Dünya koronavirus pandemiyası ilə mübarizə apararkən iki ayrı ssenari ortaya çıxıb
ABŞ və İngiltərə kimi ölkələrdə yeni peyvəndlənən insanlar uzun çəkən ayrılıqdan sonra yaxınlarını nəhayət qucaqlaya, bir-biri ilə yaxın təmasda ola bilirlər. Hindistanda isə vəziyyət tamamilə əksinədir. Ailələr ölülərini sayırlar. Ölkədəki xəstələrin sayı hər gün yeni rekord həddə çatır. Xəstəxanalarda yer olmadığına, oksigen balonu qıtlığı yaşandığına görə xəstələr geri göndərilir.
Bununla yanaşı, mütəxəssislər söyləyir ki, virus nə qədər çox yayılırsa və mutasiya edirsə, mövcud peyvəndlərə müqavimət göstərə biləcək variantlar yaratmaq çətinləşir və digər ölkələrin də bu təhlükə ilə üz-üzə qalma ehtimalı yüksəlir. Eyni zamanda dünyanın ən böyük peyvənd istehsalçılarından biri olan Hindistanın vəziyyəti onu göstərir ki, Cənubi Afrika və Braziliya da daxil olmaqla, 92 yoxsul ölkə bəlkə aylarla, bəlkə də illərlə tam peyvəndlənmə apara bilməyəcəklər.
AYNA xarici mətbuata l istinadən xəbər verir ki, Hindistanda COVID-19-un ikinci ölümcül dalğası Dehli, Mumbay, Laknau, Pune kimi böyük şəhərləri viran qoyub. Xəstəxanalar və krematoriyalarda yer bitib, cənazələr parklama yerlərində təşkil olunur. Bununla yanaşı, pandemiya bir çox kiçik şəhər, qəsəbə və kəndlərə də təsir edib.
Hindistandakı ölümcül epidemiya bütün dünya üçün təhlükə yaradır. ABŞ-da Braun Universiteti Xalq Sağlamlığı Fakültəsinin Dekanı Dr. Aşiş Ja “Hindistana kömək etməyəcəyimiz təqdirdə, dünyanın bundan əziyyət çəkməsindən qorxuram. Buna görə Hindistandakı COVID-19 epidemiyası koordinasiyalı tədbir tələb edən qlobal bir problemdir” deyib.
Mütəxəssislər qeyd edirlər ki, ölkədə hazırda prioritet məsələ xəstələrin həyatını xilas etmək olsa da, virusun yayılmasının qarşısını almaq üçün ölkə əhalisinin peyvənd edilməsi vacibdir. Dünyanın ən böyük peyvənd istehsalçılarından olmasına baxmayaraq, Hindistan özü kifayət qədər dozaya sahib deyil və daha çox insanı peyvənd etmək üçün daha sürətli və sadə bir yol isə yoxdur kimi görünür.
Hindistandakı vəziyyət fonunda Qərb ölkələri peyvənd ehtiyatlarına görə tənqid olunur. İngiltərənin səhiyyə naziri Matt Hankok Hindistana göndərmək üçün kifayət qədər peyvənd ehtiyatının olmadığını deyib. ABŞ Prezidenti Co Bayden Hindistan Baş naziri Narendra Modi ilə görüşdüyünü və ABŞ-ın Hindistana peyvənd göndərməyi planlaşdırdığını təsdiqləyib. Həftənin əvvəlində ABŞ 60 milyon doza “AstraZeneca” peyvəndini digər ölkələrlə bölüşəcəyini söyləyib, lakin bunun nə zaman baş verəcəyi və peyvəndlərin hansı ölkələrə göndəriləcəyi açıqlanmayıb.
Amerikalı professor Antoni Fauci koronavirus peyvəndlərinin dünya miqyasında ədalətli paylanmasının çox vacib olduğunu bildirib: “Çünki hamımız bununla məşğuluq. Qlobal bir dünyada yaşayırıq. Xüsusilə zəngin bir ölkəsinizsə və ehtiyatınız çoxdursa, digər ölkələr üçün məsuliyyət daşıyırsınız”.
Mütəxəssislər Hindistandakı epidemioloji vəziyyətin nəzarətə alınmayacağı təqdirdə peyvənd ehtiyatı aşağı, səhiyyə sistemi zəif olan qonşu ölkələrdə də vəziyyətin çətinləşəcəyini istisna etmirlər. Hindistan digər ölkələr üçün peyvəndlərin hazırlanmasında aparıcı rola malik olduğundan, virusun yayılmasının dayandırılmaması peyvəndin bütün dünyaya yayılmasınına da təhlükə yaradır.
Qeyd edək ki, ilk dəfə Cənubi Afrika və Braziliyada alimlər tərəfindən təsbit edilən digər variantların orijinal virusdan daha çox ötürdüyünə inanılır və bu mutasiya olunmuş viruslar ondan çox ölkəyə yayılmışdır. Mütəxəssislər deyir ki, “Pfizer/BioNTech”, “Moderna və Johnson & Johnson” peyvəndləri bu variantlara qarşı müxtəlif dərəcədə təsir göstərib. Lakin koronavirus mütəmadi olaraq mutasiyaya uğradığından mövcud peyvəndlərin insanları yeni variantlardan qoruyacağına dair heç bir zəmanət yoxdur.