Sülhməramlılar Azərbaycan ərazisinə keçmək istəyən deputatlara icazə verməyib
Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Rusiya sülhməramlılarının bir qrup erməni deputatın Qarabağa getməsinə icazə verməməsindən narahat olduğunu açıqlayıb.
AYNA erməni mediasına istinadən bildirir ki, Ermənistan XİN yaydığı məlumatda bunun "Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağın Ermənistana maneəsiz birləşməsini nəzərdə tutan 10 noyabr bəyanatına zidd" olduğunu hesab edir.
Qeyd edək ki, Ermənistan Milli Assambleyasının "Ermənistan" və "Təzim edirəm" fraksiyaları bu həftə parlament iclaslarını boykot edərək Qarabağa gedəcəklərini açıqlamışdılar.
"Ermənistan" fraksiyasının üzvü İşxan Saqatelyan "Facebook"da yazıb ki, deputatlara Qarabağa girişə qadağa qoyulub.
Bununla yanaşı, Saqatelyan qeyd edib ki, deputatlar "Artsax parlamenti" adlandıran separatçı qurumun "deputatları" ilə Zabux kəndindəki buraxılış məntəqəsində görüşüblər.
Fraksiyanın digər nümayəndəsi Artur Qazinyan isə mediaya açıqlamasında iddia edib ki, Qarabağa gedən şəxslərin siyahısı Azərbaycana ötürülüb: "Azərbaycan da siyahını Rusiya sülhməramlılarına təqdim edərək onların Qarabağa getməsinin qadağan olunmasını tələb edib".