“HARD talk” Azərbaycan üçün çətin olmayacaq

Siyasət

19.08.2020 - 16:21

“Bizim mövqeyimiz Ermənistana nisbətdə daha ədalətli olduğu üçün, aciz durma düşməyimiz mümkün deyil”

 

Bir neçə gün əvvəl Ermənistanın Baş Naziri Nikol Paşinyan BBC-nin “HARD Talk” (Çətin söhbət) proqramının qonağı olub. Müsahibəni məşhur jurnalist Stephen Sackur götürüb.

 

Jurnalistin Nikol Paşinyana Xocalı faciəsi, Dağlıq Qarabağ münaqişəsi, iki ölkə arasında davam edən qarşıdurma, Tovuz döyüşləri, Ermənistanın sülhə adekvat addımlar atmaması və s. barədə verdiyi suallar qarşısında Paşinyan çətin duruma düşüb və suallara birmənalı cavab verə bilməyib.

 

Müsahibə qısa zaman kəsiyində dünya və Azərbaycan gündəmində əks-səda yaradıb və Paşinyan heç də sülhpərvər siyasət yürütmədiyi üçün tənqid və təhqirlərə tuş gəlib.

 

Bununla yanaşı, Stephen Sackur Azərbaycan rəhbərliyindən də kimisə proqramda qonaq etməyə hazır olduğunu bildirib və ölkə ictmaiyyəti müxtəlif simaları veriliş üçün təklif edib.

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Fuad Çıraqov AYNA-ya deyib ki, Ermənistanın sözügedən verilişdə aciz duruma düşməsi birinci dəfə deyil: “Keçən il də Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan həmin verilişdə eyni vəziyyətə düşmüşdü. Stephen Sackur eyni suallarla onu da “divara dirəmişdi”. Bu proqramın əhəmiyyəti ondan ibarətdir ki, dünayada qərarvericilərin, siyasətlə məşğul olan adamların baxdığı birinci verilişdir. Yəni bu veriliş həm siyasətçilərin, həm beynəlxalq araşdırmaçıların, həm dövlət işiylə məşğul olanların baxdığı əsas verilişdir və bu verilişdə səslənən fikirlər qlobal miqyasda rəy formalaşdırır. Ona görə də bu veriliş böyük əhəmiyyət kəsb edir”.

Analitikin fikrincə, Ermənistanın həmin proqramda aciz duruma düşməsi onu göstərir ki, artıq 1980-ci ilərin sonu-90-cı illərin əvvəllərindəki kimi beynəlxalq ictiamiyyətin komfort zonasında deyil və istədiyi mövqeyi sərgiləyə, istədiyi yalanları danışa bilmir: “Məsələn, həmin dövrdə bizim xarici siyasət aparatımız yox idi, belə verilişlərin əhəmiyyətini bilmirdik və Ermənistan da bundan istifadə edib Azərbaycan əleyhinə istənilən kampaniyanı aparırdı. Belə ki, bizi gah müsəlman fundamentalisti kimi qələmə verir, gah “Hizbullahçı” kimi təqdim edir və hər fürsətdə münaqişəni bizim yaratmağımızla bağlı təbliğat aparırdılar”.

 

“Təsadüfi deyil ki, ABŞ Konqresi tərəfindən qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişi də bu ərəfədə qəbul etdirmişdilər. Amma görünür ki, artıq onların həmin komfortu qalmayıb və həqiqət öz yerini tapıb deyə, bütün dünyada çətin vəziyyətdə qalıblar. Lakin mən Paşinyanın keçən il Ermənistanın Xarici İşlər nazirinin aciz duruma düşməsindən sonra həmin verilişdə iştirak etməsini başa düşə bilmirəm”, - müsahibimiz bildirib.

 

Çıraqov sözügedən proqrama Azərbaycan rəhbərliyinin dəvət olunmasını da dəyərləndirib: “Qərarın necə veriləcəyi və orada kimin iştirak edəcəyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur. Yəqin ki, ölkə rəhbərliyi səviyyəsində bu haqda fikir mübadiləsi aparılır. Buna baxmayaraq, istər Prezident Administarsiyasında olsun, istət Xarici İşlər Nazirliyində, istərsə də diplomtalar aarasında həmin verilişdə iştirak edə biləcək potensialda kifayət qədər adam var. Sadəcə, məsələ ondadır ki, bizim mövqeyimiz Ermənistana nisbətdə daha fərqli və ədalətli olduğu üçün, bizim eyni formada aciz duruma düşməyimiz mümkün deyil. Çünki bunun üçün heç bir əsas və bəhanə yoxdur”.

Müəllif: Mərahim Nəsib