Əlvida, Şirməmməd müəllim!

Xəbərlər

25.06.2019 - 13:29

Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

 

Ötən gecə dünyasını dəyişmiş görkəmli alim və mətbuat tədqiqatçısı, jurnalist-pedaqoq Şirməmməd Hüseynovla vida mərasimi keçirilib. AYNA xəbər verir ki, Bakı Dövlət Universitetində (BDU) baş tutan mərasimdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, PA-nın şöbə müdiri Fuad Ələsgərov, Təhsil naziri Ceyhun Bayramov, Səhiyyə naziri Oqtay Şirəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Vergilər naziri Mikayıl Cabbarov, MSK sədri Məzahir Pənahov, AMEA prezidenti Akif Əlizadə, Ombudsman Elmira Süleymanova, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Mərasimdə çıxış edənlər Ş.Hüseynovun yaradıcılığından, həyat yolundan və gördüyü işlərdən danışıblar. Mərhum II Fəxri xiyabanda dəfn olunacaq.

 

Qeyd edək ki, Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov 1924-cı ildə Şəkidə anadan olub.

 

1941-1943-cü illərdə Şəki şəhəri 2 illik müəllimlər institutunda fizika-riyaziyyat fakültəsində təhsil alıb. 1945-1950-ci illərdə ADU, filologiya-jurnalistika şöbəsində təhsil alıb. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU)  Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. 1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib. 1954-1961-ci illərdə BDU, filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. 1962-1969-cu illərdə BDU, filologiya fakültəsinin dekan müavini olub. 1961-1971-ci illərdə BDU, jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti vəzifəsində çalışıb. 1971-1976-cı illərdə BDU, Jurnalistika fakültəsinin dekanı olub. 1971-1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının dosenti vəzifəsində çalışıb. 1976-1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının müdiri vəzifəsində işləyib. 1988-ci ildən BDU, mətbuat tarixi kafedrasının professorudur. Azərbaycan Demokratik Cümhuriyyətinin, Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində xidmətləri olub.

Ayna.az