“Türkiyə-ABŞ gərginliyinin Azərbaycan üçün də fəsadları olacaq”

Siyasət

18.10.2019 - 13:16

Ramil Məmmədli: “Türkiyə Suriyada daha çox əraziyə nəzarət etmək istəyir ki, bu da ABŞ-ın Yaxın Şərq planının əleyhinədir”

 

Xəbər verdiyimiz kimi, oktyabrın 17-də Türkiyə ilə ABŞ Suriyada atəşkəslə bağlı razılıq əldə edib. Razılaşmaya əsasən, “Sülh çeşməsi” hərəkatına 120 saatlıq fasilə veriləcək və ABŞ YPG-nin bölgədən çəkilməsini təmin edəcək.

 

Mövzu ilə bağlı AYNA-nın suallarını hərbi-siyasi icmalçı Ramil Məmmədli cavablandırıb.

 

- ABŞ ilə Türkiyə arasında yaşanan proseslərin gedişatı nəyə işarədir?

 

- ABŞ və Türkiyə münasibətləri, xüsusilə də hərbi-texniki və hərbi sənaye sahəsində olan əlaqələr 1940-ci illərin sonu - 1950-ci illərin əvvəlinə dayanır. Yəni Türkiyə ən çətin dövrlərində, Sovet Rusiyasından təhdidlər alan zamanda, ABŞ bu ölkə üçün qalxan rolunu oynayıb. Bu gün isə şərtlər dəyişib. Ərdoğan Türkiyəsi bölgədə özünü təsdiq etmək istəyir və bunun üçün hərbi-siyasi mövqelərini gücləndirmək üçün addımlar atır. Suriya ilə bağlı məsələ də bunun tərkib hissəsidir. Bu prosesdə Türkiyənin ABŞ-la maraqları toqquşur. Əsasən də kürd məsələsi ilə bağlı. Düşünürəm ki, bu narazılıqların qarşısı alınmasa, yəni Türkiyə-ABŞ münasibətləri yoluna düşməsə, qazanan tərəf Rusiya olacaq. Bu isə ilk növbədə Azərbaycan üçün müsbət hal deyil.

Mərahim Nəsib