İkibaşlı bəyanatdan sonra kofeyə dəvət və qalib liderdən layiqli cavab

Siyasət

18.05.2025 - 10:22

Həkimlər Klinikalar SEO Xidməti

Sabiq dövlət müşaviri: “Yaxşı olar ki, Azərbaycanın şərtlərini Ermənistan qeyd-şərtsiz icra etsin və sülh masası qurulsun”

Mayın 16-da Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimində iştirak edib. Tədbir çərçivəsində dövlət başçısının Ermənistanın Baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşü olub. Görüşdən əvvəl tərəflər arasında maraqlı dialoq da yaşanıb. Belə ki, Paşinyan Azərbaycan Prezidentini kofe içməyə dəvət edib. Prezident Əliyev isə indi söhbət etdiyini, daha sonra yaxınlaşacağını bildirib.

Baş nazir və Prezident arasında görüşlə bağlı Ermənistan Nazirlər Kabinetinin Mətbuat Xidməti xüsusi məlumat yayıb. Həmin məlumatda qeyd edilib ki, İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsi prosesi müzakirə olunub. Tərəflər sülh sazişi mətninin razılaşdırılmasını önəmli addım kimi dəyərləndiriblər və bu istiqamətdə prosesin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Məlumdur ki, Azərbaycan tərəfi Ermənistanla münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması və regionda sabitliyin təmin olunması istiqamətində konkret mövqe nümayişetdirir. Rəsmi Bakı ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıdığı, sərhədlərin delimitasiyası və demarkasiyası, eyni zamanda,  kommunikasiyaların açılması kimi əsas məsələlərin tezliklə həll olunmasının tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Həmçinin Azərbaycan tərəfi Ermənistan qarşısında iki haqlı şərt qoyub: Ermənistan Konstitusiyanın dəyişdirilməsi, əsas qanundan Azərbaycana qarşı ərazi iddialarının çıxarılması və  ⁠ATƏT-in Mins Qrupunun ləğvi ilə bağlı ortaq müraciətin razılaşdırılması.

Ermənistan isə xüyli müddətdir bu şərtlərin yerinə yetirilməsindən boyun qaçırmağa çalışır. Düzdür, paşinyan qeyd edir ki, Minsk Qrupunun ləğvi barədə birgə müraciəti sülh sazişi imzalanan gün etmək mümkündür. Konstitusiyaya gəlincə isə, Ermənistan Baş naziri iddia edir ki, sülh sazişində ölkələrin ərazi bütövlüyünün toxunulmaz olduğu, qonşuların bir-birinə qarşı ərazi iddiasının olmaması barədə öhdəlik götürülür ki, saziş imzalandıqdan sonra parlamentdə ratifikasiyası həyata keçiriləcək ki, bu məsələ həllini tapacaq. Azərbaycan tərəfi isə mövqeyində qətidir: Konstitusiyada dəyişiklik edilməlidir.

Tiranada Azərbaycan liderinin mötəbər tədbirdə iştirakı, tədbir çərçivəsində Əliyev-Paşinyan qeyri-rəsmi görüşü, iki ölkə arasında münasibətlərin nizamlanması, sülh sazişinin imzalanması məsələləri ilə bağlı AYNA.AZ-ın suallarını sabiq dövlət müşaviri, analitik Qabil Hüseynli cavablandırıb. Politoloq deyib ki, Azərbaycan liderinin tədbirdə iştirakı çox önəmlidir:

- O tədbirdə Azərbaycanı istəməyən bəzi ölkələrin liderləri iştirak edirlər. Amma bununla yanaşı, ölkəmizi istəyən ölkə liderləri də orada idilər. Azərbaycan Avropanın 10-a yaxın ölkəsi ilə xoş münasibətdədir, qarşılıqlı iqtisadi-siyasi əlaqələr mövcuddur. Eyni zamanda, Azərbayac Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır. Bu baxımdan, cənab Prezidentin o görüşə qatılması təqdir edilməlidir. Bu, həm də Azərbaycanın qətiyyətli mövqeyinin bir daha Avropa və dünyaya çatdırılmasında, milli dövlətçilik maraqlarımızdan bir addım da geri çəkilmədiyimizin nümayişi baxımından faydalıdır. Prezident çox mühüm görüşlər keçirdi, mühüm danışıqlar apardı ki, bu görüşlərin ölkəmizə faydası var.

- Prezidentlə Ermənistanın Baş naziri arasında qeyri-rəsmi görüş də keçirildi...

- Bu görüşlə bağlı əvvəlcə maraqlı nüansa toxunum. Paşinyanın İlham Əliyevi kofeyə dəvət etməsi və cənab Prezidentin ona cavabı, davranışı və jesti tam yerində idi. Bu, qalib dövlətə, güclü dövlətin liderinə xas davranış idi. Ancaq müzəffər ölkənin Ali Baş Komandanı belə mövqe nümayiş etdirə bilərdi. Prezident Əliyev bir daha “mən qalib ölkənin lideriyəm və mənim ölkəmin milli maraqlarına cavab verən şərtlər yerinə yetirilməlidir, sülh bizdən də daha çox sizə lazımdır” mesajını vermiş oldu.

Görüşə gəlincə, qeyri-rəsmi də olsa, belə təmasın olması lazımdır. Ən azından uzun müddətdən sonra tərəflərin liderləri üz-üzə fikirlərini bildirdilər. Daha doğrusu, Azərbaycan lideri Ermənistanın Baş nazirinin diqqətinə sülhün, Cənubi Qafqazda sabitliyin bərqərar olmasının nə qədər vacib olduğunu bir daha çatdırıb. Bundan nəticə çıxarmaq isə rəsmi İrəvana aiddir. Ermənistan tərəfinin yaydığı məlumata görə, qısa çəkən qeyri-rəsmi görüşdə sülh sazişinin imzalanması məsələsi müzakirəyə çıxarılıb, saziş mətninin razılaşdırılması təqdir edilib və prosesin davamlılığının vacibliyi bildirilib. Hesab edirəm ki, bu az da olsa, irəliyə doğru addımdır.

- Məlumdur ki, Azərbaycanın tələbləri var, hansı ki, Ermənistan tərəfi uzun müddətdir bu şərtləri icra etmir. Amma Paşinyan görüşdən bir gün əvvəl Azərbaycanın İctimai Televiziyasına müsahibəsində İrəvanın sülh sazişi imzalamağa hazır olduğunu bildirdi. Yəqin ki, görüşdə şərtlər bir daha Paşinyana xatırladılıb...

- Əlbəttə, cənab Prezident Bakının şərtlərinin dəyişməz olduğunu, bu şərtlərin icra edilmədən sülh sazişinin imzalanmayacağını əminəm ki, qarşı tərəfin diqqətinə çatdırıb. Paşinyan İTV-yə müsahibəsində ikibaşlı danışdı. Rəsmi İrəvanın artıq Bakının Minsk Qrupu ilə bağlı şərtini qəbul etdiyini söyləmək olar. Ermənistan tərəfi Minsk Qrupunun ləğvi barədə ATƏT-ə birgə müraciətin sülh sazişi imzalanan gün edilməsini istəyir. Prinsipcə, bununla razılaşmaq olar. Əlbəttə, sülh sazişindən əvvəl belə bir müraciətin edilməsi, de-yure Minsk Qrupunun ləğv edildiyinin bəyanı daha məqbuldur. Daha doğrusu, Bakının tələbi budur və belə olmalıdır. Dediyim kimi, qalib ölkə olan Azərbaycanın diktəsi keçərli olmalıdır. Amma hardasa, sülh sazişi imzalanan gün də bu müraciəti etmək olar, bir daha Minsk Qrupunun “dirildilməsi” cəhdinin olmaması şərti ilə. Lakin Ermənistan Konstitusiyasında dəyişiklik məsələsində Paşinyanın dedikləri məqbul deyil. Bakının şərti konkretdir: Konstitusiyada Azərbaycana qarşı ərazi iddiasını özündə əks etdirən maddə çıxarılmalıdır. Paşinyan sülh sazişinin ratifikasiyası ilə bunun yoluna qoyulacağını deməklə fikir yayındırmamalıdır. Sabah Paşinyan hakimiyyətdən gedəndən sonra Ermənistan Parlamenti yığılıb sülh sazişini keçərsiz elan edə bilər və istinad kimi də Konstitusiyadakı maddəni göstərə bilər. Bizim Ermənistana etimadımız yoxdur. Ümumiyyətlə, ərazi iddialarına ana qanunlarında son qoymasalar, imzalanan sülh sazişinin dayanıqlı olmasına zəmanət yoxdur. Rəsmi Bakı isə yarımçıq və kövrək sülhü istəmir. Ona görə də, yaxşı olar ki, Azərbaycanın şərtlərini Ermənistan qeyd-şərtsiz icra etsin və sülh masası qurulsun.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş