İİV virusu daha çox bu rayonlarda yayılıb

Xəbərlər

02.12.2019 - 15:03

2019-cu ilin 11 ayı ərzində İİV-ə yoluxma faktı 592 nəfər olub

 

“1988-ci ildən başlayaraq hər il dekabrın 1-də dünyada QİÇS-lə mübarizə günü kimi qeyd olunur. Hazırda dünyada 37,9 milyon insan İİV-lə yaşayır, onlardan 24,5 milyonu antiretovirus müalicəsinə cəlb olunub. Şərqi Avropa dünya üzrə İİV-in yayılma səviyyəsinə görə öndədir”. 

 

AYNA xəbər verir ki, bu barədə məlumatı Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova keçirdiyi konfransda məlumat verib.

 

O vurğulayıb ki, bu il həm də QİÇS Mərkəzinin yaradılmasının 30 illik yubileyi qeyd olunur: “Mərkəzin yaradılmasından bu günə qədər QİÇS-lə mübarizədə əsas hədəf 90% müalicə, 90% diaqnoz, 90% virus yükünün azalmasına nail olmaqdır. Hələlik bu hədəfə tam çatılmayıb. Amma 30 il ərzində müəssisəmiz peşəkarlıq səviyyəsini artırıb, maddi texniki bazası və tibbi personal xeyli təkminləşib. Həmçinin işimizə beynəlxalq təşkilatlar, QHT-lər də dəstək veriblər. İİV-in yayılma səviyyəsinin qarşısı alınıb”.

Mərkəzin mütəxəssisi Natiq Zülfüqarov məlumat verib ki, 2019-cu ilin 11 ayı ərzində İİV-ə yoluxma faktı 592 nəfər olub. Onların 563-ü(95%) Azərbaycan vətəndaşı, 29 nəfəri 5%-i əcnəbidir. İİV-li Azərbaycan vətəndaşlarının 371-i (65,9%) kişi, 192-si (34,1%) qadındır.

 

Ümumilikdə isə 2019-cu ilin 1 dekabrınadək Mərkəzdə 6774 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan da 4701 nəfər kişi (69,4%), 2073 nəfər qadındır (30,6%). Bu il ərzində İİV aşkarlananlardan 41%-i inyeksion narkotik istifadəsi, 47,8%-i hetereseksual, 3%-i homoseksual kontakt nəticəsində, 1,6%-i anadan uşağa keçməklə, 0,02%-i isə donor qanın köçürülməsi zamanı yoluxub. 6,6%-nin yoluxma yolu müəyyən olunmayıb.

 

Mütəxəssis nəzərə çatdırıb ki, respublikanın İİV-ə aşkarlananlar daha çox Şirvan, Hacıqabul, Astara, Lənkəran, Sumqayıt sakinləri üstünlük təşkil edir.

Tədbirdə çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmançı vurğulayıb ki, dünyanın hər yerində QİSÇ-lə bağlı stiqma hökm sürür: "Bu yaxında İsveçrə kimi inkişaf etmiş bir ölkədə bir qızın hekayəsinə qulaq asdım, məlum oldu ki, hətta bu ölkədə xəstəliklə bağlı damğalanma mövcuddur. İİV-ə yoluxmuş qız ağlayaraq deyirdi ki," kaş ki, mən xərçəng olardım, nəinki İİV. İndi mən yoluxmamı ailəmə necə deyəcəm".

 

Təşkilat rəhbəri cəmiyyətdə ən əvvəl xəstəliklə bağlı qorxuların yox edilməsinin hədəf olduğunu bildirib.

 

Tədbirin sonunda mövzu üzrə jurnalist  müsabiqəsində iştirak edən media nümayəndələri mükafatlandırılıb.

Müəllif: Ayna.az