Deputatlığın son gecəsi – <font color=red> AXI NİYƏ?!</font>

Cəmiyyət

17.02.2020 - 10:19

Görəsən, necə olacaq və əgər hadisələr belə davam edəcəksə, mən batdım!

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

... O zaman 35 yaşım var idi. Par-par parıldayan təzə kostyumumdan, şüşəsi yay-qış plyonkalı olan maşınımdan ləzzət alırdm. Hər səhər evdən çıxıb şəstlə maşınıma tərəf gələndə qonşuların paxıl baxışlarının zövqünü yaşayırdım. Arada qulağıma onların “bu, nətər getdi çıxdı ora”, “bacarana baş qurban”, “yəqin, özünə yaxşı day-day tapıb yuxarılarda” cümlələri gəlirdi. Amma vecimə deyildi. Ailədə, qohumlar arasında hörmətə minmişdim. Daha vaxtilə məni adam yerinə qoymayanlar da məclislərini mənsiz başlamır, “müəllim gəlsin, sonra başlayaq”, - deyirdilər. Qohumlar məni elçiliyə aparmaq uğrunda növbəyə düzülmüşdülər, axı bilirdilər ki, mən kiminsə qapısına getsəm, istəməsələr belə, mənə yox deməyəcəklər. Axı onlar məni tez-tez televiziyada görür, mətbuatdan oxuyur, dövlət tədbirlərində kimlərlə bir cərgədə oturduğuma diqqət yetirirdilər.

Yoldaş Mircəfər