Ermənistanda qadınlar hərbi xidmət keçəcəklər

Dünya

09.02.2023 - 15:35

Nazir: “Biz qış çağırış müddətinə kimi layihənin qəbulu üçün hər şeyi edəcəyik”

Ermənistanda qadınlar hərbi xidmətə cəlb ediləcəklər. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə hökumətin iclasında düşmən ölkənin müdafiə naziri Suren Papikyan deyib.

Nazir bildirib ki, Ermənistan Müdafiə Nazirliyi qanun layihəsini hazırlayıb. Layihə qəbul olunarsa, qadınlar 6 ay müddətində könüllü olaraq Ermənistan ordusunda xidmət edə biləcəklər.

“Biz qış çağırış müddətinə kimi layihənin qəbulu üçün hər şeyi edəcəyik”, Papikyan vurğulayıb.

Baş nazir Nikol Paşinyan isə qeyd edib ki, onlar daha bir mühüm islahatın həyata keçirilməsinin praktiki mərhələsinə qədəm qoyurlar: “Biz qadınlara könüllü olaraq altı aylıq hərbi xidmət keçmək imkanı verəcəyik. Bundan sonra onlar “Vətənin müdafiəçisi” proqramının məntiqinə uyğun olaraq daha uzun müddətdə hərbi xidmət keçə biləcəklər”.

Baş nazir əlavə edib ki, onların qarşısında qadınlar üçün yeni infrastruktur yaratmaq vəzifəsi var.

Müəllif: Ayna.az