Ermənistanda Seyran Ohanyana qarşı yeni ittihamlar irəli sürülüb

Dünya

23.01.2025 - 15:34

Həkimlər Klinikalar SEO Xidməti

Keçmiş müdafiə naziri güc tətbiq etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur

Ermənistan Baş Prokurorluğu 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı yeni ittihamlar irəli sürüb. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində keçirilən məhkəmə iclasında məlumat verilib.

Bundan əvvəl Kassasiya Məhkəməsi Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanın və onun tabeliyində olan şəxslərin hələ də qanuni qüvvəyə minməmiş bəraət hökmünü ləğv edərək, işi yeni məhkəmə baxışı üçün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə göndərib. 23 yanvar 2025-ci il tarixində Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində bu iş üzrə məhkəmə iclası keçirilib.

Prokurorlardan biri qeyd edib ki, Ohanyan ehtiyatsızlıq nəticəsində ağır nəticələrə səbəb olan güc tətbiq etməklə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Bu maddə 4 ildən 8 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Qeyd edək ki, Köçəryan, keçmiş müdafiə naziri Seyran Ohanyan, həmçinin Baş Qərargahın keçmiş rəisi Yuri Xaçaturov və Baş nazirin keçmiş müavini Armen Gevorqyan konstitusiya quruluşunu devirməyə cəhddə (Ermənistan Cinayət Məcəlləsinin 300.1-ci maddəsi) ittiham olunublar. 2021-ci ilin martında Konstitusiya Məhkəməsi bu maddəni əsas qanuna zidd hesab edib və işə xitam versə də, proses 2024-cü ilin sentyabrında bərpa edilib.

Prokurorlar Köçəryan və Xaçaturova aid edilən hərəkətləri yenidən tövsif edib və səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürüblər.

İttihamlar 2008-ci il martın 1-də baş vermiş prezident seçkilərindən sonra Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifətin səsvermənin nəticələrinə qarşı etiraz aksiyaları təşkil etdiyi hadisələrlə bağlıdır. Etirazlar İrəvanda iğtişaşlara çevrilib, 10 nəfər ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş