“Omdusman və deputatın cərimə olunması qanuna uyğundur”

Aktual

24.08.2020 - 19:05

Hüquqşünas: “Avtomobil sürərkən hamı kəmər taxır, indi deputat kəmər taxmasın ki, mən toxunulmazam?”

 

Karantin qaydalarını pozaraq, Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiklərinə görə, deputat Siyavuş Novruzovun və xanımı, Ombudsman Səbinə Əliyevanın cərimə olunması ətrafında müzakirələr səngimir. Bir qisim insan hesab edir ki, hər iki vəzifəli şəxs istefa verməlidirlər, lakin indiki halda onların cərimə olunması qanuna ziddir.

 

Məsələn, Milli Hüquq Evinin rəhbəri Nicat Gözəlov problemə belə reaksiya verib: “Ombudsman “vne zakona” Səbinə Əliyeva və deputat “v zakone” Səyavuş Novruzov təcili vəkil ilə müqavilə bağlasınlar, 400 manat cərimə qanunsuz olduğundan ləğv edilməlidir. Ancaq getməlidirlər, başqa yolları yoxdur!!!”

 

Lakin fərqli mövqedə dayanan ekspertlər də var. Hüquqşünas Şamil Paşayev AYNA-ya açıqlamasında, toxunulmazlıq hüququ olan şəxslərin inzibati məsuliyyətə cəlb olunmasının qanuni və əsaslı olduğunu deyib: “Azərbaycan qanunvericiliyində deputatın şəxsiyyəti indi də toxunulmazdır. Bir çox ölkələr isə ümumən toxunulmazlıqdan imtina edir. Çünki bu məsələ artıq yaranma şəklini itirib. Hüquq isə zərurətdən doğur. Lakin o zərurət artıq yoxdur. Amma bəzi hüquqşünaslar sosial mediada bunun qanun pozuntusu olduğunu, deputat və Ombudsmanın toxunulmazlıq hüququ olduğu üçün inzibati məsuliyyətə cəlb edilməsinə qanunun yol vermədiyini yazırlar. Bu məsələdə toxunulmazlıq institutunun təməl qaydaları, həm də Konstitusiyamız toxunulmazlıq hüququ olan şəxslərin inzibati məsuliyyətə cəlb olunmasını qanuni və əsaslı sayır”.

Quaib | Şamil Paşayev

“Məsələn, avtomobil sürərkən hamı kəmər taxır, kəmərdən istifadə etməmək inzibati pozuntudur. İndi bu məntiqlə deputat kəmər taxmasın ki, mən toxunulmazam? Qanun deputatın fəaliyyətinə müdaxilə edilməsi, fəaliyyətində sıxışdırılması və təqibi üçün məsuliyyətə cəlb edilməsini istisna edir. Lakin deputat və ya Ombudsmanın İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə cərimə edilmələri tam qanuna uyğundur. Konstitusiyaya görə, Milli Məclisin deputatı toxunulmazdır və barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. İndiki halda isə deputatı məhkəmə deyil, mərkəzi icra hakimiyyəti orqanı - bu halda Daxili İşlər Nazirliyi məsuliyyətə cəlb edib və İXM-in 211.1-ci maddəsi ilə cərimələyib. Burda da heç bir qanun pozuntusu yoxdur”, - hüquqşünas bildirib.

 

Müsahibimiz Konstitusiyanın Ombudsman haqqında bəndinə də toxunub: “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununa əsasən, müvəkkil səlahiyyət müddəti ərzində toxunulmazdır və onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. Göründüyü kimi, burda da söhbət məhkəmə qaydasında məsuliyyətlə bağlı immunitetdən gedir. Mərkəzi icra hakimiyyəti orqanının Ombudsmanı cərimələməsi onun toxunulmazlıq hüququ ilə tərs mütənasiblik təşkil etmir”.

Bakupost.az - Siyavuş Novruzov və Səbinə Əliyeva da cərimələndilər ...

“Məsələyə hüquqi baxımdan nəzər salanda görərik ki, Nazirlər Kabinetinin 17 iyul tarixli qərarı ilə ölkə üzrə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadılıb. Karantin rejimi dövründə bir sıra qadağalar tətbiq edilib, həmçinin, toy və yas mərasimlərinin də keçirilməsi qadağan olunub. Heç kəs toy etmir, indi deputat, Ombudsman niyə məsuliyyətə cəlb edilməməlidir? Bu, hansı fəaliyyətə mane olur? Məsələnin qanuni tərəfində isə Konstitusiya məhkəmə qaydasında inzibati tənbehi istisna edir və burada deputat və Ombudsman mərkəzi icra hakimiyyəti orqanı tərəfindən məsuliyyətə cəlb olunub. Ona görə də qanunla bərabər hüququn da təfsirinə baxmaq zəruridir”, - Paşayev əlavə edib.

Müəllif: Mərahim Nəsib