“Google” Rusiyanı niyə “soyundurdu” - Azərbaycan üçün də vacib məqam

Aktual

21.04.2022 - 10:19

“Xidmət Rusiya ordusunun məxfi obyektlərini gizlətməyi dayandırıb, indi onları yüksək dəqiqliklə görə bilərsiniz”

Rusiya ordusunun məxfi obyektlərini (nüvə raketləri, aviabazalar, döyüş təyyarələri və s.) artıq “Google Maps”də açıq şəkildə görmək mümkündür. Bu haqda “Novoye Vremya” xəbər verir.

““Google Maps” onlayn xəritə xidməti Rusiya ordusunun məxfi obyektlərini gizlətməyi dayandırıb. İndi onları yüksək dəqiqliklə görə bilərsiniz”, - deyə məlumatda bildirilir.

“Operative ZSU” “Telegram” kanalı isə “Google Maps”də yüksək təsvir ölçüsündə əlçatan olan bir neçə obyektin siyahısını dərc edib. Onların arasında:

- “Admiral Kuznetsov” təyyarədaşıyan gəmisi;

- Murmansk yaxınlığındakı nüvə silahı anbar bazası;

- RF Müdafiə Nazirliyinin uçuş sınaq mərkəzində beşinci nəsil “Su-57” qırıcısı;

- Qitələrarası ballistik raketin buraxılış mövqeyi;

- Kursk yaxınlığındakı hərbi hava bazası.

“ArmyINFORM” xəbər verir ki, indi hər kəs Rusiyanın müxtəlif buraxılış qurğularını, qitələrarası ballistik raket şaxtalarını, komanda məntəqələrini və gizli təlim meydançalarını hər piksel üçün təqribən 0,5 metr ayırdetmə qabiliyyəti ilə görə bilər.

Qeyd edək ki, əvvəllər əksər hərbi obyektlər “Google Maps”də baxmaq üçün bağlanmışdı.

Aprelin 15-də Rusiyanın rəqəmsal inkişaf naziri Mixail Fedorov “Google”un bütün növ Rusiya kartları üçün ödənişləri dayandırdığını açıqlamışdı: ““Google” Rusiyadan ödənişləri dayandırıb. Heç bir rus kartı ilə ödəniş edə bilməzsiniz. Mobildən ödənişlə abunəni də ləğv etdilər”.

Maraqlıdır, “Google Maps”in Rusiya ordusunun məxfi obyektlərini gizlətməyi dayandırması nəyə dəlalət edir? Bu, hansı məqsədlə edilə bilər? Bu, Rusiya Federasiyasının müdafiə qabiliyyətinə hansısa şəkildə təsir edirmi? Ukraynanın silahlı qüvvələrinə, NATO ölkələrinə, Qərbə hansısa şəkildə kömək edirmi? Bu, son nəticədə Rusiyanın Ukrayna xalqına qarşı davam edən təcavüzünü dayandırmağa kömək edə bilərmi?

AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Praqada yaşayan rus hərbi-siyasi ekspert Yuri Fedorov:

“Bəli, bu, Rusiyanın bütün müasir kommunikasiya vasitələrindən, rəqəmsal texnologiyalardan, onlardan istifadə etmək imkanlarından, o cümlədən Rusiya hərbi fəaliyyətində bəzi mühüm məqamları gizlətmək imkanlarından getdikcə daha çox təcrid olunduğunu göstərən çox maraqlı mesajdır. Güman etmək olar ki, son günlərə qədər “Google” hər cür həssas obyektləri göstərməmək üçün Rusiya Federasiyası ilə bir növ razılığa gəlmişdi. Əks halda, Rusiya hakimiyyəti “Google”u hər cür cərimələrlə, hətta bu şirkətin Rusiyadakı fəaliyyətini dayandırmaqla hədələyə bilərdi.

İlk növbədə ABŞ, Fransa, Böyük Britaniya, Çin kimi öz kəşfiyyat peykləri sisteminə malik inkişaf etmiş ölkələr üçün “Google”dan obyektlərin bütün dəqiqləşdirilən koordinatlarla reallıqda yerini göstərən elektron xəritələrin olması elə də çox fərq etmədi. Onlar artıq bütün lazımi məlumatlara malikdirlər. Lakin belə sistemləri olmayan, öz kəşfiyyat peyk məlumatlarına malik olmayan ölkələr üçün (məsələn, Ukrayna və ya Azərbaycan üçün) bu cür məlumatlar əhəmiyyətli maraq doğura bilər. Xüsusilə də, müvafiq dövlətlərin sərhədləri yaxınlığında yerləşən hərbi obyektləri göstərsələr.

Həqiqətən də, bir sıra hallarda bu, Ukraynaya Rusiyadan gələn hərbi təcavüzü qarşı daha sistemli müqavimət göstərməyə, müdafiəsini savadlı, daha ağlabatan planlaşdırmağa, təhlükələri qiymətləndirməyə və s. kömək edir. Beləliklə, biz “Google” tərəfindən bu addımı yalnız alqışlaya bilərik”.

Ukraynalı hərbi-siyasi ekspert, “Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin təhlükəsizlik şöbəsinin rəhbəri Qleb Parfyonov:

“Ümumiyyətlə, “Google” heç vaxt Rusiya bazalarını öz xəritələrində xüsusi olaraq ciddi şəkildə gizlətməyib. Ona görə də bu addımın silahlı qüvvələrə əhəmiyyətli dərəcədə köməklik edəcəyini söyləmək, məncə, demaqogiyadır.

Ukrayna müttəfiqlərindən real vaxt rejimində məlumat alır, “Google” xəritələri isə bir neçə aydan bir yenilənir. Axtarmaq üçün könüllülər çox vaxt tamamilə fərqli vasitələrdən istifadə etməli olurlar. Düşmən düşərgələrinin yerini və qabaqcıl mövqelərini bir neçə gündə müəyyən etməyə imkan verən “Sentinel” sistemi kimi.

Bu addım Rusiyanın təcavüzünün yatırılmasına nazir Fedorovun bəyanatlarında dediyi fikirlərdən daha çox təsir edir”.

Müəllif: Rauf Orucov