Ələddinin cini təkcə nağıllarda olmurmuş – AFFA sübut elədi

İdman

14.11.2021 - 15:19

Sabah elə “Sabah”ın adını “Kürdəmir” qoymağa, komandanı periferiyaya göndərməyə nə mane olacaq?

Yaşlı və orta nəslin nümayəndələri “Ələddinin sehirli çırağı” sovet filmini çox yaxşı xatırlayırlar. Keçən əsrin 60-cı illərinin sonunda bu nağıl çəkiləndə kino çəkənlər xüsusi effektləri və kompüter qrafikasını bilmirdilər, amma tamaşaçı sadəcə olaraq həmin filmə pərəstiş edirdi.

Söhbətimizn mövzusu bu deyil. Deməli, həmin filmdə gülməli bir epizod var idi. Lampadan çıxan cin Ələddindən soruşur ki, onu öldürmək istəyən məğrib cadugərinin taleyini necə həll edəcək. Mülayim  xasiyyətli Ələddin isə heç kimə problem yaratmaq istəməyərək, sadəcə cavab verir: “Əşşi, burax onu, qoy dünyanın 4 tərəfinə getsin”.

Və cin müvafiq nəticələr çıxarır: bir cadugər 4 özü kimi adama çevrilir və hər bir hissə bir-birinə əks istiqamətə gedir. Doğrudan da gülməlidir. Hər halda, uşaq vaxtı cinin bu hiyləsinə xeyli gülürdük...

Uzun illər Azərbaycanın müxtəlif futbol komandalarının və klublarının ("Qarabağ" istisna olmaqla) uğursuz çıxışlarını təhlil edən ekspertlər və media nümayəndələri dalandan çıxmaq üçün müxtəlif variantlar təklif ediblər. O cümlədən regionlarda peşəkar və gənclər futbolunun inkişafı, eləcə də Premyer Liqada iştirak edənlərin sayının artırılması da edilən təkliflər arasındadır. Təbii ki, bu yol, dərhal uğur gətirməyəcək. Ancaq uzunmüddətli perspektivdə fayda əldə edilə bilər. Federasiyanın bununla razılaşmadığını söyləmək olmaz, amma ortada heç bir real iş görülmədi. Necə deyərlər, dəyirman öz işindədir, amma çax-çax baş ağrıdır.

Çempionat 6-sı paytaxtı təmsil edən 8 komandanın iştirakı ilə ildən-ilə təkrarlanır. Amma görünür, AFFA əsaslı şəkildə tənqid dalğasını bir müddət səngidəcək nəsə etməyi planlaşdırıb. Və indi... baş verdi! Məlum olduğu kimi, “Keşlə” klubunun adının “Şamaxı” olması və müvafiq olaraq komandanın yerinin dəyişdirilməsi qərara alınıb: bundan sonra bu komanda Azərbaycanda eyniadlı rayon mərkəzini təmsil edəcək. Orijinaldır, elə deyilmi? Orijinal nədir, lap elə superideyadır!

AFFA federasiyanı eyni düşüncəli insanlar idarə etdikcə yaşayacaq variant təklif edə bildi. Əslində, sabah elə “Sabah”ın adını “Kürdəmir” qoymağa, komandanı periferiyaya göndərməyə nə mane olacaq? Ertəsi gün isə “Səbail”ə “Lerik” etiketini yapışdırmaq.

Amma AFFA nou-haunun bütün üstünlükləri təkcə bunlar deyil! Həqiqətən, təxminən 2-3 ildən sonra klubların yeni rotasiyasına başlaya, yeni adlar, yeni emblemlər və əsl futboldan uzaq olan hər hansı digər yollar tapa bilərsiniz. Axı ortada eyni “Keşlə”nin nümunəsi var. Bir vaxtlar klub “Xəzər Universiteti” adı ilə yaranmışdı. Bir müddət sonra adı dəyişdirilərək, "İnter" oldu. Düzdür, bakılılar heç bir xüsusi uğur qazanmadılar və hətta öz məşhur italyan addaşlarına uzaqdan belə, bənzəmirdilər.

Komandanın “Keşlə” adlandırılmasına gəlincə, bəziləri bunun son qərar olduğunu düşünürdü. Amma adam güman edir, AFFA isə qərar verir. Yaxşı, “Keşlə”nin “Şamaxı”ya transferi nə verəcək?

Komandanın komplektasiyası üçün ilk növbədə kluba daha ciddi maliyyə lazım olacaq. Hər legioner heç Bakıya gəlməyə razı deyil, o ki, qala Şamaxıya. Deməli, bunun üçün əməlli, iri məbləğli müqavilələr kömək edər. Sponsorlar həm yerli, həm də əcnəbi futbolçuların kaprizlərini təmin edə biləcəkmi? Gəlin etiraf edək ki, yeni maliyyə mənbələri tapılmasa, “Keşlə” - indiki “Şamaxı” turnir cədvəlinin aşağı pillələrində əbədi mövcudluğa məhkumdur.

Təbii ki, sual yaranır: klubun Heydər Əliyev prospektindəki bazası və stadionu necə olacaq? Əksəriyyətin meylli olduğu sosial şəbəkələrdə artıq qəti fikir formalaşıb: şəhərin mərkəzində nəhəng ərazi müasir çoxmərtəbəli binaların tikintisi üçün çox əlverişlidir. Üstəlik, bunun bir presedenti var: ölkə futbolunun liderlərindən olan “Bakı” klubunun bazası sadəcə olaraq yerlə-yeksan edilib və hazırda bu yerdə çoxmərtəbəli binaların tikintisi üzrə işlər sürətlə gedir.

Amma çox istərdim ki, sosial şəbəkədəkilər yanılsınlar. Mən inanmaq istərdim ki, federasiya bizi sadəcə olaraq, Ələddinin cini kimi səhv başa düşdü. Buna görə də belə bir mənzərə yarandı. Və bu hadisənin heç bir altfikri yoxdur. Köhnə, yaxşı Şərq nağılındakı kimi.

P.S. Düzünü deyin, inandınızmı?

Müəllif: Vüsal Əliyev

Ramanada faciə

Dünən, 17:26 Hadisə