Dünya belə aciz duruma düşməmişdi – <font color=red> Pulun da faydası yoxdur</font>

İqtisadiyyat

26.03.2020 - 14:15

Ölkələr göydən pul səpsə belə, real sektorda olan böhran düzəlmir

 

Dünyada bir çox iqtisadiyyat analitikləri bu gün baş verən böhranı 2008-ci il böhranı ilə müqaisə edirlər. Məncə, çox səhv yanaşmadır, bu gün baş verən proseslər daha dərin, daha ağır fəsadlar yaradır, dünya iqtisadiyyatına çox böyük qalıcı zərbələr vurur.

 

2008-ci ildə baş verən hadisə maliyyə böhranı idi, yəni maliyyə bazarlarını xilas etmək lazım idi. Bu gün baş verənlər isə real sektorun böhranıdır – bu, çox ciddi fərqdir, izah etməyə çalışacam.

 

2008-ci il sentyabr ayının 15-də “Lehman Brothers” investisiya bankı özünü müflis elan etdi, bu, domino effekti yaratdı, ard-arda banklar, investisiya fondları çökməyə başladı. O zaman, böhrandan öncə 2007-ci ilin sonunda FED-in uçot dərəcəsi 4,25% idi, 2008-ci ildə böhran başlayan kimi FED uçot dərəcəsini salmağa başladı, ilin sonunda isə demək olar ki, sıfırladı. Bundan başqa, 4 trilyon dollarlıq təşviq paketi açıqladı, bazarlara, birjalara, banklara çox aşağı faizlə dollar səpdi.

 

Bundan əlavə, FED özü birbaşa qiymətli kağızlar alaraq bankları, maliyyə sektorunu ayaqda tutdu. O zaman ABŞ-a paralel olaraq AB dövlətləri, Çin, Yaponiya (həm Mərkəzi banklar, həm də hökumətlər) da təşviq paketləri qəbul etdi – o zaman dünya üzrə qəbul edilən təşviq paketlərinin həcmi 7 trilyon dollar oldu. Beləliklə, ABŞ və digər dünya liderləri cəmi 1 ilə böyük həcmdə təşviq proqramları ilə dünya iqtisadiyyatını xilas etdilər, artıq 2009-cu ilin yazın sonunda maliyyə bazarları özünə gəldi, böhran arxada qalmağa başladı.

 

Bu gün baş verənlər isə pulla həll olunacaq məsələ deyil – real sektor durma nöqtəsinə gəlib. Ən pisi də odur ki, FED, AB, Çin, Yaponiya əllərində olan bütün “silahları” dərhal masaya düzdülər. Yəni, bundan çox nəsə etmək mümkün deyil. ABŞ-da FED və hökumət 6 trilyon dollar təşviq açıqladı, AB ölkələri və digər dövlətlərin də birgə təşviq paketləri 6 trilyon dollardan çoxdur – toplamda bu gün dünya banklara, birjalara, bazarlara 12 trilyon dollar səpib, dünyanın keçən il toplam ÜDM-i isə 86 trilyon dolar olub.

 

Yəni, bundan artıq nə Mərkəzi banklar, nə hökumətlər dünya iqtisadiyyatına əlavə pul səpə bilər. Amma görürük ki, belə böyük təşviq rəqəmlərinə baxmayaraq, birjalar özünə gəlmir, düşmə davam edir. Səbəbi çox sadədir: Dünya evə qapanıb, tələb düşüb, ticarət dövriyyəsi yerlərdə sürünür. Dünyada iqtisadi aktivliyin ən obyektiv göstəricilərindən biri neft istehlakıdır – bu gün dünyada neft istehlakı 25%-ə yaxın düşüb, bu, çox böyük və önəmli rəqəmdir.

 

Daha sadə dillə izah etsək, dünyada turizm sıfırlanıbsa, bu, özü azı 12 iqtisadi sahəni sıfırlayır, ən çox xidmət sahəsi çöküb, dünya ÜDM-nin böyük bir qismi isə məhz xidmət sahəsidir. Amma tək xidmət sahəsi deyil, qeyri-ərzaq istehsalı, istehlakı da çöküb – satışlar durma nöqtəsinə gəlib. Bu iki önəmli sahə (istehsaldan başlayaraq satışa qədər) dünya ÜDM-nin lokomotivi, iş potensialı yaradan ən önəmli sahələrdir. Ölkələr göydən pul səpsələr də, real sektorda olan böhran bununla düzəlmir. Ona görə əvvəldə qeyd etdim ki, 2008-ci il böhranı ilə fərq fundamentaldır.

 

“Dünya iqtisadiyyatını nə gözləyir” sualına ən yaxşı cavab dünən Sinqapurdan gəldi – bu ölkədə statistika tam elektronlaşdırılıb, kölgə iqtisadiyyatı sıfıra yaxındır, əsasən xidmət (birja da xidmət sahəsidir) və turizm üzərində qurulmuş iqtisadiyyatı var. Dünən dünyada ilk olaraq məhz Sinqapur 1-ci rübün iqtisadi rəqəmlərini açıqladı – ölkə ÜDM-i ilin ilk 3 ayında 10,6% çöküb, mənfiyə gedib. Dəhşətli rəqəmdir, dünyanı gözləyən aqibətin ilk carçısıdır.

 

İndi ölkələr üzrə nələr olacağını proqnozlaşdırmağa çalışacam. ABŞ, Çin, Avropa Birliyi, Türkiyə və Azərbaycan haqqında fikirlərimi böyüşəcəm, sadəcə yazı çox böyük həcmli olacaq deyə, bu haqda sonra yazacam, hələlik bunu oxuyaq və müzakirə edək.

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert