“Əsgər qarda-boranda döyüşsün, bunlar burada oğurluq etsinlər”

Aktual

22.02.2022 - 10:20

Ədalət Verdiyev: “Müdafiə Nazirliyində kadr seçimləri zamanı ciddi qüsurlara yol verilib”

İbrahim Rüstəmli: “Burada “yeyilən” hər bir qəpik əsgərin boğazından kəsilir”

Bir neçə ay öncə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsindən azad edilən, polkovnik Məlikməmməd Qurbanov həbs edilib. Respublika Prokurorluğundan daxil olan məlumata görə, ona qarşı Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib. M.Qurbanov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Qeyd edək ki, bundan bir neçə gün öncə Bakı Hərbi Məhkəməsinin qərarı ilə Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığının Maliyyə şöbəsinin rəisi Bayramov Bayram Xəlil oğlu həbs edilib. Hər iki yüksək rütbəli zabit korrupsiyada, milyonlarla vəsaiti qəsb etməkdə ittiham olunur.

44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi zəfər, soydaşlarımızın bir nəfər kimi Ali Baş Komandanın ətrafında sıx birləşməsi, öz övladlarını müharibəyə, ölümə göndərməsi fonunda Müdafiə Nazirliyinin rəhbərliyində bu cür cinayətlərin baş verməsi ürəkağrıdıcıdır.

Ehtiyatda olan mayor Ədalət Verdiyev AYNA-ya açıqlamasında deyib ki, Müdafiə Nazirliyinin bu cür ittihamlarla həbs olunan yüksək rütbəli zabitləri ordumuzun imicinə ləkədir: “Mətbuata bundan öncəki şərhlərim zamanı qeyd etmişdim ki, həbs olunan zabitlərin siyahısı genişlənəcək. Bu müsahibədən sonra Quru Qoşunlarının Maliyyə şöbəsinin rəisi, dünən isə bir neçə ay öncə vəzifədən azad edilmiş Satınalmalar və Təchizat İdarəsinin rəisi həbs edildi. Baş verənlər onu deməyə əsas verir ki, qısa müddət ərzində tarixi zəfər əldə edən əsgərlərimiz 3 metrlik qarda, boranda döyüş tapşırıqlarını yerinə yetirərkən bəzi ləyaqətsiz zabitlər orduya ayrılan vəsaitləri mənimsəməklə məşğul olublar. Çox təəssüf ki, 2014-cü ildən üzübəri vaxtaşırı olaraq bu kimi hallara rast gəlirik”.

Həmsöhbətimizin sözlərinə görə, Müdafiə Nazirliyində kadr seçimləri zamanı ciddi qüsurlara yol verilib: “Vicdan azlığından əziyyət çəkən insanların acgözlüyü heç bir halda ordumuzun və onun şəxsi heyətinin nüfuzuna xələl gətirməməlidir. Bu həbslər Azərbaycan Ordusunun güclənməsi, neqativ halların aradan qaldırılması baxımından müstəsna əhəmiyyətə malikdir və korrupsiyaya bulaşmış, vicdan hissini itirmiş digər zabitlər barədə də oxşar addımlar atılmalıdır”.

“Nəhayət, ordumuzda da geniş islahatlar aparılmalı, mənəviyyatdan kasad hərbçilər “dəmir barmaqlıqlar” arasına göndərilməlidir. Canı-qanı bahasına düşmən ordusunu darmadağın edən, onu diz çökdürən əsgərlərimizin payını oğurlayan məmurlar və onların qanunsuz fəaliyyətinə göz yumanlar heç bir halda zabit rütbəsi daşıya bilməzlər”, - deyə polkovnik vurğulayıb.

Verdiyev əlavə edib ki, Azərbaycan Ordusuna və Ali Baş Komandana xəyanət edənlər ən sərt formada cəzalandırılmalıdır: “Bu, həm də bir örnək olacaq ki, gələcəkdə bu cür neqativ hallar baş verməsin. Ordu kifayət qədər həssas təbəqədir və imkan vermək olmaz ki, burada kələkbazlar və fırıldaqçılar at oynatsınlar”.

Ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli də eyni fikirdədir. O, AYNA-ya şərhində deyib ki, Azərbaycanda ordu quruculuğu priroitet istiqamət elan olunub: “Cənab Prezident İlham Əliyev bununla bağlı öz qəti mövqeyini nümayiş etdirib. Bu sahənin inkişafı üçün dövlət tərəfindən hərtərəfli qayğı və diqqət göstərilməkdədir. Bu qayğını hərbi qulluqçularımız daim öz üzərində hiss ediblər. Müharibənin barıt qoxusu hələ çəkilməyib, şəhidlərimiz, qazilərimiz var. Müharibə böyük maliyyə tələb edən bir əməliyyatdır. Belə bir dövrdə Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərinin bu cür yeyintilərə yol verməsi korrupsiya satatusunu belə aşır”.

“Burada “yeyilən” hər qəpik və hər bir manat əsgərin boğazından kəsilir. O əsgərin, o hərbi qulluqçuların ki, onlar Azərbaycanın tarixi qələbəsi üçün öz canlarını fəda etdilər”, - deyə müsahibimiz söyləyib.

Qeyd edib ki, bütün dünya Azərbaycanın 44 günlük Vətən müharibəsində sərgilədiyi strateji və taktiki əməliyyatların üstünlüklərindən danışır: “ABŞ, Rusiya kimi dünya gücləri Azərbaycan Ordusunun döyüş əməliyyatlarını öyrənməklə məşğuldur. Belə bir şəraitdə bu vicdansızların soyğunçuluq, quldurluq, oğurluqla məşğul olması ordumuzun nüfuzuna ciddi zərbə vurur”.

“Bir Azərbaycan vətəndaşı, ehtiyatda olan zabit kimi baş verənlərdən xəcalət çəkirəm. Bu hadisələri dövlətimizin, dövlət başçımızın, xalqımızın imicinə vurulan zərbə olaraq qiymətləndirirəm. Tərtər hadisələri və bu kimi cinayətlərə adekvat reaksiya verilməlidir. Böyük ehtimalla, bu, zəncirvari bir proses olaraq davam edəcək. Nazirlikdə kadr dəyişiklikləri ehtimalı çox yüksəkdir. Yəqin ki, həbslər də davam edəcək. Bütün hallarda nazirlikdə kardinal dəyişikliklər aparılmalıdır və şübhəsizdir ki, bu baş verəcək”, - deyə Rüstəmli fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev