Bildiriş gözləyən seçicilərin gözləri yollarda qalıb

Siyasət

02.02.2020 - 10:48

"Bildiriş bir tərəfə, heç namizədlər də təşviqat üçün gəlmirlər"


Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri üçün vətəndaşlara bildiriş vərəqlərinin verilməsi müddətinin yarısını geridə qoymuşuq. Siz bu ərəfədə bildiriş aldınızmı? AYNA bu sualla sosial şəbəkə istifadəçilərinə müraciət edib. 


Təranə Xudabaxşıyeva, İlyas Səfərli, Laçın Səmla, Səbinə Yusif, Samirə Səfərova, Raziyyə İmranqızı, Məlahət Abbasova adlı seçicilər seçkinin keçirilməsi ilə bağlı hər hansı bildiriş almadıqlarını deyiblər.

 

Səbinə Allahverdiyeva, Pərvanə Qurbanlı, Naibə Qurbanova, Ülviyyə Əliyeva, Günel Həsənova, Ceyhun Nəcəfov, Ülvi Səfərov, Natiqə Əliyeva, Samir Tağıyev, Təranə Şövkət adlı seçiciyə bildiriş verilib.


Bir qrup vətəndaşımız isə maraqlı fikirlərini, seçkiyə münasibətini qeyd ediblər.


Könül Aypara: “Gəlməyib. Maraqlanmışam, mənim kimi yüzlərlə məhəllə sakininə bildiriş gəlməyib. Nədir məqsəd? Xahiş edirəm, araşdırın ki, Yasamal rayonu, X.Dadaşov küçəsinə bildiriş niyə paylanmayıb? Hamını seçkidə iştirak etməyə səsləyirəm".


Samir Tağıyev: “Mənə gəlib, amma gəlməyən üçün problem yoxdur, gedib seçki hüququndan istifadə edə bilər hər kəs".


Rəşad N: “Gəlsə də, gəlməsə də, səs verəcəm".


Həbibə Abdulla: “Bizim məhlədə seçki keçirilmir".


Rumiyyə Miraslan: “İllərdir,  bildiriş almırıq, indi qeydiyyatda olduğum ünvanda yaşamıram deyə, gəlib-gəldiyini bilmirəm. Amma bələdiyyədən borc kağızı gəlib, 96 manat borcum varmış".


Ülviyyə Quliyeva: “Gəlməyib. Amma adım siyahıda var. Gedəcəm seçkiyə, bütün namizədlərə + işarələyib, çıxacam. Mənə 33-cü dairədəki insanlar maraqlı deyir. Heç birini tanımıram". 


Ülviyyə Şahin: “Gəlib. Qeydiyyatda olan və yaşamayan şəxslər üçün də gəlib, bacımın adına gələn bildirişdə bacım qızlıq soyadı ilə göstərilib. Halbuki, bacım ailə qurub, soyadı dəyişib".


Əhməd Rəhmanov: “Heç adımızı da soruşan yoxdur".


Lətafət Məlikova: “Gəlmişdi. Həyət qapısında yerə atmışdılar. Hər seçkidə özümüzə verirdilər".


Fatimə Hüseynova: "Gəlməyib. Bir aydır, stolun üstündəki torta baxa-baxa qalmışam, uşaqları vazdakı meyvəyə əl vurmağa qoymuram, namizədlərin də bircəciyi gəlib çıxmır".


Elmir Muradov: “Ailədə 5 nəfərik. İllərdir nə bələdiyyə, nə parlament, nə də prezident seçkilərinə bildiriş gəlir. Bildiriş bir tərəfə, heç namizədlər də təşviqat üçün gəlmirlər. Ya yollarımızın yararsız olmasına görə gəlmirlər, ya da Masazırın Cantəpə adlanan ərazisini yaddan çıxarıblar. Əks halda niyə gəlməsinlər ki? Təşviqatın başlamasından xeyli zaman keçməsinə baxmayaraq, hələ bir namizəd bizim küçədən, ərazidən keçməyib. Axırda gələcəklər ki, "gəlin mənə səs verin"".

 

İradə Şirinova: “Gəldi, amma bacıma gəlib, atama yox".

 

Gülenka Əhmədli: “Gəlməyib hələ ki. Gəlsə də, getməyəcəm seçkiyə. İndidən bilirəm ki, kim seçiləcək”.


Ziyad Abdullazadə: “Gəlməyib. Ümumən qonşuluqdan soruşdum, on illərdir yaşayan heç bir ağsaqqal hansı dairəyə aid olduğumuzu bilmir".


İlqar Vəlioğlu: “Gəlməyib, heç bilmirəm də kimdir. Bilmək də istəmirəm".


Şahin Nəcəfov: “Bir qalada yatmış idim, top atdılar oyanmadım. Biz tərəflərdə sakitlikdir. Yatan yatıb, satan satıb. Top atan, filan da yoxdur".

Müəllif: Raminə Eyvazqızı