Ekranda dəhşətli səhnə: və dünya səssizcə seyr edir

Aktual

26.02.2022 - 22:51

Terrorun və terrorçunun bir rəngi olur - o da qara!

2016-cı ilin qısa aprel savaşında, Qarabağ yaramızın qaysağı qopanda bəzi nazirlər, məmurlar və AZAL rəhbəri Cahangir Əsgərov öz keflərində idi. Bakıda proqramı təxirə salınmayan italyan müğənni Eros Ramazottinin konsertində züy tuturdular. Yarı rus, yarı italyan dilində.

İndi də yenə haradasa oturub Rusiyaya çəpik çalanlar arasında onlar və onlardan olanlar var - imperiyadan nəfəs alanlar.

Unutmadıq! Aprel şəhidləri üçün geyindiyimiz qara paltarı əyinimizdən çıxarmamış eks nazir Elmar Məmmədyarovla rusiyalı həmkarı Sergey Lavrovun laqqırtı dolu videolarına şahidlik etmişdik. Olanımız bu idi, yaralı idik, amma hafizəmizi hələ itirməmişik. Ən pisi odur ki, nazirlər kreslodan gedir və ya rədd olub gedir, amma tarix bizim hafizəmizdir, o itməyincə çətin günlərimizi unuda bilmərik. Allah bizi alzheimer xəstəsi eləməsin, qanımızda unutmaq geni var axı.

Şükür, Qarabağ yaramızı qəhrəman ordumuz hesabına sağaltmışıq, amma yenə də soyuq, ayaz olanda göynəyən yara kimi, o yara da ara-sıra müharibə təşvişi ilə ağrı verir. Müharibə mehi istər bizim torpaqlarda, istərsə də uzaq ellərdə əsəndə bu ağrını hiss edir insan.

Dünyanın ən ali varlığı olan insan kiminsə kaprizi ucbatından məhv olur. Əlbəttə, söhbət insandan - mərhəməti, insanlığa sevgisini itirməmişlərdən gedir, ikiayaqlı canlılardan yox!

***

Ukrayna torpağına atılan hər raketi, bombanı torpağına atılmış hiss edir insan. Deyənlər var: “Bizə nə, bizim öz dərdimiz özümüzə bəsdir”. Bəli, bizim dərdimiz kifayətdir. Amma bomba səsindən çığıran ukraynalı uşaqların səsini eşidəndə insan hisslərini necə gizləyə bilər?! Necə fəryad etməyə bilməz? Xarkovda yerə sancılan, xoşbəxtlikdən partlamamış “Smerç”lər iki il əvvəl bizim də torpağımıza atılmışdı.

Biz İkinci Qarabağ müharibəsində Gəncəyə, Tərtərə, Bərdəyə atılan raketlərdən dünyasını dəyişmiş günahsız insanları unutmamışıq. Postmüharibə sindromu yaşayan minlərlə insanımız var, arxa cəbhədə olmuşlar belə, özünə gəlməyib. Bu müharibə travması ətrafda baş verən hər münaqişə, döyüş, ölüm-itim olduqca yox olmayacaq.

Bəlkə elə buna görə, bizə istiliyi-soyuqluğu dəyməyən Ukraynada müharibəyə son qoyulmasını çox arzulayırıq. Qısası, müharibə istəmirik! Bir az da cəsarətli davranıb Rusiya imperiyasına lənət oxuyuruq. Çox halda bunu bacarmayanları görəndə adam havalanır. Heç olmazsa, işğalı pislə dəə, kimdir axı səni görən.

Neçə gündür ki, xarici kanallar, o cümlədən Türkiyə kanallarındakı videoreportajlar və politoqların müzakirələri bitmir. Bizim TV kanallarda isə sinəsinə “siyasətçiyəm” deyənlər gözə dəymir, konfliktin gedişatı ilə bağlı proqnoz vermək istəyən könüllü yoxdur. Bizim siyasətçilər qapaz vurmaqda ustadırlar.

TV kanallarımız Ukrayna ilə bağlı videoreportajları belə, senzuradan keçirməmiş vermir. Səbəb - birdən Rusiyanın xətrinə dəyən söz olar, kimlərinsə qanı qaralar.

***

Rusiyanın xətri əzizdir. Rus dilini dövlət qurumlarında yerli-yersiz işlətməkdən zövq alanlar, işlətməyənlərə kəm baxanlarımız çoxdur. Rusiyanın xətri elə əzizdir ki, bu gün 30 ili tamam olan Xocalı faciəmizdə (soyqırımı) rus hərbçilərinin də canla-başla iştirak etdiyini, günahsız insanları qətl etdiklərini dilə gətirməkdən qorxurlar. 30 ildir, bu axmaq və qorxaq susqunluq davam edir. Bu susqunluq 20 Yanvar faciəmizdə də belədir, başqa qara günlərimizdə də.

Xatırlayırsınız yəqin, 2007-ci ildə Qubada stadion tikintisi zamanı kütləvi məzarlıq tapılmışdı. 1918-ci il erməni və rusların müəllifi olduğu həmin məzarlıq Azərbaycan üçün terror faktı kimi qiymətli idi. Amma necə oldu? Biz həmin nəhəng faktdan istifadə edə bildikmi? Xeyr! Çünki Rusiya imperiyasının aşiqləri bütün vəchlə o faktı aradan qaldırmaq və kütləvi məzarlığı ört-basdır etmək niyyətlərini reallaşdırdılar. Məzarlığın üstü torpaqlandı.

Məlum oldu ki,  AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, Quba Soyqırımı Məzarlığının tədqiqatçısı Qəhrəman Ağayev komissiyaya daxil edilməyib. Halbuki, o, məzarlığın şüşə altında xüsusu qaydalarla qorunub dünyaya çatdırlması tərəfdarı idi. Neçə-neçə belə tədqiqatçının istəyi puç olub, Allah bilir.

Yenicə məlumat verildi ki, Xocavənddə də canlı şahidin istəyi üzərinə 90-lardakı erməni vəhşiliyinin daha bir bariz nümunəsi aşkarlanıb - təqribən 20 nəfərdən ibarət kütləvi məzarlıq. Ümid edirik, bu dəhşətli tarixi fakt da rus və ermənipərəsliyin güdazına getməz. Axı başbilənlər “səmimi qəlbdən” tarixi fakt axtarışındadırlar.

***

Sağ olmamış işğal, terror sevdalıları, hər malalanan tarixi faktı canla-başla təzələyirlər. Bu gün gözümüzün önündə tarixi terror faktları sıralanır. Rus əsgərinin vəhşiliyi davam edir. “20 Yanvar” müəllifləri yenə də mülki ukraynalını maşınında olduğu halda tank ilə əzir, sıravi insanların evlərini raket atəşinə tutur.

Ən pisi də odur ki, bir slavyan xalqı digərinin evinə zorla girməkdən, gözünü qırpmadan hər şeyi darmadağın etməkdən ləzzət alır. Dünya Qarabağımız işğal olunanda susduğu kimi susur. Belə təkrarlanan tarixə nə deyim?

Terror, işğal, müharibə, ölən insanlıq. Dünyanı beləcə kirlətdilər...

Müəllif: Raminə Eyvazqızı