Gözdən iraqdakı biz: qorxdular türk deməyə, döndülər türkmən dedilər

Tarix

11.07.2021 - 22:15

Şərqdən Qərbə axın, yarıxoş-yarızor məskunlaşma və dünya bir ovuc topluma qarşı

 

Böyük Türküstan coğrafiyasının bir parçası da İraqın şimalı, türkmənlərin yaşadığı bölgələrdir. Canımızdan, qanımızdan olan  türkmən soydaşlarımız İraq ərazisində minillik bir tarixin, mədəniyyətin daşıyıcılarıdır.

 

Lakin İraq torpaqları türklərlə dörd min il əvvəldən tanışdır. S.N.Kramer “Tarix Şumerdən başlanır”, - deyir. Qəbul edilmiş bir fakt var ki, İkiçayarasının ilk sakinlərindən olan şumerlər Şərqdən gələn türk tayfaları idi.

 

Türklərin İraqda köklü varlığı

 

Yeni sivilizasiyanın başlanğıcında türklərin İraq ərazisinə gəlişi Azərbaycandan keçərək bölgəyə yerləşən iskitlərlə oldu. İskitlərin e.ə. VII əsrdə dövlət qurması ilə İraqın da şimalına yayılmaları tapılan maddi sübutlarla təsdiqlənir.

 

İkinci yerləşmə Əməvi Ərəb Xilafəti dövrünə təsadüf edir. Belə ki, xəlifə Müaviyyənin Mərkəzi Asiyaya göndərdiyi Übeydullah İbn Ziyad 674-cü ildə Ceyhun çayı ətrafındakı türk tayfalarını məğlub edib, Buxaraya yol almışdı. O zaman Buxarada ərəblər böyük dirənişə tab gətirməyərək, barışıq etmişdilər. Barışıq şərtlərindən biri türklərdən ibarət orduların da Xilafət ordusunda yer alması idi.

 

Übeydullah razılığa əməl etdi və türklərdən təşkil edilən 5 minlik ordunu da götürüb, indiki İraq ərazisinə gəldi. Türklər burada Bəsrəyə yerləşdilər. Yavaş-yavaş bu ordunun sayı çoxalmaqla, ailələri də bölgəyə yerləşdilər.

 

Artıq IX-X əsrdən Mərkəzi Asiyadan Oğuz türklərinin qərbə axını baş verdi. Bu zaman indiki Cəbuni Azərbaycan və İraq ərazisinə kütləvi köç edən Oğuz boyları buaradakı eyni mədəniyyətə mənsub olduqları türk oymaqları ilə qaynayıb-qarışdılar. Türklərin birləşməsi və oturaq həyata başlaması bu dövrdən başlanır.

 

İraqda yerləşən Oğuz boyları əsasən Bayat, Bəydilli, Oyrat boyları idi ki, onların qalıqlarına Şimali Azərbaycanda və Suriya türkmənləri arasında da rast gəlmək mümkündür. İraq türklərinin yerləşdiyi, mərkəzi Kərkük olan Molus, Təlafər, Ərbil və digər ərazilər, yazılanlara görə, qədim Babil şəhərinin xarabalıqları üzərində yerləşir.

 

Təşəkkül

 

Səlcuqlarla bölgəyə türk axını daha da genişləndi və xalq kimi formalaşma başa çatdı. Bundan sonra Atabəylər, Hülakülər, Cəlairilər, Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinin tərkibində yaşadılar, orduya əsgər oldular. Səfəvi dövləti yaranan zaman İsmayıl Mirzənin ətrafında birləşib, onu şahlıq taxtına kimi aparan tayfalardan biri də türkmənlər idi. Onlar hələ Ərdəbil hakimliyinin mövcudluğu dövründə qızılbaşlığı qəbul etmiş, Anadolu və  Suriyada türkmən mürid ocaqlarının qurulmasında yaxından iştirak etmişdilər.

No description available.

1534-cü ildə Qanuni Sultan Süleymanın Səfəvilər üzərinə yürüşündən sonra Bağdad da daxil olmaqla, İraq ərazisi tamamilə Osmanlı torpaqlarına qatıldı. 1639-cu ildə bağlanan “Qəsri-Şirin” sülhündən sonra bu, tamamilə təsdiqləndi.

 

1918-ci ildə Birinci Dünya müharibəsi sona çatdı və yeni dövlətlər qurulmağa başladı. Bu zaman ingilislər Osmanlıdan alınan İraq torpaqlarına sahibləndilər və burada yeni İraq krallığı yaratdılar. Paris sülh konfranında da bu qərar qəbul edildi. İraq müstəmləkə şəklində idarə olunmağa başladı.

 

Bu zaman Ankara hökuməti Osmanlının Mosul neftinin varisi  olduğunu, dolayısı ilə bu ərazilərin Türkiyəyə məsxus olduğunu bildirirdi. Ona görə İraqın şimalı Misak-ı Milli torpaqlarına aid edildi və İngiltərə ilə Mosul böhranı yaşandı. Lozanna konfransında ingilislər İraq türkləri haqqında “türkmən” ifadəsi işlədərək, onların türklərdən fərqli olduğunu bildirsələr də, İsmət Paşanın türk-türkmən soyu haqqında izahı qarşısında susdular.

 

1924-cü ilə qədər davam edən Mosul böhranı nəticəsiz qaldı və İraqın şimalını Türkiyə geri qaytara bilmədi. Bunun üçün hərbi müdaxilə də edilmədi. Çünki yeni qurulan Türkiyəni Avropa tanımaq istəmirdi və bu, düşmənlərlə yeni müharibələrə səbəb olacaqdı. Türkiyənin isə yenilmə riski böyük idi. Beləliklə, İraqın şimalı İraq torpaqları hesab edildi.

 

50-ci illərdə start götürən ərəb milliyətçiliyi bölgədə olan türkləri sıxışdırmağa başladı. Türkiyə hökumətinin təzyiqlərindən və türkmənlərin arxasında Türkiyənin olduğunu xatırladan bəyanatlardan sonra çəkinən İraq hökuməti 1959-cu ildə türkləri türkmən adlandırdı və onların türklərdən fərqli xalq olduğu ideologiyası aşılandı. Türkmənlərin böyük bir hissəsi ərəbləşdirildi. Türkmən kəndlərinə küd və ərəb ailələri köçürüldü.

 

Qətliam

 

Ölkədə ingilis siyasətini həyata keçirən yeni formal bir monarxiya qurulmuşdu. Bu monarxiya 1958-ci ilin 14 iyulunda həm xalqın, həm də Sovet İttifaqının dəstəyi nəticəsində, hərbi çevrilişlə tarixə qovuşdu. Yaxın və Orta Şərqdə ərəb milliyətlçiliyi adı ilə yeni idarə sistemi - “Ərəb Dövlətləri Liqası” yaradan SSRİ İraqsız bu birliyin möhkəmlənə bilməyəcəyini anlayırdı. Misir, ardınca da İraqda həyata keçirilən çevrilişlər bölgədə SSRİ-nin nüfuzunu gücləndirdi.

 

1959-cu ilin 14 iyulunda xalq monarxiyanın devrilməsinin 1 illiyini qeyd edəcəkdi. Türkmənlər də İraq xalqının bir parçası olaraq dövlət bayramına hazırlıq görmüşdülər. Havanın isti olmasından dolayı mərasim axşam saatlarına təyin edilmişdi. Minlərlə gənc türkmən milli geyimlərində Kərkük mərkəzi meydanına axışırdı.

 

Mosul, Təlafər, Ərbil rayonları və Bayat kəndləri bölgəsindən gələn türkmənlər meydanda toplaşdılar. Törənin açılışı saat 19:00-da  baş tutmaq üzrə idi ki, ard-arda hər tərəfdən gələn silahlılar tədbir iştirakçılarını gülləbaran etdilər. Nə baş verdiyini anlamayan köməksiz insanlar dağılışmağa, yaralıları ərazidən uzaqlaşdırmağa çalışırdılar. Lakin yüzlərlə əlisilahsız türkmən oradaca yaralandı, öldürüldü.

 

Bu, azmış kimi evlərə, dükanlara basqın edildi, yağmalandı, hər tərəf dağıdılaraq yandırıldı. 60-a yaxın insan diri-diri boş quyulara atıldı, üzəri torpaqlanaraq öldürüldü.

 

Bu qətliam üç gün davam etdi. Türkmən aydınlar, həkimlər, müəllimlər, vəkillər evlərindən aparılaraq edam edildilər. Onların içərisində Ata Xeyrullah və məşhur həkim Ehsan Xeyrullah da vardı. Türkmən gənclər maşınlara bağlanaraq sürükləndi, elektrik dirəklərindən asıldı, kimilərinin isə üzərlərindən avtomobillə keçdilər.

 

Hücum edənlər o zaman İraqda, əsasən kürdlərdən təşkil edilən İraq Kommunist Partiyasının peşəkar silahlı üzvləri idilər. Onlar kürd və ərəb qrupları olmaqla, vaxtilə SSRİ tərəfindən Rusiyada yetişdirilmişdilər. Bu qətliamda ordu və polis də kommunistlərlə birləşdi.

No description available.

Dünyanın gözü qarşısında baş verən, qəzetlərin manşetinə çevrilən bu qətliama İraq hökuməti susurdu. Bir çox yerlərdən təpki gəlsə də, böyük dövlətlər də susmuşdu. Türkmənlər kimsəsiz və çarəsiz qalmışdılar. Az sonra İraq hökumətinin rəhbəri general Qasım günahkarların cəzalanacağını bildirsə də, xeyli günahkar məhkəmədən cəzasız buraxıldı.

 

Bu qırğın XX əsrdə türklərə qarşı edilən böyük  soyqırımılarından  biridir. Məqsəd isə bəlli idi - bölgədə türklərin güclənməsindən, gələcəkdə Türkiyə Cümhuriyyəti ilə əlaqə qura biləcəklərindən çəkinən Sovet İttifaqı bu qətliamı kürdlərin əli ilə həyata keçirdi. Erməni-türk qarşıdurmasından sonra, bölgədə kürd-türk düşmənçiliyinin də əsası qoyuldu.

 

Türkmən qəzetləri bağlandı, milli bayramlar, öz dillərində danışmaq da qadağan edildi. Daha bir plan isə türkmənləri bir-birindən ayıraraq, zamanla məhv edib, Türkmənelindən çıxarmaq idi. Bu qətliamdan sonra türkmən xalqı kimsəsiz qalsa da, gələcəyi üçün öz milli dirənişlərinin vacibliyini qəti qərarlaşdırdı.

 

Min illik tarixi olan Türkməneli 62 ildir yurdlarını qorumaq və öz torpaqlarından sürgün edilməmək üçün dirəniş göstərir. Sağ qalmış, qəlbi qırılmış, çarəsiz türkmənlər bir daha özlərindən başqa onları qoruyacaq bir qüvvənin olmadığını anlamışdılar. Bu gün də İraq sərhədləri daxilində öz əzablı talelərini yaşayırlar...

Müəllif: Şəhla Cabbarlı