Prezident: “Şərəfsiz ömür yaşamış birinə heykəl qoyublar”

Siyasət

30.10.2019 - 17:40

İlham Əliyev: “MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi faktları var”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edib. AYNA dövlət başçısının mətbuat xidmətində istinadən xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib:

 

“Əziz qonaqlar, sizi salamlayıram. Çox şadam ki, Birlik ölkələrinin Müdafiə Nazirləri Şurasının növbəti iclası Bakıda keçirilir. Bu tədbir özlüyündə çox böyük əhəmiyyət kəsb edir. Bu, ölkələrimizi daha sıx birləşdirir, ikitərəfli gündəliyə dair söhbət etmək üçün yaxşı imkan yaradır. Bildiyiniz kimi, bu yaxınlarda Aşqabadda dövlət başçılarının Zirvə Görüşü çox uğurlu keçdi. MDB üzvü olan digər ölkələr kimi, Azərbaycan da bu təşkilatda iştiraka böyük əhəmiyyət verir. Bir sıra məsələlərə dair bizim konstruktiv mövqeyimiz də MDB çərçivəsində qarşılıqlı fəaliyyətin daha da möhkəmlənməsinə töhfə verir. Əlbəttə, xüsusən müasir mərhələdə bizim regionda mövcud olan və yarana biləcək təhlükələr nəzərə alınmaqla hərbi sahədə əməkdaşlıq çox böyük əhəmiyyət kəsb edir. Zənnimcə, buna görə MDB üzvü olan ölkələrin sabitliyi və davamlı inkişafı çox cəhətdən dövlətlərimizin təhlükəsizliyini təmin edən orqanların qarşılıqlı fəaliyyətindən asılıdır.

 

Dövlət başçılarının Aşqabad Zirvə Görüşü çərçivəsində müzakirə edilən mövzulardan biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə hazırlıq məsələsi idi. Biz Azərbaycanda da buna çox fəal hazırlaşırıq. Bu, bizim ümumi Qələbəmizdir, Azərbaycanda dövlət səviyyəsində qeyd edilən Qələbədir. 9 May ölkəmizdə dövlət bayramıdır. Bu bayram Heydər Əliyev Azərbaycana qayıdandan sonra bərpa edildi. Təəssüf ki, müstəqilliyin ilk illərində Xalq Cəbhəsinin xalqa zidd olan iqtidarı təqvimdəki bu qırmızı günü silməklə onu xalqımızın yaddaşından da silməyə cəhd göstərdi, veteranlara hörmətsizlik etdi. Əslində bu, Böyük Vətən müharibəsinin tarixini təhrif etmək cəhdləri idi. İndi bəzi ölkələrdə belə cəhdlər təəssüf ki, kifayət qədər kütləvi xarakter alır. Beləliklə, 9 May günü uzun illər boyu dövlət bayramı kimi qeyd edilir və veteranlara qayğı bizim gündəlik işimizin ayrılmaz tərkib hissəsidir. Veteranlar diqqət və qayğı ilə əhatə olunub, onların maddi vəziyyəti təmin edilir. Onlar bizim üçün, hamı üçün qəhrəmanlıq nümunəsidir.

Ayna.az