Deputatlara, ziyalılara, YAP funksionerlərinə - AÇIQ MÜRACİƏT

Aktual

08.06.2024 - 23:36

Həkimlər Klinikalar SEO Xidməti

Yüzminlərin haqq-ədalət axtarışı: səsimizi Cənab Prezidentə çatdırın

Yeni Azərbaycan Partiyasının (YAP) hörmətli şəxsləri, qeyrətli YAP-çılar, deputatlar və ziyalılar!

Müharibə veteranları və qazi ailələri olaraq, dövlət özəlləşdirmə çeklərini (DÖÇ) 28 ildir ümidlə saxlayan 1 milyon vətəndaş adından sizlərə müraciət edirik. Xahiş edirik ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 2004-cü ildən bəri Heydər Əliyev siyasətinə, cənab Prezident İlham Əliyevə və xalqa qarşı böyük xəyanətindən agah olasınız. Prezidentə və xalqa dəstək olmağınızı sizlərdən rica edirik.

YAP ağsaqqallarından və deputatlarından, ziyalılardan xahiş edirik ki, Ramiz Mehdiyevin və oliqarx məmurların cinayət əməllərini diqqətlə və axıra qədər oxuyun. Cənab Prezidentə ünvanlanmış açıq məktubdan sizlərin də məlumatlı olmağınızı özümüzə borc bilirik. Xahiş edirik ki, bu barədə televiziya kanallarında, mətbuatda səhifələrində öz fikirlərinizi bəyan edin.

Hər birimiz üçün maraqlıdır: dövlətə və xalqa qarşı olan cinayət faktları barədə nə düşünürsünüz? Əminik ki, sizlərin arasında öz fikrini bildirən ləyaqətli, vicdanlı, qeyrətli insanlar çoxdur və inanırıq ki, sizlər öz mövqeyinizi ortaya qoyacaqsınız.

Təəssüflər olsun ki, bəzi ziyalılarımız və deputatlarımız 1 milyon vətənadışın problemindən bixəbərdir, Konstitusiya və qanunları bilmirlər. Onu da bilirsinizmi ki, Prezidentə sözünü birbaşa catdıra biləcək bəzi məmurlar niyə dövlət başçısından tam və düzgün məlumatları gizlədirlər?

Hörmətli ziyalılarımız!

Ölkə rəhbərinin inandığı məmurlar həqiqəti, faktları gizlədirsə, cənab Prezidentə tam və düzgün məlumatlar vermirsə, YAP ağsaqqalları və deputatları da buna susursa, buna nə ad vermək olar? Üstəlik, bütün bunlar NƏYİ NƏ VAXT EDƏCƏYİNİ YAXŞI BİLƏN bir liderdən gizlədilirsə, həmin məmurların məqsədi nədir - öz qara əməllərini gələcəkdə dövlət başçısının üstünə atıb, özlərini sudan quru çıxarmaqmı?

Diqqətinizə çatdırırıq ki, müharibə veteranları, qazilər, pensiyaçılar olaraq məhkəməyə müraciət etmişik. Biz dövlət özəlləşdirmə payları üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı olan hər cür pozuntunun aradan qaldırılması tələbinin mülki icraat qaydasında baxılan tələb olduğunu bildiririk. Həmin payların hər birinə düşən əmlakın müəyyən edilməsini, iddiaçıların mülkiyyətinə verilməsi öhdəliyinin cavabdeh qurum olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmasını, bu da mümkün olmadığı təqdirdə, həmin payların hər biri üçün onun qanunla inflyasiyadan qorunan dəyəri olan 40 000 manat pulun cavabdehlərdən (Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) müştərək qaydada tutularaq iddiaçılara ödənilməsini tələb etmişik. İddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə (NRM) müraciət etmişik, NRM də işə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. Əgər iş orada araşdırılmayacaqsa, İnzibati-İqtisadi Məhkəməyə (İİM) şikayət veriləcək. (Bu KEÇİDə diqqət)

Əziz ziyalılar!

Hesab edirik ki, Konstitusiya və qanunlar əsasında vətəndaşlara verilmiş müddətsiz mülkiyyət hüququnu sonradan, Konstitusiyaya zidd olaraq məhdudlaşdırmağın və ləğv etməyin cinayət olduğunu sizlər də bilirsiniz. Artıq veteranlar, qazilər, hüquqşünaslar bildirirlər ki, lazım gələrsə, problemlə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət ünvanlanacaq. Bu işin haqlı və qanuni olduğunu qeyd edən mütəxəssislər də çek sahiblərinə öz çeklərini satmamağı, satanlara isə təkrar almağı məsləhət görürlər.

Zəruri qeyd

Diqqətinizə çatdıraq ki, çek sahibləri olan veteran və qazilər adından cənab Prezidentə açıq müraciət ünvanlanıb. Müraciətdə deyilir:

Cənab Prezident!

Atanız Ulu Öndərin xalqa vədinə inanan müharibə veteranları və qazi ailələri – özəlləşdirmə çeklərini 28 ildir ümidlə saxlayan 1 milyon vətədaş olaraq, Ramiz Mehdiyevin və onun Prezident Aparatındakı əlaltılarının 2004-cü ildən Heydər Əliyev siyasətinə, xalqa və dövlətə qarşı xəyanəti ilə əlaqədar SİZƏ üz tuturuq.

Müzəffər Ali Baş Komandan, böyük lider, şərəfli və vicdanlı şəxsiyyət olmağınıza, alicənablığınıza güvənərək, SİZDƏN Ulu Öndər Heydər Əliyevin tarixi sosial ədalət siyasətini, AR Konstitusiyasını pozan, SİZİN adınıza, imzanıza ləkə salmağa çalışan, vətəndaşı dövlətə qarşı qaldırmağa cəhd edən vicdansız məmurları cəzalandırmağınızı xahiş edirik. Məmurlar, xüsusən də Prezident Aparatındakı məmurlar aşağıdakı FAKTLARI Sizdən gizlədərsə, onlar Sizə və Xalqa düşmən hesab olunmalıdır.

1995-ci ildə, ölkənin iqtisadi cəhətdən ən ağır vəziyyətində – dövlət büdcəsində heç 1 milyard dollar olmayanda, Ümummilli Liderimiz Heydər Əliyev tarixi sosial ədalətin təmin olunması üçün mühüm qərar verdi. Ulu Öndər özəlləşdiriləcək bütün orta və iri müəssisələrin 65%-nin MİRAS ƏMLAK PAYI olaraq DÖÇ-lərlə əvəzləndirilməsini QANUNLA təsdiqlədi. Nəticədə bu gün Maliyyə Nazirliyi gələcəkdə özəlləşdiriləcək əmlakların dəyərini yenidən qiymətləndirərsə, orta və iri müəssisələrin 65%-nin çeklərlə özəlləşdirilməsinin qanuni haqq olduğu nəzərə alınarsa, bir özəlləşdirmə payına düşən və qanunla qorunan maddi ekvivalent dəyərinin bu gün üçün, bəlkə də, 80 000 manat olduğu faktı üzə çıxar.

Xahiş edirik, diqqət edin

Sual olunur: Ulu Öndər dövlətin ən kasıb vaxtında dövlətin xalqa qanunla vəd etdiyi orta və iri dövlət əmlaklarının 65%-ni xarici və yerli şirkətlərə, investorlara PULLA satmağı qanunla tənzimləyə bilməzdimi?

Təbii ki, tənzimləyə bilərdi, çünki həmin dövrdə - dövlətin ən kasıb vaxtında bunun üçün müəyyən əsaslar da var idi. Ancaq Böyük Siyasətçi Heydər Əliyev gözəl bilirdi ki, ədalətli mülkiyyət bölgüsü kapitalizmə dinc keçid üçün əsas şərtdir. SSRİ-dan qalan Miras Əmlak Payını xalqın özünə - əsl sahiblərinə qaytarmaq ölkəmizin, dövlətimizin əmin-amanlığı, iqtisadi inkişafı və Tarixi Sosial Ədalət üçün mütləq idi. Bu səbəbdən, 1997-ci ilə qədər anadan olmuş hər vətəndaş ücün 1 pay olmaqla, 8 milyon özəlləşdirmə payı dövriyyəyə buraxıldı.

Vacib məqam odur ki, Özəlləşdirmə Payları (çekləri) QANUNLA dövriyyəyə buraxılıb. Dövriyyədə olan zaman həm tədavül vasitəsi, həm də tədiyyə vasitəsi kimi istifadə olunması QANUNLA tənzimlənib.

1995-ci ildə, qanunla dövriyyədə olduğu müddətdə çeklərin tədavülünün (1-ci Özəlləşdirmə Proqramında 3 il) zamanla tənzimlənməsi öz əksini tapıb. Yəni tədavül müddətində vətəndaşlar öz paylarını girov qoya və ya sata bilərdilər ki, bu da xarici və yerli investorlar üçün çekləri əldə etmək və vətəndaşlara məxsus payları alaraq investisiya zamanı 65%-ə sahib olmaq şansı idi.

Möhtərəm Prezident!

Bütün özəlləşdirmə dövrü üçün özəlləşdirmə paylarının (çeklərin) TƏDİYYƏSİ özəlləşdirmə payları (çeklər) veriləndə, dövriyyədə qanunla zamana tabe edilməyən TƏDİYYƏ (ödəmə) vasitəsi kimi istifadəsini tənzimləyib. Bu hüquq və dövlət öhdəlikləri Konstitusiya (Maddə 149.7) və qanunlara, dövlətin və Ulu Öndərin siyasətinə ZİDD olaraq vətəndaşların əlindən alına bilməz. Çünki özəlləşdirmə paylarının (çeklərinin) bütün özəlləşdirmə dövründə tədiyyə vasitəsi kimi istifadəsi bu paylar (çeklər) verilən zaman qəbul olunmuş qanunla və Özəlləşdirmə Çekləri haqqındakı Əsasnamə ilə birbaşa tənzimlənib.

Çeklərin dövriyyədə TƏDİYYƏ vasitəsi kimi istifadəsı qanunda bütün özəlləşdirmə dövrü üçün tənzimlənib. Belə ki, bu əmlak payları (çeklər) verilən zaman qüvvədə olan 445 N-li “Özəlləşdirmə haqqında” Qanunun 19.1-ci maddəsi ilə, tədiyyə vasitəsi kimi vətəndaşların öz mülkiyyət hüquqlarından istifadəsinin bütün özəlləşdirmə dövrü ücün nəzərdə tutulması açıq-aydın tənzimlənir. Və deyilir ki, Respublika əhalisinə məxsus özəlləşdirmə paylarının bu və ya digər səbəblər üzündən həmin məqsədlərə yönəldilməmiş hissəsinin səmərəli yerləşdirilməsi üçün dövlət tərəfindən ixtisaslaşdırılmış investisiya fondu yaradılır.

Bu da öz növbəsində bir daha 445 N-li “Özəlləşdirmə haqqında” Qanunun 19.1-ci maddəsində tənzimlənən özəlləşdirmə paylarından tədiyyə vasitəsi kimi istifadənin bütün özəlləşdirmə dövrü üçün müddətsiz olduğunu sübüt edir. Yəni qanunla özəlləşdirmə payları (çeklər) ancaq və ancaq investisiya fondlarına qoyularaq dövriyyədən çıxarıla bilər. Dövlətin bu qanunla vətəndaşlar qarşısında götürdüyü öhdəlik və mülkiyyət hüquqlarını, Konstitusiyaya ZİDD olaraq, sonradan qəbul olunmuş heç bir qanun zamanla məhdudlaşdıra və ya ləğv edə bilməz.

Yenə 445 N-li Qanunun “Özəlləşdirmə payı” adlı 18.8-ci maddəsində deyilir ki, “Özəlləşdirmə paylarının verilməsi və istifadəsi qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir”.

Heydər Əliyevin özəlləşdirmənin həyata keçirilməsini və bu prosesdə özəlləşdiriləcək dövlət mülkiyyətinin bir hissəsinin əhaliyə əvəzsiz verilməsini təmin etmək məqsədi ilə, 1996-ci ildə imzaladığı 450 N-li Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında” Əsasnamənin 5-ci bəndində deyilir: “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi (yəni tədiyyə vasitəsi kimi) qəbul edilməsindən imtina etmək qadağandır”.

Qanunla vətəndaşlara verilmiş özəlləşdirmə paylarının (çeklərin) dövriyyədən çıxarılması tarixi barədə bu günə qədər heç bir qanun maddəsi yoxdur. Hətta, Dövlət Qiymətli Kağızı olaraq qanunla dövriyyəyə buraxılmış özəlləşdirmə paylarının (çeklərin) üzərindəki yazılarda da onların TƏDİYYƏSİNİN müddətsiz olduğu (dövriyyədən çıxma vaxtı yazılmayıb), dövlətin təminat verərək üzərinə götürdüyü öhdəliyin müddətsiz olduğu acıq yazılıb.

Bildiyiniz kimi, həmin dövrdə qanunlarla vətəndaşlara verilmiş mülkiyyət hüququ Konstitusiyaya (Maddə 149.7) və Avropa İnsan Haqları Məhkəməsinin “Avropa İnsan Hüquqları Konvensiyası”na və “1 Saylı Protokol”a zidd olaraq, sonradan qəbul olunmuş heç bir qanun və fərmanla əllərindən alına bilməz!

Müzəffər Ali Baş Komandan!

Tarixi sosial ədalət prinsipini əsas tutan atanız - dahi siyasətçi, Ümummilli Lider Heydər Əliyevin 7 mart 1995-ci ildə Prezident Sarayındakı çıxışını xatırlatmaq istərdik. Ulu Öndər Respublikada özəlləşdirmənin həyata keçirilməsi məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında dönə-dönə bəyan edib ki, hər bir vətəndaş öz əmlak payını almalı və əmlak payının pul və ya qiymətli kağız formasında verilməsindən asılı olmayaraq, əmlak paylarının əldə edilməsi zamandan asılı olmamalıdır.

Ramiz Mehdiyev və onun Prezident Aparatında olan cinayətkar dəstəsi ya bu çıxışı oxumayıb, ya da qulaqardına vurublar. Ulu Öndər dəfələrlə qeyd edib ki, vətəndaşlar mütləq şəkildə öz paylarını almalıdırlar. Və SUAL qoyur: bəs özəlləşdirmə prosesi 15-20 il çəkəcəyi halda, bu, necə olacaqdır?

Bu sualın cavabı olaraq: Ulu Öndər Heydər Əliyev Prezident Sarayındakı 7 mart 1995-ci il tarixli çıxışından sonra, 25 mart 1996-cı ildə özəlləşdirmə paylarının (çeklərin) müddətsiz tədiyyə vasitəsi olmasını “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” 450 nömrəli Fərman imzaladı və məsələ həmin fərmanla təsdiqlənən “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə”nin 5-ci bəndində tənzimləndi.

Açıq-aydın görünür ki, tarixi sosial ədalət prinsipinə əsaslanan Ulu Öndərin siyasətinin məqsədi heç bir vaxt özəlləşdirmə paylarından istifadənin ZAMANLA məhdudlaşdırılması olmayıb və olmamalıdır. Hətta, yaxşı yadımızdadır ki, Ulu Öndər özəlləşdirmə çekləri paylanan zaman Az.TV-də xalqa müraciət edərək, özəlləşdirmə paylarını satmamağı, tələsmədən çeklərdən bir-bir istifadə etməyi tövsiyə edirdi, deyirdi ki, “əgər bir müəssisədən az dividend verilsə, o birisi çox verər və tarazlıq olar”.

Dahi Dövlət Xadiminin dediyi kimi, özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılmasında əsas məqsəd – onlardan tədiyyə (ödəniş) vasitəsi kimi (əvəzlənməsi yolu ilə) istifadə etməklə, müxtəlif müəssisə və investisiya fondlarında vətəndaşların səhm sahibi olmasına imkan yaratmaq idi. Çünki tarixi sosial ədalətə əsaslanaraq qanunla verilmiş bu özəlləşdirmə payları (çeklər) XALQIN MİRAS ƏMLAK PAYIDIR. Vətəndaşların özlərinin və ata-babalarının Sovet dövründə, canları-qanları bahasına qurub-yaratdıqları var-dövlətdən pay əldə etmək xalqın halal haqqıdır.

Məhz tarixi həqiqətlər və hüquqi faktlar göstərir ki, Ulu Öndər Heydər Əliyev dövlət özəlləşdirmə çekləri ilə bağlı başqa ölkələrdə olan qanunsuzluqları nəzərə alaraq, dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı DÖÇ-lərin bütün özəlləşdirmə dövründə ödəniş (tədiyyə) vasitəsi kimi qəbul edilməsindən imtina etməyin qadağan olduğunu tənzimləyib. Hətta, Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqda Dövlət Proqramında (Maddə 5) özəlləşdirmə çeklərinin ömürlük istifadəsi nəzərə alınaraq, dövriyyədə tədavül (alqı-satqı predmeti kimi) müddəti üç il müəyyənləşdirilib. Çünki tədavül İNVESTORLARIN vətəndaşlarda olan çekləri pulla əldə etməsi üçün nəzərdə tutulurdu.

Amma…

Ramiz Mehdiyevin cinayətkar dəstəsi 2004-cü ildə başa düşdü ki, qiymətli kağızların dövriyyəsi zaman tədavül müddətinin məhdudlaşdırılması özəlləşdirmə dövründə çeklərin tədiyyə vasitəsi kimi istifadəsini ləğv edə bilməz.

Sual olunur: bəs, 1995-ci ildən 2004-cü ilə qədər özəlləşdirmə paylarının (çeklərin) tədiyyəsi hansı qanunvericiliklə tənzimlənirdi?

6 may 2000-ci il tarixli, 878 N-li “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə diqqət: Dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi - manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur.

Əgər belə bir qanunvericilik qaydası olmasa, 2000-ci ildə “qanunvericiliklə müəyyən edilmiş qaydada” ifadəsi nəyi nəzərdə tuturdu? Hansı qanun maddəsi əsasında, 2004-cü ildə özəlləşdirmə payları (çekləri) üçün tədiyyəsi müddətsiz olan bu qayda Konstitusiyaya zidd olaraq dəyişdirilib? (biabırçılıq odur ki, guya, bu fərman “vətəndaşlara əlavə vaxt və imkan vermək” üçün hazırlanıb).

Ramiz Mehdiyevin və oliqarx məmurların hiyləsindən belə nəticə çıxır ki, onların məqsədi Ulu Öndərin tarixi sosial ədalət siyasətini pozmaq, xalqa məxsus olan miras əmlak payını öz çirkli pulları ilə əldə etmək və xalq-dövlət düşmənçiliyinə zəmin hazırlamaq olub.

Cənab Prezident!

Ümummilli Liderimiz vəfat edəndən sonra SİZİN etibarınızdan sui-istifadə edərək fərmanlar hazırlayan Ramiz Mehdiyev və nəzarətindəki oliqarx məmurların hiyləsi vardı. Həmin hiylənin nəticəsi olaraq, 11 iyun 2004-cü il tarixli, 75 N-li Fərmanın 1.1-ci bəndi ilə vətəndaşların mülkiyyət hüquqları zamanla məhdudlaşdırıldı – Konstitusiyaya, qanunlara və Heydər Əliyevin tarixi sosial ədalət siyasətinə zidd olaraq. Və 2011-ci ilin yanvar ayından vətəndaşların halal haqları tam şəkildə əllərindən alındı.

Göründüyü kimi, əvvəl vətəndaşlara verilmiş hüquq və dövlət öhdəlikləri qanunla və “Özəlləşdirmə Payları (cekləri) haqqında” Əsasnamə ilə tənzimlənir, amma sonradan payların (çeklərin) dövriyyədə zamana tabe olmayan tədiyyə müddəti 2004-cü ildə fərmanla məhdudlaşdırılır və 2011-ci ildə ləğv olunur.

1995-ci ildən 2004-cü ilə qədər dövriyyədə olan, tədiyyə vasitəsi kimi qanunvericiliklə və heç bir normativ hüquqi aktla məhdudlaşdırılmayan, ömürlük verilmiş mülkiyyət hüquqları vətəndaşların əllərindən alındı – həmin məmurların cinayəti sayəsində. Bu cinayətkarlar, hətta, 75 N-li fərmana əsaslanaraq, sonradan Dövlət Özəlləşdirmə Proqramında dəyişiklər etdilər. Bu isə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə tənzimlənmiş mülkiyyət hüququnu, 25-ci maddəsi ilə tənzimlənmiş bərabərlik hüququnu və Konstitusiyanın 149-cu maddəsini pozur. Sonradan qəbul olunmuş heç bir qanun və ya fərman əvvəlki qanunla verilmiş mülkiyyət hüquqlarını poza bilməz.

Çox hörmətli İlham Əliyev!

Aydın məsələdir ki, Konstitusiya və həmin dövrdə qəbul olunmuş qanunlara əsasən, əmlak payını əvəzləmək üçün veriləcək pulun yə ya Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Paylarının (çeklərin) bütün özəlləşdirmə dövrü üçün dövriyyədə tədiyyə vasitəsi kimi müddətsiz olaraq istifadəsi (necə və hansı şərtlərlə), həmçinin dövriyyədən çıxarılması və mülkiyyət hüququ ilə bağlı dövlət öhdəlikləri birbaşa QANUNLA tənzimlənib. Bu gün də qüvvədə olan 450 N-li Fərmanla təsdiqlənmiş Əsasnamə isə bq Qanunu icra etmək üçün şərti açıqlayıb.

Kimlərsə öz vicdansız mülahizələri ilə dövlət siyasətinə, Konstitusiyaya, qanunlara və Avropa İnsan Haqları Məhkəməsinin “Avropa İnsan Hüquqları Konvensiyası”na zidd mövqe, Xalqa və Ümummilli Liderin tarixi sosial ədalət siyasətinə düşmənçilik münasibəti sərgiləyirlər. 14 ildir özəlləşdirmə çeklərindən istifadə edə bilməyən 1 milyondan çox vətəndaşın MÜLKİYYƏT və BƏRABƏRLİK hüquqları pozulub, Dahi Öndərin tarixi sosial ədaləti siyasəti və xalq vədi yerinə yetirilmir – bütün bunlar da 10-dan çox hüquqşünas alim tərəfindən Prezidentin nəzarətinizdə olan Ali Attetasiya Komissiyasının “Qanun” jurnalında çap olunan 4 elmi-praktik məqalədə öz əksini tapıb.

Xahiş edirik, diqqət yetirin

Ulu Öndər Heydər Əliyevin və dövlətin siyasətinin, tarixi sosial ədalətin, Konstitusiya və qanunların, Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi “Avropa İnsan Hüquqları Konvensiyası”nın və “1 Saylı Protokol”un pozulması faktları cinayətdir. Və bu məqam “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9 və 11-ci maddələrində öz əksini tapır.

Eyni zamanda, gələcəkdə Cinayət Məcəlləsinin 308, 309, 313, 314, 341 və 342-ci maddələri ilə cinayət işi acıla bilər. Çünki Mülki Məcəllədə (384.0.5.) dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri iddia müddətinin şamil edilmədiyi tələbə aiddir.

Bütün hüquqşünaslar bilir ki, dövriyyəyə qanunla buraxılmış özəlləşdirmə payları (çeklər) ancaq qanunla və kompensasiya ödənilərək dövriyyədən çıxarıla bilər. Sual olunur: Prezident Aparatında, hökumətdə, YAP-da Ramiz Mehdiyevlə əlaqəli olan hansı məmurlar, siyacətçilər və deputatlar Ulu Öndərin tarixi sosial ədalət siyasətini bəyənmirlər? Kimlər ONUN imzasını daşıyan Konstitusiya və qanunlara etinasızlıq edirlər? Xalqın dərdini və haqqını Xalqın liderindən gizlədən məmur Dövlət rəhbərinə sadiq ola bilərmi?

Möhtərəm ölkə başçımız!

Sizdən gizlədilən bu mövzuda bir sual yaranır: əgər özəlləşdirmə payları (çekləri) qanunla dövriyyədən çıxarılmış olsaydı, 22 dekabr 2014-cü il tarixli, 426 N-li “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə, preambulasında konstitusion əsaslandırma olan bu fərman verilə bilərdimi? Deməli, qanunla dövlət qiymətli kağızı olan özəlləşdirmə payları (çekləri) qüvvədədir.

Oliqarx məmurlar “28 may” metrostansiyası ətrafında yaratdıqları “qara bazar” alverçiləri vasitəsilə maxinasiya qurublar. 28 ildir özəlləşdirmə çeklərini satmayıb ümidlə yaşayan 1 milyon vətəndaşı aldadır, öz halal haqlarını satmağa məcbur edirlər. Bu, xalqa qarşı cinayətdir!

Cənab Prezident!

Çox xahiş edirik, xalqın bu probleminin həlli üçün təcili tədbirlər görəsiniz. Ramiz Mehdiyevin hiyləsi ilə hazırlanan 75 N-li Fərmanın 1.1-ci bəndini yeni Fərmanınızla qüvvədən salasınız. Atanız Ulu Öndərin tarixi sosial ədalət siyasətini, Konstitusiya və qanunları nəzərə alaraq, özəlləşdirmə paylarını (çeklərini) tədiyyə vasitəsi kimi bütün özəlləşdirmə dövrü üçün ömürlük edəsiniz.

Hörmətlə: Özəlləşdirmə Çekləri Qrupu

Müəllif: Aydın Gəray