İdmançılarımızdan acınacaqlı nəticə və pandemiya bəhanə

İdman

25.03.2021 - 23:09

Həkimlər Klinikalar SEO Xidməti

Sahib Əsədbəyli: “Heyətin böyük hissəsini legionerlərin təşkil etdiyini nəzərə alsaq, gör yerli güləşçilər hansı durumdadır!”

 

Sənan Abdullayev: “Yaxşı, məşqçi Namiq Abdullayevin qatqısı nədən ibarətdir?”

 

Bir neçə gün öncə Macarıstanın paytaxtı Budapeştdə Avropa Olimpiya Təsnifat Turniri keçirildi. Bu turnirdə Azərbaycan idmançılarına ümid böyük olsa da, cəmi iki idmançı - Hacı Əliyev və Hacımurad Hacıyev Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazana bildi. Digər idmançılar isə gözlənilən nəticəni doğrulda bilmədilər. Hətta, bəzi idmançılarımız böyük hesabla rəqiblərinə məğlub oldular.

 

AYNA acınacaqlı durumu mütəxəssislərlə müzakirə edib.

1 qızıl, 7 gümüş, 10 bürünc: bəsimizdir?

İdman yazarı Sahib Əsədbəyli deyib ki, turnirdən öncə 50-60 faiz civarında nəticəyə ümid edilirdi: “Ancaq komandaların cəmi üç üzvü lisenziya qazandı, bu da heç 20 faizlik göstəriciyə çatmır. Halbuki püşkdə olduqca şanslı tərəf idik. Fantastik rahat yerləşmələr idi. Təmsilçilərimizin əksəriyyəti finaladək, demək olar, bütün əsas rəqiblərindən aralı düşmüşdü”.

 

Onun sözlərinə görə, güləşçilərin hazırlığı yetərli səviyyədən uzaqdır: “Bir neçə təmsilçimiz ya görüşün gedişində əhəmiyyətli üstünlüyünü əldən verdi, ya da son saniyələrdə büdrədi ki, bu, xüsusilə fiziki dözümlülüyün nə yerdə olmasından xəbər verirdi. Üstəlik, heyətin böyük hissəsini legionerlərin təşkil etdiyini nəzərə alsaq, gör, müvafiq çəki dərəcələri üzrə yerli güləşçilər hansı durumdadır?!”.

 

“Deyək ki, növbəti təsnifat turnirində daha 3-4 vəsiqə əldə olundu, bəs sonrası - olimpiada? Bu gün belə bir məsul yarışda 6-cı, 7-ci dərəcəli güləşçilərlə bacarmadıqsa, oradakı vəziyyəti təsəvvür etmək çətin olmur”, - deyə Əsədbəyli vurğulayıb.

 

Mütəxəssisin fikrincə, problem tək güləşdə deyil, bütövlükdə ölkədə idman "dişsiz" dövrünü yaşayır: “Səbəbini bu gündə, nə bilim, günümüzdə şablon bəhanə halına gəlmiş pandemiyada-filanda yox, dərində axtarmaq lazımdır. Əvvəllər 25 yaşadək olimpiya mükafatına namizəd sayılan, heç olmasa 5-6 yerli idmançımız olardı. İndi bircə nəfər də olsa, belə nümunə yoxdur. Üç-dörd nəfər güman yeri var, onların da yaşı 30-dan artıq. Kütləvi milliləşdirmə arxayınlığından, "bu gün var, sabah necə olacaqsa, olacaq" deyə sıxıb suyunu çıxardıblar idmanın. Tokio olimpiadası çöküş prosesinin məntiqi yekunu olacaq. Fəqət könül istəyərdi ki, Qarabağdakı qələbə ab-havasının davamı dünyanın ən böyük idman yarışında da gəlsin”.

 

Yazar ümid edir ki, olimpiadadan sonra silkələnmə olacaq: “İdman idarəçiliyi sistemində dəyişikliklər baş tutacaq, yanaşma yenilənəcək. Yalnız bu halda, həqiqətən idman ölkəsi ünvanına iddia edə bilərik. Yoxsa beş-on yeni legioner gətirib boşluqları yamamaqla mümkün deyil”.

İdman jurnalisti Sənan Abdullayev qeyd edib ki, buradakı nəticələr üçün əldə olan real bəhanə-səbəb pandemiyadır: “Amma bunda bəhanə yükü ağır gəlir. Çünki əsas güləş millimiz üçün hər bir şərait yaradılmışdı. Məsələn, sərbəst güləşçilərimiz Dağıstanda təlim-məşq toplanışı keçib, ardından Kiyevdə beynəlxalq turnirə qatılıb. Sonradan 4 ölkənin birlikdə təlim-məşqi olub. Yekunda 2 lisenziya qazanmışıq ki, onun da biri gözündən əməliyyat olunmuş, açıq-aydın hazır olmayan Hacı Əliyevin aktivindədir”.

 

“O zaman sual oluna bilər: Məşqçi Namiq Abdullayevin qatqısı nədən ibarətdir? Hələlik görünən odur ki, əfsanəvi idmançı Namiqlə məşqçi Namiq arasında yumşaq desəm, böyük fərq var. İstər Yunan-Roma, istərsə də qadın güləşi üzrə millimizdə vəziyyət fərqli deyil. Ağayev də, Tarakanov da komandaları yarışa hazırlaya bilməmişdi. Ən üzücü olan isə bu yarışda 11 milliləşdirdiyimiz güləşçidən cəmi 1-nin lisenziya qazanmasıdır”, - deyə müsahibimiz bildirib.

 

Abdullayev qeyd edib ki, Federasiyada durumun qarışıq olduğu da göz önündədir: “Böyük addımlar atılması üçün isə zaman qalmayıb. Olimpiada qulağımızın dibindədir. Allahın ümidinə vəziyyətdən çıxmaq lazımdır. Son yarış 6-8 mayda dünya təsnifat yarışıdır. Bizim cəmi 5 lisenziyamız var. Ora bütün dünyanın son ümid yeridir. İndiki vəziyyətimizlə şansımız, demək olar, yoxdur. Sadəcə xatırladım ki, son olimpiadada 14 idmançımız vardı. 3 gümüş, 6 bürünc medal qazanmışdıq. Yəni kənardan baxanda da hər şey ortadadır”.

Müəllif: Təranə Xudabaxşiyeva