“Hökumətdəkilər anladılar ki, təbliğatı uduzurlar”

Siyasət

30.08.2019 - 15:03

Natiq Cəfərli: “İllərdir monoloq rejimində bayağı, monoton və maraqsız danışırdılar, insanları ənənəvi mediadan iyrəndirdilər”

 

“Məmurların, deputatların sosial şəbəkələrə gəlməsi mənə ləzzət edir. Anladılar ki, bu qədər TV kanalları, radioları, cib mediası olmasına baxmayaraq, təbliğatı uduzurlar”.

 

AYNA xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında REAL Partiyasının icra katibi Natiq Cəfərli paylaşım edib. “Çünki uzun illərdir monoloq rejimində bayağı, monoton və maraqsız danışırdılar, insanları ənənəvi mediadan iyrəndirdilər. Onlar bizim – azad, müxalif, fərqli düşünən insanların əlindən böyük ekranı – TV-ləri aldılar, amma əvəzində biz onların əlindən kiçik ekranı – telefon, planşet və kompüterləri aldıq”.

 

Cəfərli sosial şəbəkələrin azad müzakirə məkanı olduğunu yazıb: “Burda da həddinibilməzlər, qanmazlar, çamur atanlar, qara yaxanlar, trollar var, amma onların təbliğat üsulları və insanlara təsir imkanları məhduddur. İllər öncə bu fenomenin yaranacağını yazırdıq, danışırdıq, həmişə vurğulayırdıq ki, azacıq fikir və söz azadlığı olan məkanda biz deyəcəyik, onlar batacaqlar”.

Müəllif: Ayna.az