FHN attraksionlara nəzarəti gücləndirib

Xəbərlər

25.06.2024 - 16:42

Həkimlər Klinikalar SEO Xidməti

Texniki təhlükəsizlik tələbləri ilə bağlı nəzarət-yoxlama tədbirləri gücləndirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində, o cümlədən attraksionların istismarı ilə əlaqədar təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir. AYNA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd olunub ki, Agentlik yay fəsli ilə əlaqədar insanların kütləvi şəkildə istifadə etdiyi respublikanın şəhər və rayonlarındakı müxtəlif məkanlardakı attraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə texniki təhlükəsizlik tələbləri ilə bağlı nəzarət-yoxlama tədbirlərini gücləndirib.

Tədbirlərdə Agentliyin əməkdaşları vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyətini araşdırır və müəyyənləşdirilən nöqsanların aradan qaldırılması üçün attraksionların məsul şəxslərinə zəruri göstərişlər, habelə tövsiyələr verir. Diqqətə çatdırır ki, attraksionlar təhlükə potensiallı qurğular olduğu üçün onların istismarına cavabdeh şəxslər təyin olunmalı, operatorlar attraksionların təhlükəsiz istismar qaydaları üzrə müvafiq biliklərə malik olmalı, attraksionlarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə sınaq işləri aparılmalı və gündəlik baxış keçirilməlidir.

Həyata keçirilən nəzarət-yoxlama tədbirləri zamanı insanların həyat və sağlamlığı hər şeydən vacib olduğu üçün attraksionların istismarı zamanı təhlükəsizlik qaydalarına daha ciddi yanaşılması və nəzarətin gücləndirilməsi attraksionlara cavabdeh olan fiziki və hüquqi şəxslərdən tələb olunur.

Həmçinin həyata keçirilən tədbirlər çərçivəsində attraksionların təhlükəsiz istismar olunmasında üzərilərinə düşən vəzifələr, o cümlədən baş verə biləcək arzuolunmaz hadisələr zamanı həyata keçirilməli olan operativ tədbirlər barədə attraksion işçilərinə ətraflı məlumat verilir.

Müəllif: Ayna.az