Erməni kilsəsi yenə “qan-qan” deyir

Siyasət

21.12.2023 - 14:52

Rəsmi İrəvan da sülh tərəfdarıdır, lakin kilsə...

Erməni kilsəsi uzun onilliklər ərzində erməni terrorizminin və separatizminin ideoloji və mənəvi himayədarı olub, inanclı adamları Azərbaycan torpaqlarını işğal etməyə təhrik edib. İndi isə Ermənistan Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün unikal şans əldə edərkən, Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü tam bərpa etdikdən sonra erməni katolikosu II Qaregin Bakı ilə sülh müqaviləsi bağlanmasına qarşı çıxır.

Digər din xadimləri də onun mövqeyini təkrarlayırlar. Belə ki, bazar günü xütbəsi zamanı Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan bəyan edib ki, o, özünü revanşist hesab edir və ömrünün son saniyəsinə qədər belə olacaq.

“Çünki bu, bizim həyatımızı nə mənəvi, nə əxlaqi, nə də fiziki mənada soymaq məqsədi daşıyır. Bu, daim diz çöküb sürünmək deyil, əksinə, ayağa qalxıb Rəbbimizin hüzurunda durmaq və “yer üzündə Sənin işini görmək üçün imanımı artır” demək üçündür. Və biz düşünməliyik ki, biz yer üzündə Allahın işini, ədalətin, həqiqətin və xilasın bərpasını edirik. Bəli, bu, qisas yoludur. Evinizi bərpa etməyin başqa hansı yolu var?”, - deyə Qalstanyan bildirib.

Onun fikrincə, “evin bərpası ermənilərin gündəlik qayğısına çevrilməlidir”.

Qalstanyanın bu bəyanatı Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesinin davam etməsi fonunda səslənib. Görünürdü ki, erməni kilsəsi regionda sülh və əmin-amanlığın yaranması üçün Bakı ilə İrəvan arasında davam edən dialoqu alqışlamalıdır, çünki xristianlıq öz tərəfdarlarını sülh səpməyə və xeyirxahlığı artırmağa çağırır. Bu səbəbdən din xadimlərindən sülh çağırışlarını eşitmək məntiqli olardı, amma qədim zamanlardan öz təəbələrini qonşu xalqlar və dövlətlərlə nifrətə və müharibəyə sövq edən erməni kilsəsində yox.

Bu gün Ermənistanın taleyini hakimiyyət və xalqın deyil, kənar oyunçuların həll etdiyi fəlakətli vəziyyətə düşməsinin əsas günahkarlarından biri də məhz erməni kilsəsidir. Azərbaycan torpaqlarının 30 illik işğalı yalnız Ermənistan dövlətçiliyinə zərbə vurdu. Ermənistanın xarici siyasətdəki bugünkü problemləri, ölkə əhalisinin daim qorxu və dəhşət içində olması, sosial, siyasi və iqtisadi qeyri-sabitlik bütünlüklə onun Azərbaycan torpaqlarına iddialarından qaynaqlanır.

İndi də mərhəməti, qonşusuna məhəbbəti, şərə müqavimət göstərməyi ön planda tutan xristian dininin təmsilçisi Qalstanyan ölkəmizin əvvəllər Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını qaytardığına görə Azərbaycandan qisas almaqdan danışır. Erməni kilsəsi müharibənin vurduğu yaraları sağaltmalı, xalqlar arasında sülh və harmoniyanı təşviq etməlidir. Bunun əvəzində Azərbaycana qarşı düşmənçilik və nifrət toxumu səpməkdə davam edir.

Erməni cəmiyyətinə təsirini davam etdirən ruhanilər öz təəbələrini Qarabağın itirilməsinə dözməməyə, Azərbaycanla sülh və əmin-amanlıq şəraitində yaşamamağa çağırır və bununla da Qalstanyan kimilərə görə Ermənistanın dövlətçiliyinin gələcəyi daha da qatı dumanla örtülür...

Müəllif: Asif Aydınlı