“Ermənistan sülhü rədd etdi – yenə müharibə” - FİNKEL

Aktual

28.03.2023 - 10:17

İsrailli analitik: “Vaşinqton artıq Yaxın Şərqdə oyunçu deyil və Səudiyyə Ərəbistanı onun təhlükəsizlik zəmanətlərinə etibar etmir”

İsrailli ekspert, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis Mixail Finkelin AYNA-ya müsahibəsini təqdim edirik:

- Azərbaycanın İsraildə səfirliyinin açılışı martın 29-na planlaşdırılır. Bu addımı necə qiymətləndirirsiniz?

- Biz bunu çox mühüm və müsbət addım kimi qiymətləndiririk. 30 ildir ki, Azərbaycanla İsrail arasında çox yaxşı diplomatik əlaqələr mövcuddur, dostluq inkişaf edib. İsrailin Azərbaycandakı səfirliyi uzun müddətdir ki, işləyir. İndi Azərbaycanın İsraildəki səfirliyi açılır. Bu faktı qiymətləndirməmək olmaz. Bu, çox vacib və dostcasına bir addımdır. İndi hər iki ölkə səfirliklər səviyyəsində tam qarşılıqlı fəaliyyət göstərəcək. Onların əlaqəsi simmetrik olacaq. Bu, dövlətlərimiz və xalqlarımız arasında hər cür əlaqələrin inkişafına təkan verəcək. Şübhəsiz ki, bu, ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq.

- İran və Səudiyyə Ərəbistanı münasibətləri normallaşdırmaq barədə razılığa gəlib. Səudiyyə Ərəbistanı və Suriyanın da diplomatik əlaqələri bərpa etməyə hazır olduqlarını bildirdikləri də məlum olub. Baş verənlər regionda hansı proseslərin sübutudur?

- Səudiyyə Ərəbistanının İranla dostluq etməsi və Suriya ilə, yəni Tehranın vassalı ilə münasibətləri yaxşılaşdırmağa çalışması onu deməyə əsas verir ki, Ər-Riyad bütünlüklə Ukraynada Rusiya ilə münaqişəyə girən ABŞ-a artıq etibar etmir. Vaşinqton artıq Yaxın Şərqdə oyunçu deyil və Səudiyyə Ərəbistanı artıq onun təhlükəsizlik zəmanətlərinə etibar etmir.

Səudiyyə Ərəbistanı İranın köməyi ilə husilərin onun neft infrastrukturuna hücumlarından yorulub. Bu səbəbdən də Ər-Riyad müəyyən üstünlüklər müqabilində ARAMCO neft şirkətinin obyektlərinə hücum etməyəcyini vəd edən Tehranla danışıqlar aparmaq qərarına gəlib. Bütün hekayə budur. Prinsipcə, bu, ABŞ-ın Yaxın Şərqdəki rolunun zəiflədiyini göstərir.

- May ayında Türkiyədə Prezident seçkilərinin keçirilməsi nəzərdə tutulub. Hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan seçkilərdə uduzsa, İsrail-Türkiyə münasibətlərinin taleyi dəyişəcəkmi?

- Bir çox proqnozlara görə, belə qənaətə gəlmək olar ki, Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan indiki Prezident seçkilərində uduzmuş ola bilər. Amma əslində, tarixi xatırlasanız, görərsiniz ki, Ərdoğan İsrail üçün Türkiyənin ən pis Prezidenti olub. Ənənəvi olaraq yaxşı olan Türkiyə-İsrail münasibətlərində böhran yaradan siyasətçi Ərdoğan idi və 15 il əvvəl Ərdoğanın prezidentliyi dövründə bu əlaqələr, demək olar ki, diplomatik münasibətlərin tamamilə qopması ilə nəticələndi.

Müxtəlif tribunalardan İsraili “faşist dövləti” adlandıran Ərdoğan HƏMAS nümayəndə heyətlərini qəbul edib, Qəzza zolağına gəmi göndərib, gəmidə humanitar yardımla yanaşı, silah-sursat da tapılıb. Ərdoğan Fələstin terror təşkilatlarını tanımadığını, lakin HƏMAS-ın da onlardan biri olduğunu bildirib. Sonra İsrail və Türkiyə möcüzəvi şəkildə barışdı. İsrail Prezidenti İshak Hersoqun Türkiyəyə səfəri olub və indi Ankara ilə az-çox dialoq qurulub və bir növ soyuq sülh var.

Bu baxımdan İsrail hesab edir ki, Ərdoğandan başqa bir Prezident olsa, o, sələfindən daha yaxşı olacaq. Amma İsrail Ərdoğanın bütün ritorikasına rəğmən, onunla barışa və münasibətləri yaxşılaşdıra bilibsə, o zaman biz türk xalqının seçdiyi hər hansı digər Türkiyə Prezidenti ilə daha da yaxşı əməkdaşlıq edəcəyik. Qeyd etmək istəyirəm ki, hətta ən kritik anlarda da İsrail və Türkiyə iş adamları əməkdaşlığı davam etdiriblər və böhran illərində hətta onların əlaqələrinin həcminin artması da qeydə alınıb.

- Son vaxtlar Ermənistan-Azərbaycan münaqişəsi zonasında hərbi eskalasiya güclənib. Sizcə, bu, nəyə gətirib çıxara bilər?

- Doğrudan da, Ermənistan-Azərbaycan münaqişəsi bitməyib. O, hətta közərən deyil, real və alovlanmış səviyyədədir. Gec-tez bu münaqişə, şübhəsiz ki, yalnız bir şəkildə sona çatacaq - yenə də müharibə olacaq. Təəssüf ki, Ermənistan tərəfi hərtərəfli sülh müqaviləsinin imzalanmasını təklif edən Azərbaycan Prezidenti İlham Əliyevin sülh təşəbbüslərini qəbul etmədi. Təəssüf ki, Ermənistan tərəfi bu sülh təşəbbüslərinə, bir-birinin sərhədlərinin qarşılıqlı tanınmasına cavab vermədi, sülhün gətirə biləcəyi bütün üstünlükləri rədd etdi və müharibə yolu ilə getməyə qərar verdi. Bu seçimdə böyük faciə və böyük bəlalar var.

Müəllif: Asif Aydınlı