“Biz Cenevrə konsensusunun həyata keçirilməsinə dair çərçivə razılaşması əldə etmişik”
Londonda keçirilən danışıqlarda ABŞ və Çin nümayəndələri ikitərəfli ticarətdə məhdudiyyətlərin qismən aradan qaldırılması və nadir torpaq metallarının Çindən tədarükünün təmin edilməsinə dair sazişlərin həyata keçirilməsi planı üzrə razılığa gəliblər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ-ın ticarət naziri Hovard Lutnik məlumat verib.
O mayın 10-11-də Cenevrədə əldə olunmuş qarşılıqlı rüsumların qismən azaldılmasına dair razılaşmalara toxunaraq, “Biz Cenevrə konsensusunun həyata keçirilməsinə dair çərçivə razılaşması əldə etmişik” deyib.
Lutnikin sözlərinə görə, tərəflərin razılaşdırdığı plan ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin təsdiqinə təqdim olunacaq.
"Biz bu çərçivə sazişlərini ABŞ Prezidenti və Çin rəhbəri tərəfindən təsdiqləndikdən sonra həyata keçirməyə başlayacağıq. Biz məsələnin şübhəsiz ki, nadir torpaq metalları və maqnitlərlə bağlı, onların ABŞ-a tədarükü ilə bağlı müqavilələrin çərçivəsində həyata keçirilməsi yolu ilə həll ediləcəyini gözləyirik", - Latnik vurğulayıb.
Onun Londondakı çıxışının səs yazısı Amerika mediası tərəfindən dərc edilib.
Amerika nümayəndə heyətinə maliyyə naziri Skott Bessent və ticarət nümayəndəsi Ceymison Qri də daxil olub. Çin tərəfini Baş nazirin müavini He Lifenq təmsil edib.