İrəvan küçələrində aksiyalar da davam edir, həbslər də

Dünya

13.05.2022 - 17:57

İrəvanın müxtəlif yerlərində 6 nəfər etirazçı saxlanılaraq polis şöbələrinə aparılıb

Ermənistan polisi İrəvanda itaətsizlik aksiyalarının iştirakçılarını saxlamağa davam edir. AYNA erməni mediasına istinadən bildirir ki, İrəvanın müxtəlif yerlərində 6 nəfər etirazçı saxlanılaraq polis şöbələrinə aparılıb.

Etirazçılar Ermənistan İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsinin (polis əməkdaşının qanuni tələbinə tabe olmama) tələblərini pozduqlarına görə saxlanılıblar.

Qeyd edək ki, səhər tezdən erməni müxalifətinin fəalları İrəvanın müxtəlif yerlərində Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə avtomobil yürüşləri və vətəndaş itaətsizliyi aksiyaları keçirirlər.

Xatırladaq ki, mayın 2-dən Ermənistan paytaxtında müxalifət qüvvələrinin təşkilatçılığı ilə etiraz aksiyaları yenidən başlayıb. İştirakçılar Qarabağla bağlı siyasətə görə hakimiyyətin istefasını tələb edirlər. Etirazçılar vaxtaşırı İrəvanın müxtəlif yerlərində küçələri bağlayırlar. 

Müəllif: Ayna.az