“İsveç və Finlandiya 130-a yaxın terrorçunu Ankaraya təhvil verməkdən imtina edir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın 130-a yaxın terrorçunu Ankaraya təhvil verməkdən imtina etdiyini bildirib.
AYNA Türkiyə mediasına istinadən bildirir ki, Ərdoğan Türkiyənin bu dövlətlərin NATO-ya daxil olmasının təsdiqlənməsi üçün hansı şərtləri irəli sürdüyünü xatırladıb.
“Biz İsveç və Finlandiyaya dedik: NATO-ya üzvlüyünüzü təsdiqləmək üçün bizə 130-a yaxın terrorçunu ekstradisiya etməlisiniz. Təəssüf ki, bu həyata keçirilmədi”, - deyə Prezident bildirib.
Ərdoğan əlavə edib ki, Stokholm başda olmaqla Türkiyədə həbsə məhkum edilmiş jurnalist Bülənt Keneşin ekstradisiyasından imtina edib.
Qeyd edək ki, Türkiyə İsveç və Finlandiyanı terrorçularla əməkdaşlıqda ittiham edərək, müqavilənin ratifikasiyasından imtina edir. 2022-ci ilin iyununda hər iki ölkə Türkiyə ilə Skandinaviya ölkələrinin NATO-ya üzv olmaq üçün yerinə yetirməli olduğu şərtləri özündə əks etdirən memorandum imzalayıblar. Xüsusilə, Stokholm və Helsinki PKK və onun strukturlarına qarşı mübarizədə Ankara ilə tam əməkdaşlığa razılaşıb.