“Ermənistana xoşdur ki, Rusiyanın təpiyinin altında inləsin?!”

Aktual

25.08.2021 - 10:21

Həkimlər Klinikalar SEO Xidməti

Zərdüşt Əlizadə: “Moskvanın istəyi odur ki, Bakı sülhməramlıların statusu haqqında sənəd imzalasın, onlara qanuni mandat versin və həmin sənəddə sülhməramlıların Qarabağda qalma müddətinə limit ləğv edilsin”

 

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri demək olar ki, hər gün müxtəlif istiqamətlərdə atəşə tutulur. Düşmən silahlıları Naxçıvan, Kəlbəcər, Laçın, Gədəbəy, Tovuz istiqamətlərindəki mövqelərimizi müxtəlif atıcı silahlardan mərhələlərlə atəş altında saxlamaqdadır. Eyni zamanda, Qarabağda Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazilərdən erməni terrorçu silahlı dəstələri tərəfindən Şuşa, Ağdam, Xocavənd istiqamətindəki mövqelərimiz atəşə tutulmaqdadır.

 

Azərbaycan Müdafiə Nazirliyinin açıqladığı məlumatlarda bildirilir ki, düşmən cavab tədbirləri ilə susdurulur və əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 

Ermənistanın sərhəd istiqamətində və Qarabağda törətdiyi təxribatların sayının çoxalması, rəsmi İrəvanın sülhdən yayınmaq cəhdləri kimi qiymətləndirilir. Və belə hesab edilir ki, lokal silahlı insidentlər yenidən müharibə riskini artırır.

 

Sərhəd və Qarabağda baş verən gərginliyi AYNA-ya şərh edən tanınmış analitik Zərdüşt Əlizadənin fikrincə, Rusiya və onun diktəsi altında hərəkət edən Ermənistan atəşkəsi pozmaqla dünyaya müsajlar ötürür:

Zərdüşt Əlizadə: “Bu halda Putin Paşinyana deyəcək ki, artıq gecdir...” –

- Bildirmək istəyirlər ki, Qarabağ münaqişəsi həll edilməyib, problem davam etməkdədir. Buna sübut kimi də atışmaları, insidentlər nəticəsində ölən, yaralananları göstərmək istəyirlər. Arzuları odur ki, insident nəticəsində itkilər baş versin. Yəni ki, “baxın, münaqişə var və bunun həlli üçün danışıqlar başlamalıdır”. Bir növ ATƏT-in Minsk Qrupunun “dirildilməsi” üçün Ermənistan təxribatların sayını artırır. Minsk Qrupunun da mövqeyi bəllidir. Həmsədrlər danışıqlara vasitəçiliyə qayıtsalar, Qarabağın statusu məsələsini ortaya çıxaracaqlar. Anlamırlar ki, zaman və vəziyyət dəyişib. Qarabağda Rusiya hərbçilərinin dislokasiya olunduğu ərazilərdə 25 min yazıq, ac, hüquqsuz, pərakəndə şəkildə yaşayan erməni var. Onların da dünyada yeganə arzusu başlarını götürüb Qarabağdan qaçmaqdır. Baş verən hadisələrin mahiyyəti budur. Siyasi oyunlar gedir.

 

- Deməli, Rusiya da vəziyyətin gərginləşməsində maraqlıdır...

 

- Əslində baş verənlər Rusiyanın dəsti-xəttidir, Ermənistanın apardığı siyasət deyil. Rusiyanın istəyi odur ki, Azərbaycan sülhməramlıların statusu haqqında sənəd imzalasın, onlara qanuni mandat versin. Həmin sənəddə də sülhməramlıların Qarabağda qalma müddəti 5 il olmasın, ümumiyyətlə, müddət ləğv edilsin. Bunun üçün Kremldən Azərbaycana təzyiqlər edilir. Rəsmi Bakı isə bunu imzalamaq istəmir. Rusiya əksinə, təzyiqi artırır, Qarabağda atəşkəsin pozulması hallarını təşkil edir. Eyni zamanda, Naxçıvan istiqamətində, sərhədin digər hissələrində silahlı insidentlərin çoxalmasını təmin edir. Bununla da Moskva bəyan etmək istəyir ki, “Baxın, vəziyyət gərgindir, müşküldür. Bunu qısa zamanda həll etmək mümkün deyil, həlli üçün bizim sülhməramlıların statusuna ehtiyac var. Və problemi həll etmək üçün mütləq genişmiqyaslı diplomatik fəaliyyət olmalıdır. Bu fəaliyyət üçün də ən uyğunu Minsk Qrupudur”. Rusiya bunu deyir. Azərbaycan bu təzyiqlər qarşısında hansı addımı atacaq, deyə bilmərəm. Amma addımlar atılmalıdır.

 

-Azərbaycan Prezidenti son açıqlamalarında Rusiyanın mövqeyinə qarşı fikirlər səsləndirdi. İlham Əliyev sanki beynəlxalq aləmə mesaj verdi ki, regionda sülhün bərqərar olunmasına Rusiya əngəl yaradır.

 

- Əlbəttə, Prezident beynəlxalq aləmə bu barədə mesajlar verir. Amma beynəlxalq aləm bu ismarıclara necə cavab verəcək – bu, başqa məsələdir. Azərbaycan tərəfinin mesajlarına cavab verilməsi tərəflərin gücündən və mənfəətindən asılıdır. Əgər Qərbə Rusiyanın mövqeyi xeyir gətirəcəksə, onlar Moskvanın mövqeyini müdafiə edəcəklər. Azərbaycanın, Türkiyənin yox, Rusiyanın, Ermənistanın mövqeyini qəbul edəcəklər.

 

- Belə anlaşılır ki, Qarabağın işğalda qalan ərazilərinin qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası prosesi uzun zaman istəyir...

 

- Bu, Azərbaycanın siyasətindən, diplomatik gedişlərindən asılıdır. Rəsmi Bakı istəyirsə ki, Rusiyanın təsirlərini, təzyiqlərini zəiflətsin, Türkiyə ilə birlikdə düşünülmüş, dinc siyasət həyata keçirməlidir. Sülh potensialından səmərəli istifadə olunmalıdır. Barış mühitini Bakı yaratmalıdır. Ermənistana Rusiyanın təsir dairəsindən çıxmaq üçün şərait yaradılmalıdır. Bunun üçün müəyyən diplomatik məharət lazımdır. Müharibə mərhələsi, Ermənistanı hərbi yolla diz çökdürmək mərhələsi arxada qaldı. İndi incə diplomatik gedişlərə ehtiyac var. Türkiyə Azərbaycanın yürütdüyü siyasəti izləyir ki, rəsmi Bakı nə etmək niyyətindədir. Çünki əsas söz sahibi Azərbaycandır, ərazilər Azərbaycanındır. Azərbaycan diplomatiya yolunu, diplomatik gedişlərlə məsələni həll etməyə doğru irəliləsə, Türkiyə də bu yolda yardımçı olacaq. Məncə, qalib gəlmək üçün diplomatiya yolu məqbuldur. Yox, hərbi yol seçilsə, zor ritorikası göstərsə, Qarabağ düyünü tam açılmayacaq. Qalan problemlər də illərlə davam edəcək.

 

- Axı Ermənistan sülhə gəlmək istəmədiyini nümayiş etdirir, təxribatların ardı-arası kəsilmir. Bu halda da hərbi yol gündəmə gəlir.

 

- Bilirsiniz, Ermənistan Azərbaycanın hərbi gücünü gördü, anladı. Rusiya da, Qərb də Azərbaycanın hərbi gücünü bilir, gücə bələddir. Hesab edirəm ki, hərbi ritorika bir qədər Azərbaycanın daxilinə də hesablanıb. Həm də məsləhətdir ki, Azərbaycan bir qədər özünü ötkəm aparsın. Lakin gələcəyə baxış olmalıdır, Azərbaycan gələcəklə bağlı prioritetləri açıqlamalıdır. Dediyim kimi, müharibə mərhələsi arxada qaldı, indi diplomatik sövdələşmə mərhələsinə keçilməlidir. Bu mərhələdə zor ritorikasından istifadə yox, ortaq mənafeləri tapmaq lazımdır. Bir sözlə, ritorika dəyişməlidir. Ortaq gələcəyə Azərbaycan və Ermənistan birgə baxmalıdır, regionun inkişafı naminə razılaşmalar əldə edilməlidir. Əsas da ki, bu iki dövlət Rusiyanın təsirindən çıxmağı düşünməlidir. Ermənistan Rusiyanın təsirindən qurtulmaq istəyir.

 

- Necə qurtulmaq istəyir ki, Rusiya sülhməramlılarının köməyi ilə Qarabağa yenidən terrorçular göndərilir, silah-sursat gətirilir? Rəsmi İrəvandan verilən bəyanatlar da sülhlə bağlı nikbinliyə əsas vermir.

 

- Sizcə, Ermənistan Qarabağa terrorçu dəstələrini, silah-sursatı özbaşına gətirir? Əlbəttə, yox! Rusiyanın göstərişi ilə ora terrorçu daşınır, qruplar silahlandırılır. Ermənistana xoşdur ki, Rusiyanın təpiyinin altında inləsin? Nikol Paşinyan Kreml tərəfindən qapazlanmaqdan, tapşırıqlar almaqdan xoşbəxt olur? Ermənistan faktiki olaraq müstəqilliyini itirib. Bütün bunları analiz edəndə, belə qənaət formalaşır ki, əlbəttə, Ermənistan Rusiyadan canını qurtarmaq istəyir. Amma Ermənistan təkbaşına Rusiyadan xilas ola bilməz. Moskvadan tapşırıq verilir ki, Qarabağdakı silahlıların sayını artır, burdan Bakı deyir ki, “Dəmir yumruq” yerindədir. Belə olan halda, Ermənistanın Rusiyaya sığınması təbiidir. Hesab edirəm ki, Azərbaycan siyasətində dəyişiklik etməlidir. Türkiyə də yanaşmasında dəyişiklik etməlidir. Ermənistana, erməni cəmiyyətinə barışla bağlı mesajlar verilməlidir. Yəni ki, onlara dil tapmaqla bağlı ümidverici sözlər deyilməlidir. Əks təqdirdə, onlar Rusiyanı “qoruyucu mələk” qismində görəcəklər.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş