Sevinc Qədirova işdən çıxarıldı

Xəbərlər

09.07.2019 - 14:37

O, Cavid Qurbanovun əmri ilə vəzifəsindən azad edilib

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova vəzifəsindən azad olunub. Bu barədə AYNA-ya QSC-nin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, o, QSC-nin rəisi Cavid Qurbanovun əmri ilə işindən azad edilib və artıq iyulun 8-dən etibarən işdən ayrılıb.

 

S.Qədirova da musavat.com-a açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, bundan sonrakı fəaliyyətini Azərbaycan Voleybol Federasiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi kimi davam etdirəcək.

 

“Yeni işimə isə dərhal başlamaq fikrində deyiləm. Çünki səhhətimlə bağlı problemlər buna imkan vermir. Əməliyyat olunmalıyam və ona görə də Cavid müəllimdən 1 aylıq məzuniyyət izni almışam. Qeyd edim ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 4 il idi ki, çalışırdım və bu müddət ərzində məzuniyyətə çıxmamışdım. Ona görə də qərara gəldim ki, öncə müalicəmlə məşğul olum, sonra isə enerji ilə yeni işimin başına keçim” – o deyib.

 

Qədirova qeyd edib ki, Azərbaycan Voleybol Federasiyasında çalışmaq onun üçün heç də çətin olmayacaq: “Yenə də eyni işi görəcəyəm. Yəni jurnalistlərlə çalışıb, görülən işlərin ictimailəşməsi ilə məşğul olacağam. Dəmir yolu çox ağır sahədir. Həm özümə vaxt ayıra bilmirdim, həm də səhhətimdə problemlər yaranmışdı. Ona görə də bir qədər icazə istədim və Cavid Qurbanovdan yeni işlə bağlı təklif aldım. Dərhal da bununla razılaşdım. Yəni özümü orada da görürəm. Yenə də Cavid Qurbanovun rəhbərliyi altında işləyəcəm. Biz bir komandayıq. Məni dəmir yollarına özü təyin olunandan bir neçə ay sonra Cavid Qurbanov gətirib. Mənim üçün işin fərqi yoxdur. O hara deyirsə, ora da getməliyəm. Təki Cavid Qurbanovla işləyim”.

Müəllif: Ayna.az