Ərdoğan: “Ukraynadakı vəziyyətin diplomatik yolla həlli mümkündür”

Dünya

28.11.2022 - 16:56

Türkiyə Prezidenti: ““Taxıl sazişi”nin həyata keçirilməsi diplomatiyanın mümkünlüyünü göstərdi”

““Taxıl sazişi” üzrə razılaşmalar Ukraynadakı vəziyyətin diplomatik yolla həllinin mümkünlüyünü nümayiş etdirdi”. AYNA xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyənin səyləri Rusiya ilə Ukrayna arasında münaqişəyə son qoymağa yönəlib.

“Humanitar dəyərlərin sınaqdan keçdiyi bu çətin günlərdə Türkiyə öz vəsaitlərini ehtiyacı olanlarla bölüşdü. İlk gündən biz Rusiya ilə Ukrayna arasında münaqişəni dayandırmaq üçün intensiv iş apardıq. Biz göstərdik ki, Qara dənizdən keçən “taxıl dəhlizi” və əsirlərin mübadiləsinə dair razılaşma varsa, diplomatik həll də mümkündür”, - türkiyə lideri vurğulayıb.

Ərdoğan bildirib ki, epidemiya ilə başlayan və artan enerji qiymətləri ilə davam edən böhran yeni dövrə qədəm qoyur.

Bundan əvvəl Türkiyə Prezidenti “taxıl sazişi”nin 120 gün müddətində uzadıldığını açıqlamışdı. Ərdoğan qərarın Türkiyə, BMT, Rusiya və Ukrayna tərəfindən yekdilliklə dəstəkləndiyini vurğulayıb.

Qeyd edək ki, “taxıl sazişi”nin müddəti  noyabrın 19-da başa çatmalı idi. Razılaşma iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanıb. Bu, Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə üç limandan ixracını nəzərdə tutur.

Müəllif: Ayna.az