“Gürcü Arzusu” mitinq keçirəcək: “Qara pula” yox deyək!

Dünya

22.04.2024 - 16:45

Hakim partiya “xarici agentlər” haqqında qanuna dəstək qazanmaq istəyir

Hakim “Gürcü Arzusu” Partiyası aprelin 29-da Gürcüstan Parlamentinin binası qarşısında milli toplantı keçirməyi planlaşdırır. AYNA xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun yaydığı bəyanatda deyilir.

Bəyanatda deyilir: “Sizi, ölkəmizin vətənpərvər vətəndaşlarını, Gürcüstanda “çirkli pulla” inqilabı rədd etməyə, pravoslav kilsəsinə qarşı hücumları, LGBT təbliğatını, narkotik təbliğatını, dövlət institutlarını nüfuzdan salan, radikalizmi və qütbləşməni maliyyələşdirməyi rədd etməyə çağırırıq. Biz imkan verə bilmərik ki, siyasi və mənəvi cəhətdən iflasa uğramış siyasi azlıq spekulyasiya etsin və xalqın adından danışsın. Biz gürcü xalqının böyük əksəriyyətinin harada dayandığını, həqiqətə və əsl Avropa dəyərlərinə dəyər verən, ənənəvi milli dəyərlərimizə dəyər verən hər kəsə göstərəcəyik”.

Bəyanatda qeyd olunub ki, “Gürcü Arzusu”nun reytinqi cəmiyyət arasında 60 faizi keçib, müxalifətin isə cəmi 12 faiz dəstəyi var. Həmçinin bildirilir ki, “xarici agentlər” haqqında qanuna etiraz edənlərin sayı azdır, maksimum 9500 nəfərdir və ümumilikdə ölkə hakim partiyanın bütün təşəbbüslərini dəstəkləyir.

Bəyanat bu sözlərlə bitir: ““Qara pula” yox deyək və şəffaflığa, əsl Avropa yoluna, müstəqil və suveren Gürcüstana “hə” deyək!”.

Müəllif: Ayna.az