Mərkəz rəhbəri: “İran qorxur ki, Zəngəzur dəhlizi işə düşəndən sonra Ermənistanın Azərbaycanla əlaqələri normallaşacaq, aslılığı artacaq”
Ötən günlərdə rəsmi Tehrandan yenə də Zəngəzur dəhlizinə qarşı bəyanat səsləndirilib. Belə ki, İran Rusiyanı Azərbaycanın Ermənistan üzərindən Zəngəzur nəqliyyat dəhlizini açmaqla Naxçıvan anklavına maneəsiz çıxış əldə etmək tələbini dəstəklədiyinə görə tənqid edib. Bu barədə İranın Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada vurğulanır. Bildirilib ki, Rusiyanın bu dəstəyi İranın Ermənistana birbaşa çıxışını faktiki kəsəcək.
İran XİN-in məlumatında qeyd olunur ki, bu məsələ ilə bağlı Rusiyanın Tehrandakı səfiri ilə İran XİN-in Avrasiya Baş İdarəsinin rəisi və nazir köməkçisi Müctəba Dəmirçilu arasında görüş keçirilib. Görüşdə İranın “Qafqazda istənilən geosiyasi dəyişikliyə” qarşı olduğu bildirilib.
Məlumdur ki, Zəngəzur dəhlizi ideyası gündəmə gəldikdən bu yana rəsmi Tehran buna qarşı siyasət aparır. Ekspertlər isə İranın bu davranışının məntiqsiz olduğunu bildirirlər.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı AYNA-nın suallarını cavablandırarkən deyib ki, təəssüf ki, Tehranın siyasətində dəyişən heç nə yoxdur:
- İkinci Qarabağ müharibəsindən sonra İran tərəfindən Azərbaycan əleyhinə müxtəlif açıqlamalar verildi, sərhəddə hərbi təlimlər keçirildi. Eyni zamanda, Tehran Zəngəzur dəhlizini “qırmızı xətt” adlandırdı. Həmin siyasət bu gün də davam etməkdədir. Düzdür, müəyyən ümidlər vardı ki, İranın yeni seçilən Prezidenti Məsud Pezeşkian Azərbaycan türkü olduğuna görə müəyyən mənada siyasətdə dəyişiklik olacaq. Amma görünən odur ki, dəyişiklik yoxdur.
Məsələ burasındadır ki, İranda qərarları, ölkənin siyasi strategiyasını Ali Dini Lider Seyid Əli Xamenei və onun ətrafı, İslam İnqilabı Keçikçiləri Korpusu (SEPAH) müəyyənləşdirir. Prezidentin İranın siyasətində köklü dəyişiklik etmək səlahiyyəti yoxdur. Ali Dini Lider və ətrafı isə Azərbaycanla bağlı siyasətində korrektə etmir. Baxın, Pezeşkianın andiçmə mərasimində iştirak edən Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə Xamenei yenə də Zəngəzur dəhlizinin İranın maraqlarına zidd olduğunu, Tehranın buna qarşı olduğunu bəyan etdi. Ali Dini Lider bununla mesaj verirdi ki, əvvəlki siyasət dəyişməyib.
- Maraqlıdır, İran üçün Zəngəzur dəhlizi niyə “qırmızı xətt”dir, yaxud olmalıdır?
- İranın bu siyasəti məntiqsizdir. Ümumiyyətlə, Zəngəzur dəhlizi ilə bağlı yanaşma məntiqdən tamamilə uzaqdır. Tehran hesab edir ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması İranın Ermənistanla əlaqəsini kəsəcək. Dəmir yolu, yaxud avtomobil yolu sərhədi niyə bağlasın ki?! Əslində bu, Tehranın bəhanəsidir. Sadəcə İran qorxur ki, Zəngəzur dəhlizi işə düşəndən sonra Ermənistanın Azərbaycanla əlaqələri normallaşacaq, aslılığı artacaq. Üstəlik, Ermənistanla Türkiyə arasında münasibətlər normallaşacaq ki, bu da İrana sərf etmir. Yoxsa ki, özləri də bilirlər ki, dəhlizin açılması nə sərhədləri dəyişir, nə də İran-Ermənistan sərhədlərini bağlayır.
Daha bir məsələ odur ki, Azərbaycandan İran vasitəsilə Naxçıvana gediş-gəlişdən istifadə üçün razılaşma var. İndi sual olunur: necə olur ki, İran öz ərazisindən Azərbaycandan Naxçıvana gediş-gəliş yoluna dəstək verir və bu yol Ermənistan-İran sərhədini bağlamır, amma Zəngəzur dəhlizi sərhədi bağlayır? Demək ki, Tehran sərhədlərin dəyişməsinə yox, türk dünyasının inteqrasiyasına qarşıdır.
- Yeri gəlmişkən, Zəngəzur dəhlizinə xarici şirkətlərin nəzarət etməsi gündəmə gətirilir. Bu, mümkündürmü?
- Əslində bu yeni təklif deyil. Ötən ilin yayında Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə bu mövzu müzakirə edilmişdi. Hətta nəzarətə Beynəlxalq Gömrük Təşkilatının cəlb olunması fikri də səsləndirilmişdi. Məncə, bu, müzakirə oluna biləcək məsələsid.r Təbii, Azərbaycan istəmir ki, onun vətəndaşlarını dəhlizdə ermənilər yoxlasınlar. Amma beynəlxalq təşkilatları cəlb etmək istəyi müzakirə edilə bilər. Amma baxır beynəlxalq şirkət dedikdə kimlər nəzərdə tutulur? Məsələn, Fransaya bağlı şirkətin dəhlizdə nəzarətinə rəsmi Bakı razılaşmayacaq. Amma neytral dövlətlərin hansılarınsa şirkətlərinin prosesə cəlb edilməsi mümkün olan variantdır.