunvericilik çərçivəsindədirsə, istənilən əmək bizim cəmiyyətimizə lazımlıdır. Mən də istərdim ki, biz Cənubi Koreya, İndoneziya və yaxud da o biri ölkələr kimi daha da inkişaf edək, eləcə də işsizlik məsələmiz aradan qalxmış olsun. Düzü, İndoneziya, Malaziya kimi ölkələrdə də işsizlərin sayı çoxdur. Biz özümüzü bəzi Avropa ölkələri ilə, məsələn, Portuqaliya, İspaniya kimi ökələrlə müqayisə etsək, görərik ki, bizdə onlara nisbətən işsizlik vəziyyəti daha yaxşıdır.
Sonda onu da qeyd edim ki, bazar iqtisadiyyatının aksioması ondan ibarətdir ki, bazar iqtisadiyyatı mühitində işsizlik labüddür. Yəni, işsizlik qaçılmaz haldır. Bu, bazar iqtisadiyyatının qanunudur. Bu da infilasiya, tələb-təklif və. s kimi qanundur. Amma deyim ki, işsizlik bütün kapitalist ölkələrində mövcuddur. Ən aparıcı ölkə olan ABŞ-dan tutmuş, Almaniya, qismən Yaponiya kimi aparıcı ölkələrdə ən böyük problem cavanların işsizlik problemidir. Yəni, hətta bu ölkələrdə belə, daha çox cavanlar işsizliklə üzləşirlər.