Separatçılar İsrail-Azərbaycan münasibətlərini "soyutmağa" çalışırlar

Siyasət

25.09.2019 - 20:01

Erməni separatçılarının növbəti dezinformasiyası hansı məqsəd güdür?

 

Erməni separatçıları iddia edirlər ki, sentyabrın 25-də Dağlıq Qarabağ səmasında Azərbaycan ordusuna məxsus pilotsuz uçuş aparatını vurublar. Azərbaycan Müdafiə Nazirliyi dərhal açıqlama verərək xəbərin dezinformasiya xarakteri daşıdığını, Azərbaycan ordusuna məxsus heç bir pilotsuz uçuş aparatının vurulmadığını bəyan edib. Belə olan halda erməni separatçılarının yalan xəbərinin arxasında nə dayanır?

 

Məsələnin mahiyyəti erməni separatçılarının (dez)informasiyasının mətnində üzə çıxır. Onlar iddia edirlər ki, “neytrallaşdırdıqları” pilotsuz uçuş aparatı İsrail istehsalıdır.

 

Bu məlumatın yayınlanmasının arxasında erməni separatçılarının və İrəvanın gizli niyyəti dayanır. Ermənistan hökuməti İsraildə səfirlik açmağa qərar verib. Ona görə də İrəvan isti-isti İsraillə münasibətləri yeni mərhələyə qaldırmaq istəyir. Elə bu məqamda da xəbər yayırlar ki, Azərbaycana məxsus İsrail istehsalı olan pilotsuz uçuş aparatını vurublar.

 

Bunun ardınca da İrəvan özündən quraşdığı bir xəbəri yenidən yayınlayır ki, guya bir müddət əvvəl Azərbaycan tərəfi israilli mütəxəssisləri pilotsuz hava aparatlarını Dağlıq Qarabağ səmasında sınaqdan keçirməyə məcbur edib. Ardınca 2016-cı ildəki məlum olayı da xatırladırlar ki, Azərbaycan ordusu İsraildə istehsal olunan pilotsuz uçuş aparatı vasitəsilə Dağlıq Qarabağa yardıma tələsən avtobusa zərbə endirmiş və bu zaman 6 könüllü döyüşçü öldürülmüşdü.

 

İkinci xəbər doğrudur, bunu Azərbaycanda inkar etmirlər. Ancaq xəbərin birinci hissəsi təxribat xarakteri daşıyır və İsrail-Azərbaycan münasibətlərini soyutmaq məqsədi daşıyır. Elə İrəvanın növbəti dezinformasiyası da, yəni İsrailin pilotsuz uçuş aparatını “vurması” Tel-Əvivə Azərbaycana silah satmamaq barədə məsləhət mahiyyəti daşıyır.

Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi