“İnsanlar görürlər ki, gözlərinin qabağında bir qrup adam milyardlar qazanır”

Siyasət

18.08.2020 - 13:49

Rauf Mirqədirov: “Putinin öz nüfuzunu, hakimiyyətini qoruyub saxlaması üçün xarici aqressiya, təcavüzkar siyasət yeganə vasitədir və o, bundan istifadə etməyə çalışacaq”

 

Son bir ay ərzində Rusiyanın Xabarovsk şəhərində qubernator Sergey Furqalın həbsinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Furqalın həbsi həm də Vladimir Putinə postunda qalma müddətini uzatmağa şərait yaradan konstitusiya dəyişikliyindən sonra həbslər və repressiyalar kampaniyasının bir hissəsi kimi təqdim edilir.

 

Aksiya iştirakçıları “Putin oğrudur!”, “Azadlıq!”, “Moskvanı yandıraq, Rusiyanı xilas edək!” kimi şüarlar səsləndirərək, müasir Rusiya tarixinin ən böyük razılaşdırılmamış etiraz aksiyasını təşkil ediblər.

 

Bununla yanaşı, ən səs-küylü hadisələrdən biri də jurnalist İvan Safronovun həbsi olub. O, dövlətə xəyanətdə ittiham edilib. Müstəqil rusiyalı jurnalistlər və ekspertlər isə Rusiyadakı repressiyalar dalğasının əsas səbəbi kimi ölkə konstitusiyasına düzəlişlər üzrə səsvermənin yekunlarını göstəriblər.

 

Rusiyada baş verənlər ölkəmizdə də böyük marağa səbəb olub və diqqətlə izlənilir. Şimal qonşumuzda nə baş verdiyi, qarşıdurmaların nələrlə nəticələnə biləcəyi ilə bağlı müzakirələr açılıb.

 

Yaşananları AYNA-ya şərh edən politoloq Rauf Mirqədirov Rusiyada baş verən narazılıqların məntiqi əsası olduğunu deyib: “Söhbət ondan gedir ki, bu gün bütün dünya iqtisadiyyatı böhran içindədir və bu böhran heç də koronavirus pandemiyası ilə bağlı deyil. Pandemiya, sadəcə olaraq bu böhranı daha da dərinləşdirib. Bu böhran nəticəsində ilk növbədə zərər çəkən dövlətlər xammal ixrac edən dövlətlərdir. Dünya bazarında isə xammal deyəndə biz, əsasən enerji ehtiyyatlarını nəzərdə tuturuq. Yəni ki, enerji ixrac edən dövlətlər ən birinci zərər çəkib. İqtisadi baxımdan inkişaf edən dövlətlər daha çox xammal və yüksək texnologiyalar ixrac edir. Sözsüz ki, belə olan halda xammala ehtiyac azalır, qiymətlər aşağı düşür və bunun nəticəsində ilk zərər çəkənlər, məhz xammal növlərini dünya bazarına çıxaran dövlətlər olur. Qeyd edim ki, xammal qiymətlərinin aşağı düşməsi pandemiyadan əvvəl yaranmışdı və məhz buna görə OPEC+ formatı yaradılmışdı ki, dünya bazarında enerji daşıyıcılarının həcmini azaldaraq qiymətləri qaldırmaq mümkün olsun”.

“Ona görə Rusiya da Azərbacan kimi eyni problemlərlə qarşılaşır. Çünki Azərbaycanda da xarici gəlirlərin böyük bir hissəsi, daha doğrusu valyuta gətirən sahənin 90 faizi neft və qazla bağlıdır. Qazın da qiyməti əksər hallarda neftə bağlıdır. Bu da sözsüz ki, ölkədə iqtisadi fəallığı, investisiya qoyuluşunu aşağı salır, sosial proqramları məhdudlaşdırmağa məcbur edir. Sosial proqramların genişlənməsi isə inflyasiyaya gətirib çıxarır. Çünki iqtisadi fəallıq olmayanda, dövriyyəyə yeni pul həcmlərinin buraxılması milli valyuta qiymətinin dəyərinin aşağı düşməsinə gətirib çxarır və biz bunu məhz Rusiyanın timsalında görürük. Neftin qiyməti isə sabit olmasına baxmayaraq, Rusiya milli valyutası aparıcı valyutalara nisbətən qiymətdən düşür”, - müsahibimiz bildirib.

 

Politoloq hesab edir ki, məhz bu proseslər Rusiyada siyasi fəallığı artırır və hakimiyyətdən narazılığın genişlənməsinə gətirib çıxarır: “İnsanlar görürlər ki, onların gözləri qabağında digərləri çox məhdud bir çərçivə yaradaraq milyardlar qazanırlar. Təbii ki, bu, onlarda qıcıq yaradır. Çünki insanlar bilirlər ki, bu milyardlar onların bacarığı ilə bağlı deyil, sadəcə olaraq oliqarxik strukturun tərkib hissəsidir. Məsələn, bizdə də son dövrlərə qədər bütün bacarıqlı biznesmenlər gənclər idi. Onları isə həmin postlara məmur valideynləri əyləşdirmişdi. Əlbəttə ki, bu, gülməli vəziyyət idi, çünki o pulların haradan gəlməsi, necə qazanılması, nəyin hesabına olması məlum idi. Eyni prosesi biz Rusiyada da müşahidə edirik. Bütün bunlar da narazılqları artırır və bu narazılıqlar hakimiyyət tərəfə yönəlir”.

 

Mirqədirov yaxın vaxtlarda vəziyyətin müsbətə doğru dəyişəcəyini güman etmir: “Yaxın dövrlərdə neftin qiymətinin qalxmasını düşünmək bir az sadəlövhlük olardı. Yəni ki, bu hal uzun müddətli olacaq və bunu hamı etiraf edir. Düzdür, neftin qiymətini süni şəkildə qaldırmaq olar. Məsələn, istehsalatı azaltmaqla buna nail olmaq olar. Amma bu da istehlakçı dövlətlərin maraqlarına cavab vermir. Əgər birtərəfli şəkildə istehsal həcmləri azalarsa, bu, bazarın ölməsinə gətirib çıxarar. Yəni, bu, ikili prosesdir: Həcmin azalması bazarın ölməsinə gətirib çıxara bilər, həcmin artması isə qiymətlərin düşməsinə. Nəticə etibarı ilə bu ziddiyətli proses davam edəcək və iqtisadi problemlər daha da gərginləşəcək”.

 

Siyasi şərhçinin sözlərinə görə, pandemiyadan sonra enerji daşıyıcısı olan dövlətlər iqtsadi böhranın ağırlığını daha kəskin hiss edəcək: “Çünki insanlar düşünürlər ki, pandemiya bitəndən sonra hər şey öz əvvəlki məcrasına düşəcək. Amma belə deyil. Əksinə, bir çox şirkətlər, kiçik və orta sahibkarlar iflasa uğrayacaq və gəlirlərini itirəcək. Orta və xırda müəssisələrin bir çoxu bağlanacaq. Bank kerditləri üzrə borclar artacaq və bu böhran bu şəkildə davam edəcək. Sözsüz ki, bunun nəticəsində narazılıq da artacaq. Əslində, bu gün Belarusda baş verənlərin bir hissəsi də həmin göstəricilərin nəticəsidir. Bütün bunlar Rusiyada da iqtisadi böhran yaradacaq, hakimiyyətə narazılığı artıracaq və hakimiyyətin sonunu yaxınlaşdıracaq”.

 

“Amma mən düşünürəm ki, Rusiyada başqa bir variantla qarşılaşa bilərik. Unutmaq lazım deyil ki, Rusiya materik imperiyadır və çox aqressiv xarici siyasəti var. Bu aqressiya isə cəmiyyəti birləşdirəcək amildir. Çünki bu xalq xarici aqerssiya olanda, yəni xarici təcavüz, yeni torpaqların işğalı zamanı hakimiyyət ətrafında birləşməyə meyilldir. Mən düşünürəm ki, Putinin öz nüfuzunu, hakimiyyətini qoruyub saxlaması üçün məhz xarici aqressiya, təcavüzkar siyasət yeganə vasitədir və Putin bundan istifadə etməyə çalışacaq. Bunun da nəticəsi çox vaxt acınacaqlı olur. Çünki xarici aqressiya həddindən artıq böyük resurslar tələb edir. Resursların da məhdudluğu çərçivəsində olan-qalan resursları xaricə yönəltmək iqtsadi vəziyyəti daha da çətinləşdirir. Nəticə etibarı ilə bu, çox böyük siyasi məğlubiyyətə gətirib çıxaracaq. Problem ondan ibarətdir ki, imkanlar istəklərə uyğun deyil və bu, Rusiya tarixində çox biabrçı məğlubiyyətlərə gətirib çxarıb. Məhz bu da növbəti inqilablara səbəb ola bilər”, - R.Mirqədirov əlavə edib.

Müəllif: Mərahim Nəsib