“Avtoritar rejimli Rusiya ilə heç bir xalq birləşmək istəməz”

Siyasət

21.04.2020 - 13:49

Politoloq: “Putin keçmiş sovet ölkələrinin insanlarında heyranlıq, qorxu və nifrətqarışıq münasibət formalaşdırır”

 

Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” kanalına müsahibəsində keçmiş SSRİ respublikalarının ittifaqın bərpasıyla bağlı artıq qorxuları olmadığını deyib. O, SSRİ-nin bərpası kimi fikirlərdən qorxmaq lazım olmadığını, birliyin dövlətlərin xeyrinə olacağını və hətta, bunun qaçılmaz olduğunu vurğulayıb. Putin keçmiş SSRİ respublikalarının birliyinin dünya bazarlarında rəqabət gücünü artıracağını da diqqətə çatdırıb.

 

Kreml rəhbərinin ara-sıra verdiyi bu tip açıqlamalarını nəzərə alsaq, nə demək istədiyi məlumdur. Lakin onun bu dəfə daha inamlı danışması, vassalına çevirmək istədiyi ölkələrə bir növ ismarıc kimi də qəbul edilib. AYNA-nın mövzu üzrə suallarını politoloq Nəzakət Məmmədova cavablandırıb.

 

- Nəzakət xanım, Vladimir Putin son müsahibəsində postsovet ölkələrinin SSRİ-nin bərpası ilə bağlı qorxularının aradan qalxdığını iddia edib və mümkün bərpadan danışıb. Putin nə demək istəyir?

 

- Putin xüsusi diqqətçəkən bu son müsahibəsində bir neçə mühüm məsələyə toxunub. Keçmiş sovet respublikalarında yaşayan əhalinin SSRİ-nin bərpası ideyasını artıq əvvəlki kimi qorxu ilə qarşılamamasını deməklə, görünür Prezident Putin həmin xalqların artıq müstəqillik eyforiyasından ayılmasına, onların sovet keçmişi üçün nostalji keçirməsinə eyham vurmaq istəyib. Məlum olduğu kimi, indiyədək həm Qərbdəki demokratik, liberal düşüncəli dairələr, həm də bir çox keçmiş sovet respublikalarının əhalisinin əksəriyyəti keçmişdəki və indiki bütün problemlərə görə Rusiyanı ittiham edirlər. Onların fikrincə, Rusiya post-sovet məkanındakı avtoritar rejimləri dəstəkləyir, Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə, Luqansk və Donetskdə separatçılara dəstək verərək müstəqil ölkələrin daxili işlərinə müdaxilə edir, onların demokratiya yolunda inkişafına mane olur. Putin bütün bu ittihamlara cavab olaraq, əhalinin hər şeyə rəğmən ərazilərindəki müharibələrdən, yoxsulluqdan, avtoritar hakimiyyətlərdən bezərək sovet dövründəki əmin-amanlıq üçün nostalji keçirməsini və əhalinin indiki qeyri-demokratik, korrupsiyalaşmış, kəskin təbəqələşməyə, sosial ədalətsizliyə əsaslanan idarəçiliklə müqayisədə sovet sistemini daha ədalətli hesab etməsini diqqətə çatdırmaq istəyir. Bunun da bir sıra səbəbləri var. Belə ki, artıq ötən əsrin 90-cı illərində Rusiyaya qarşı nifrətlə yanaşan radikal müxalifət partiyaları və liderləri hakimiyyətdən gedib, onları Rusiya ilə münasibətlərin qırılmaz tellərlə bağlı olduğuna inanan siyasi liderlər əvəz edib. Rusiya Suriyada müharibəyə qoşulmaqla, G8-ə qayıtmaqla, ABŞ-dakı seçkilərə belə, müdaxilə etmək imkanını nümayiş etdirməklə, Qərbin sanksiyalarına davam gətirməklə, yeni növ silahları uğurla sınaqdan keçirməklə, dünya siyasətində fövqəldövlət iddiasını ortaya qoyaraq keçmiş sovet respublikalarının həm rəğbətini, həm təşvişini artırıb, bəzi sovet respublikalarında Qərbin təşkil etdiyi rəngli inqilablar iflasa düçar olub, ABŞ və Avropa ilə yaxınlaşma siyasəti yalnız Baltikyanı ölkələrdə uğurla yekunlaşıb. Həmçinin, Putinin öz şəxsi keyfiyyətləri də burada rol oynayır və Rusiya dövlətinin imicinin möhkəmlənməsinə xidmət edir. Alkoqol düşkünü Yeltsindən, onun demokrat adı altındakı korrupsioner komandasından fərqli olaraq Putin Rusiyanın avtoritar prinsiplərinə riayət edir ki, bu da keçmiş sovet ölkələrinin insanlarında heyranlıq, qorxu və nifrətqarışıq münasibət formalaşdırır. Bu cür psixoloji təfəkkür tərzi həm də zəifin güclü qarşısında tabeçilik şüurunu formalaşdırır. Bütün bunlar Rusiyanın dünyadakı və keçmiş sovetlər məkanındakı rolunu artırıb və Putin əhalinin bu əhval-ruhiyyəsindən çıxış edərək belə bir fikirlər irəli sürür.

Nəzakət Məmmədova: “İtaliya - Azərbaycan əlaqələri yeni inkişaf ...

- Putin keçmiş SSRİ-nin vahid dilinin, nəqliyyat infrastrukturunun və enerji qaynaqlarının olduğunu, Qərbin isə bu yolda birliyə maraqlı olmadığını bildirib. Əslində, Kreml rəhbəri Qərbə qarşı mövqeyini gücləndirmək üçün bu fikirdə ola bilərmi?

 

- Kreml sahibi hər zaman Qərbə qarşı fikirlər səsləndirir, onu tənqid edir. Bu, Rusiya ilə Qərb arasında geosiyasi, geostrateji rəqabətin fəlsəfəsindən doğan təbii bir baxışdır. Bu, qlobal hegemonluq, güc və resurslar uğrunda mübarizədən yaranan qarşıdurmanın uzun müddətdən bəri davam edən növbəti təzahürüdür. Rusiya post-sovet ölkələrini özünün nüfuz dairəsi hesab edir, Qərbin buraya nüfuz etməsinə imkan vermək istəmir. Əslində, Rusiyanın keçmiş sovet imperiyasının coğrafi ərazisinə daxil olmuş torpaqlarda inteqrasiya şansı daha yüksək olardı və Putin bu ölkələrdə yaşayan əhalinin Rusiyaya rəğbəti barəsində daha əminliklə danışa bilərdi və onun fikirləri daha səmimi, real qəbul edilərdi, əgər, Rusiya özü avtoritarizmə yuvarlanmasaydı və bəzi avtoritar hakimiyyətləri himayə etməsəydi. Rusiya demokratikləşsə və ətrafında da demokratik düşərgədən ibarət ölkələr formalaşdırsa, doğurdan da Qərbə layiqli alternativ və möhkəm birlik yarada bilərdi. Lakin Qərb institutlarını KTMT və AİB modelində təkrarlayan Rusiya NATO və Aİ-yə həqiqi rəqabət təşkil edəcək sistem qura bilməyib. İndiki KTMT və AİB “soyuq müharibə” dövründə SSRİ-nin Qərbə qarşı yaratdığı Varşava Paktından və Qarşılıqlı İqtisadi Yardım Şurasından dəfələrlə zəif təşkilatlardır. Əgər onlar NATO qarşısında süqut etdilərsə, KTMT və AİB-i ümumiyyətlə müqayisə etməyə dəyməz. Rusiyanın separatçı rejimlərə dəstək verməsi, avtoritar rejimləri himayə etməsi, Avropaya və NATO-ya inteqrasiya etməyə çalışan ölkələrə qarşı zorakılıqları onun nüfuzunu olduqca zəiflədir və post-sovet dövlətlərinin inteqrasiyasına ən böyük maneələrdən biridir. Burada Qərbin xüsusi müdaxilə etməsinə ehtiyac yoxdur, Rusiya ilə baş-başa qalan keçmiş sovet respublikalarının əhalisi yəqin ki, bu şəkildə yenidən inteqrasiya etmək istəməzlər. Onların çıxış yolu yoxdur və iki pisdən birini seçmək məcburiyyətində qalıblar. Avtoritar idarəçilik prinsipləri əsasında mövcud olan hakimiyyətlər tərəfindən idarə olunmaq, yaxud müstəqilliyi itirmək və ya onu formal saxlamaqla yenidən Rusiyanın nəzarətinə keçmək. Putin bunları əla bildiyi üçün artıq 30 ilə yaxındır müstəqillik əldə etmiş suveren dövlətlər və onların vətəndaşları ilə özündə bu cür danışmaq haqqı görür.

 

- Putini SSRİ-dən daha çox öz maraqları, nüfuzu maraqlanıdıra bilərmi?

 

- Təbii ki, hər bir liderin şəxsi və işgüzar keyfiyyətləri onun dövlət idarəçiliyi təfəkkürünə də təsirsiz ötüşmür. Putin də istisna deyil. Qərbdə, demokratik dövlətlərdə artıq yüzillərdir ki, saat mexanizmi kimi mövcud olan idarəemə sistemi var. Rusiya kimi avtoritar, bir şəxsin iradəsinin hökm sürdüyü ölkələrdə isə liderin şəxsi xüsusiyyətləri idarəçiliyə təsirini göstərir. 1999-cu ildə yorğun Yeltsinin ətrafı Baş Nazir vəzifəsinə yeni namizəd axtarırdı. Duma Putinin namizədliyini təsdiq edəndə çoxları düşündü ki, o da əvvəlki Baş nazirlər kimi 3 ay sonra bu vəzifənin öhdəsindən gələ bilməyib, istefaya gedəcək. Bir neçə prezidentlik müddətini Baş Nazir postu ilə əvəz edən və bundan sonra daha bir neçə müddətə dövlət başçısı olacaq Putin yenidən Rusiya Prezidenti seçildi. Etiraf etmək lazımdır ki, onun ölkədə reytinqi çox yüksəkdir. Rus xalqı məhz bu cür lider görmək istəyir və Putin bunu yaxşı bilir, öz daxili və xarici siyasətini bu gözləntilərə uyğun qurur. Bununla da dünyanın gözündə əhalinin rəğbətini qazanmış legitim lider rolunu qoruyub saxlamağı bacarır. Putin qaydalara riayət edən oyunçudur. Məsələn, özü etiraf edib ki, düşməninə də hörmət edə bilər, amma satqınlara əsla! Onun bu yanaşması “çekist” keçmişindən gələn yanaşmadır. Dövlət düşmənlərinə qarşı amansız olmaq onun peşə fəaliyyəti və bundan irəli gələn tələblərin formalaşdırdığı düşüncə tərzinin nəticəsidir. O, Kremldə otursa da, Lubyanka düşüncəsi ilə Rusiyanı dünya siyasətində söz sahibi edib. Bir vaxtlar oliqarxlardan Putinə qarşı istifadə etməyi düşünən Qərb, bunun mümkün olmayacağını anlayanda onları sanksiyalar siyahısına əlavə etdi. Putin siyasi hakimiyyəti Yeltsindən təhvil alıb, oliqarxların maliyyə dəstəyi ilə hakimiyyətə gəlməyib və oliqarxları sıxışdırmaqla, maliyyənin yalnız öz etibar etdiyi şəxslərin əlində cəmləşməsinə nail olmaqla, hakimiyyətinə ola biləcək təhdidləri aradan qaldırıb. Lakin Rusiyanın ən varlı oliqarxı Putin özüdür, onun varidatı 200 milyard dollardan çox ölçülür. Təbii ki, nimdaş bir şinellə hakimiyyətə gəlib onunla da Kremli tərk edən Stalindən fərqli olaraq siyasətdə, o cümlədən post-sovet ölkələrinə münasibətdə də onun həm maddi, eyni zamanda şəxsi nüfuzunu yüksəltmək maraqları da istisna edilə bilməz.

 

- Sizcə, keçmiş sovet respublikaları Putinin təklifinə necə reaksiya verə bilər və əslində, necə reaksiya verməlidir?

 

- Putinin təklifləri yeni deyil. Məlum olduğu kimi, SSRİ-nin parçalanmasından az sonra artıq Rusiya öz iddialarını yenidən ortaya qoydu və Putinin hakimiyyətə gəlməsindən sonra bu, aşkar şəkildə səslənməyə başladı. Yeltsin və komandası demokrat imic yaratdığı üçün post-sovet ölkələrinə ekspansionist nöqteyi-nəzərdən açıq iddia irəli sürə bilmirdi. Eyni zamanda, həmin dövrdə keçmiş sovet respublikalarının əksəriyyətində radikal müxalifətdən gəlmiş qatı millətçi iqtidarlar mövcud idi və onlar anti-Rusiya və Qərbə inteqrasiya yolu tutmuşdular. Lakin həmin hakimiyyətlər çevilişlər yolu ilə devrildikdən və ya başqa səbəblərdən hakimiyyətdən getdikdən sonra iqtidara gələn və balanslaşdırılmış siyasət yeridən hakimiyyətlər Rusiya ilə də əlaqələrin bərpasına çalışdı. Eyni zamanda, 2007-ci ildə Putin özünün məşhur Münhen çıxışında nəinki post-sovet məkanına iddia, Rusiyanın fövqəldövlət ambisiyasını qətiyyətlə irəli sürdü və iddialarını reallaşdırmaq istiqamətində əməli fəaliyyəti gücləndirdi: ən müasir silah texnologiyalarının təkmilləşdirilməsi və yeni silah növlərinin hazırlanaraq nümayişkaranə surətdə şəxsən Putin tərəfindən təqdim edilməsi, post-sovet coğrafiyasına nəzarətin daha da gücləndirilməsi, Ukrayna, Gürcüstan, Ermənistan, Qırğızıstan uğrunda Qərblə hibrid müharibəsi, dünyanın ayrı-ayrı bölgələrində nüfuz dairəsi uğrunda Qərblə rəqabət, birbaşa savaşlarda iştirak və toqquşmalar, Rusiya imperiyasının və SSRİ-nin ənənəvi rəqibləri olan Türkiyə və İranla müttəfiqlik, Avrasiyaçılığın yenidən dövlət konsepsiyası olaraq həyata keçirilməsi. Qərbdə Putini həm də bunda ittiham edirlər ki, o, Rusiyanın qonşularında, xüsusilə, Ukraynada demokratiyanın güclənməsində maraqlı deyil. Lakin elə Qərbin özündə bəzi siyasətçilər əmindirlər ki, Putinofobiya əsassız qorxudur, Rusiya SSRİ deyil və Putindən qorxmaq, hər problemin arxasında “Rusiya izi” axtarmaq mənasız təşvişdir. Keçmiş sovet dövlətlərinin Rusiyaya münasibəti onun yaratdığı təşkilatlara münasibətdən də bəlli olur. KTMT və AİB-də çox az ölkə təmsil olunur, üstəlik həmin müttəfiqlərlə də Rusiyanın münasibətləri rəvan deyil. Məsələn, Belarus və Ermənistanla münasibətlərdə son dövrlərdəki soyuqluq, bəzi keçmiş sovet respublikalarının Aİ ilə Assosiasiya sazişi imzalamaq uğrunda ölüm-dirim mübarizəsi, hətta NATO-ya üzvlük istəkləri onların Rusiyadan qurtulmaq istəklərinin təzahürüdür. Hətta, Rusiyanın ən sadiq forpostu, əsrlər boyu onun yardımları ilə dövlət kimi təşəkkül tapmış Ermənistan belə, rəngli inqilab edib Rusiyadan uzaqlaşmağa çalışırsa, onda digər ölkələrin Rusiyaya münasibəti barədə danışmaq belə, mənasız olardı.

 

- Putin Avrasiya İqtisadi Birliyinə inteqrasiyanın mövcud çətinliklərindən danışıb, eyni zamanda, bundan daha sıx inteqrasiya olunması hədəflənən ikinci SSRİ-nin bərpasını labüd sayır. Bu, necə ola bilər?

 

- Putin SSRİ-nin bərpasının Avrasiya İqtisadi Birliyi çərçivəsində inteqrasiyadan başlayacağına ümid edə bilər. Avrasiya İqtisadi Birliyi SSRİ modelində yox, Avropa İttifaqı kimi iqtisadi inteqrasiyadan başlaya bilər, necə ki, Almaniya və Fransa 1954-cü ildə Kömür və Polad Birliyini yaratmaqla indiki siyasi inteqrasiyaya qədər bir yol keçiblər. Lakin Avropanın keçdiyi tarixi təkamül yolu ilə post-sovet ölkələrinin yolu bir deyil. Digər tərəfdən, keçmiş sovet respublikalarının bəziləri xeyli dərəcədə Qərbə inteqrasiya edib, Rusiyanın təsirindən müəyyən qədər uzaqlaşa bilib. Hətta, iqtisadi birlik də mümkünsüzdür, çünki liderliyə iddia edən Rusiyanın öz iqtisadiyyatı xeyli dərəcədə xammaldan, o cümlədən neftdən asılıdır, sanksiyalar altında zəifləyib, Belarusla münasibətlər Putinin və Lukaşenkonun şəxsi ambisiyaları ucbatından son vaxtlar gərginləşib, slavyan-pravoslav Ukrayna belə, Rusiyadan uzaqlaşaraq Qərbə can atır. Koronovirus da göstərdi ki, Rusiya və digər MDB ölkələri öz əhalisinin qayğısına necə qalır. Əksinə, miqrant, qarşılıqlı humanitar yardım kimi sahələrdə prolemlər var. AİB üzvü ölkələrin vətəndaşlarının Rusiyada qalması üçün güzəştli şərtlər olsa da, lakin koronavirus təhlükəsi ilə əlaqədar onların müvəqqəti də olsa, öz işlərini itirərək Rusiyada qalmaları, öz vətənlərinə gedə bilməmələri sosial partlayış təhlükəsi yaradır. Onlar öz vətənlərinə qayıtsalar da, əmək bazarına böyük çətinliklər yarada bilərlər, eyni zamanda Rusiyadan göndərdikləri pulların kəsilməsi də çox mənfi halların meydana gəlməsinə səbəb ola bilər. Koronovirus bəlasının Avrasiya İqtisadi Birliyinə inteqrasiyanı başa çatdıracağını düşünmək olmaz. Əksinə, bu, gələcəkdə bu cür hallardan daha yaxşı birgə müdafiə olunmaq üçün böyük təcrübə oldu. Avrasiya İqtisadi Birliyinə üzv ölkələr nəhəng siyasi, iqtisadi, ticarət layihələri ilə sıx inteqrasiya olunub və pandemiyanın bunu zəiflədəcəyini düşünmək doğru olmazdı.

 

- Maraqlıdır, eyni ittifaqın tərkibində Azərbaycan və Ermənistan arasında inteqrasiya necə mümkün ola bilər?

 

- Təbii ki, Ermənistan ilə Azərbaycan arasında, eləcə də digər münaqişələrin mövcud olduğu şəraitdə MDB məkanında hər hansı birlikdən söhbət gedə bilməz. Ələxüsus, bütün bunlarda Rusiya ittiham olunursa. Rusiyanın bu münaqişələri yaratmaqda da əsl məqsədi münaqişə tərəflərini asılı vəziyyətə salmaq, eyni zamanda ərazisində münaqişə olan ölkələr kimi NATO-ya üzv qəbul edilməsinin qarşısını almaqdır. Azərbaycan KTMT üzvlüyündən məhz Ermənistanın işğalçı siyasətinə etiraz əlaməti olaraq çıxıb. Hərçənd, Ermənistanın özündə də Paşinyan hakimiyyətə gəlməzdən əvvəl onun təklifi ilə palamentdə müzakirələr təşkil olunaraq, Rusiyayönümlü təşkilatlardan çıxmağa cəhd göstərildi. Rusiyanın əsas məqsədlərindən biri, ehtimal ki, Dağlıq Qarabağ ətrafında işğal olunmuş bir neçə rayonu Azərbaycana qaytarmaq müqabilində ölkəmizi Avrasiya İqtisadi Birliyinə üzv qəbul etmək, sülhməramlılar adı altında ölkəmizin ərazisində rus hərbçilərini yerləşdirmək istəməsidir. Azərbaycan hələ ki, bu planlara müqavimət göstərə bilir və suverenliyini məhdudlaşdırmağa imkan vermir.

 

- Putin hər dəfə seçkilər yaxınlaşanda, Rusiyada kifayət qədər gücə malik olan Kommunist Partiyasının dəstəyini qazanmaq və onları məmnun etmək üçün SSRİ-nin bərpasından danışır. Bunu necə dəyərləndirirsiz?

 

- Putinin onlarla hesablaşacaq qədər zəif, kommunistlərin Rusiyada hakimiyyət məsələsinə təsir edə biləcək qədər güclü olduğunu düşünmürəm. Putinin özünün kifayət qədər böyük reytinqi var və o, seçkiləri saxtalaşdırmağa belə, ehtiyac duymadan qalib gəlməyi bacarıb. Hətta, bu yaxınlarda Valentina Tereşkovanın konstitusiyadan dövlət başçısının müəyyən müddətə seçilməsini məhdudlaşdıran müvafiq maddəsinin götürülməsi təklifi ilə bağlı da Putin bildirib ki, buna ehtiyac yoxdur. Dövlət Şurası yaradılması və Putinin ona rəhbərlik etməsi, Prezidentə qəyyumluq məsələsinə münasibət bildirən Putin bunun ikihakimiyyətliliyə apara biləcəyini deyib. Rusiyada hər zaman güclü, vahid hakimiyyətin olmasını vurğulayıb. Bu da o deməkdir ki, Putin ömürlük hakimiyyətdə qalmağı planlaşdırır, hakimiyyəti heç kəslə bölüşmək fikrində deyil. Kommunistlər özləri onların SSRİ-nin bərpasını reallaşdırmağa çalışan, SSRİ-nin süqutunu "XX əsrin ən böyük geosiyasi fəlakəti" hesab edən Putinin yanında olmağa və ona dəstək verməyə çalışırlar.

Müəllif: Mərahim Nəsib