Deputata qarşı sui-qəsd Milli Məclisin müzakirəsində: “Bizi terrorla qorxuda bilməzlər”

Aktual

04.04.2023 - 13:50

Millət vəkilləri həmkarları Fazil Mustafaya qarşı terroru lənətlədilər: İrana qarşı sərt tənqidlər səsləndi

Milli Məclisin bu gün keçirilən plenar iclasında 20 məsələ müzakirəyə çıxarılıb. Vitse-spiker Əli Hüseynlinin idarə etdiyi iclasda deputatlar əvvəlcə evinin qarşısında terror aktına məruz qalan həmkarları Fazil Mustafa barədə fikirlərini səsləndiriblər. Millət vəkilləri F.Mustafaya qarşı törədilən terror aktını pisləyiblər və bu sui-qəsdi törədənləri kəskin şəkildə qınayıblar.

“Terroruun arxasında gizlənənlər Azərbaycan dövlətini və xalqını bununla qorxuda və ya təhdid edə bilməz”

Deputat Qənirə Paşayeva deyib ki, hadisəni törədənlərin cəzalandırılması istiqamətində aidiyyəti orqanlar fəal işləyirlər: “Bu işdə əli olanların cəzalarını alması istiqamətində görülən işlər cəmiyyət tərəfindən dəstəklənir. Əminik ki, bu kimi terror işində əli və vasitəçiliyi olan, eləcə də bütün bu sistemlə əməkdaşlığı olanlar layiqli cəzasını alacaq. Unutmamalıyıq ki, deputata atılan güllə dövlətə və xalqa atılan güllədir. Bunu hər kəs belə qəbul etməlidir. Hər bir azərbaycanlı öz dövlətinin yanında olmalı və hamı bilməlidir ki, xaricdən idarə olunan bu şəbəkələrin məqsədləri və maraqları nədən ibarətdir”.

“Terroruun arxasında gizlənənlər Azərbaycan dövlətini və xalqını bununla qorxuda və ya təhdid edə bilməz. Çünki Azərbaycan dövləti güclü dövlətdir, dövlətimiz, xalqımız nəyin nə olduğunu yaxşı bilir”, - deyə millət vəkili vurğulayıb.

“Bu, İranın Azərbaycandakı digər tör-töküntülərinə dərs oldu”

Deputat Bəhruz Məhərrəmov çıxışında qeyd edib ki, F.Mustafaya qarşı terror hücumu bütövlükdə Azərbaycan dövlətçiliyinə qarşı yönəlib: “Bu, əhali arasında vahimə yaratmaq, eyni zamanda, dövlət və hakimiyyət orqanlarını nəyəsə məcbur edilməsinə hesablanmış addım idi. Amma Azərbaycan sabit, əməliyyat şəraiti dövlətin nəzarətində olan, ictimai qayda, ictimai təhlükəsizlik tam təmin olunmuş bir ölkədir. Prezident İlham Əliyev uzunmüddətli fəaliyyət və nəhayət 44 günlük savaşla elə bir geosiyasi konfiqurasiya yaradıb ki, bu bölgədə proseslərin ümumi gedişatını Azərbaycan müəyyən edir. Bu kimi terror aktları, bu terrorun ardınca ölkə daxilində xəyanətkar bağırışmalar nəyisə dəyişə bilməz”.

“Fazil Mustafaya qarşı terror hücumunda təqsirli bilinən şəxslər ən qısa zamanda yaxalandı. Bu, hər kəsə, ələxsus, İranın Azərbaycandakı digər tör-töküntülərinə dərs oldu. Əlbəttə, bu, son deyil. Dövlət molla rejiminin Azərbaycandakı manqurtlarına, şəxsinə aid bəzi şeyləri Qumda buraxıb Tehranda axtaran dövlət düşmənlərinə münasibətdə əməliyyat tədbirləri bundan sonra da qətiyyətlə davam ediləcək”, - Məhərrəmov əlavə edib.

“Azərbaycan Ordusunun Laçın istiqamətində yüksəklikləri nəzarətə götürməsi ilə terror arasında bağlılıq var”

Deputat Əli Məsimli də həmkarına qarşı terror aktını “iyrənc addım” adlandırıb: “Ona qarşı edilən bu hücum deputatın timsalında Azərbaycan dövlətinə qarşı yönələn addımdır. Onlar bu hərəkətləri ilə xalqımız arasında xof yaratmaq, guya ölkəmizdə təhlükəsizlik məsələlərinin zəif olması təəssüratı formalaşdırmaq niyyətində idilər. Amma onların bu istəyi əks-effekt verdi”.

“Aidiyyəti güc strukturları qısa zamanda peşəkarlıqlarını yüksək səviyyədə yerinə yetirməklə həmin şəxsləri ifşa etməyə nail oldu. Güman edirik ki, onların bu istiqamətdə gördükləri iş həmin şəbəkələrin axırına çıxana qədər davam edəcək”, - Ə.Məsimli qeyd edib.

“Fazil Mustafaya qarşı törədilmiş terror aktı bütün dünya tərəfindən görüldü, qınanıldı. Martın 25-də Azərbaycan Ordusu Laçın istiqamətində yüksəklikləri nəzarətə götürdü. Ondan bir neçə gün sonra deputat həmkarımıza qarşı terror aktı baş verdi. Düşünürəm ki, bu məsələlər arasında bir bağlılıq mövcuddur”. Bu sözləri isə deputat Aydın Mirzəzadə səsləndirib. Millət vəkili bildirib ki, Azərbaycanı bu cür cəhdlərlə qorxutmaq mümkün deyil".

“Hacı Şahinin ölümü Fazil Mustafaya qarşı terrorla bir zəncirdə birləşir”

Deputat Zahid Oruc terror hadisəsi ilə bağlı kəskin çıxış edib və ciddi versiyalar irəli sürüb. Millət vəkili bildirib ki, F.Mustafaya qarşı silahlı terror hücumuna Milli Məclis hüquqi-siyasi qiymət verir: “Sifarişçiləri və təşkilatçıları ifşa edilən qəsdin məhz terror aktı olduğunu təsdiqləyir. Martın 2-si Hacı Şahinin müəmmalı ölümü, martın 4-ü hipermarketə hücum, martın 9-u Bakıda silahlı atışma və martın 28-i deputata qarşı silahlı sui-qəsd vahid bir zəncirdə birləşir. Terorun silahı nə olursa-olsun, onun əsas niyyəti xalqın üzərində dövlətdən üstün hakimiyyət qazanmaq, qorxu, xof və panika ilə ictimai təhlükəsizliyə zərbə vurmaq və bu yolla dövlət siyasətlərinə təsir göstərməkdir”.

“Terror aktı Azərbaycan dövlətinin sülh quruculuğu naminə həyata keçirdiyi siyasətə inamı sarsıtmaq məqsədi daşıyır. Fazil Mustafaya qarşı terrorun Ramazan ayında baş verməsi sifarişçilərin İslama, etiqadlı insanlara, müsəlmanlara münasibətinin göstəricisidir. Əslində terrorçuların dini və milli mənsubiyyəti yoxdur. Onların hədəfi təkcə dövlət, xalq və fərdlər deyil, həm də müqəddəs kitablardır. Son terror aktını törədənlər Danimarka və Niderlandda Quran kitabını yandıranlardan fərqlənmirlər. Orucluq ayında iftardan çıxan inanclı bir adama qarşı terror aktı törədənlər Zori Balayanla, Yaxın Şərqdə din bayrağı altında edamlar həyata keçirən İŞİD ilə eyni səngərdədirlər. Ona görə də silahlı dindarları, islam tarixində yüksək mərtəbə tutan İmam Hüseyn adına terror təşkilatı yaradanları həqiqi inanclı adamlar, bütün konfessiyaların təmsilçiləri pisləmədilər, terroru hamı lənətləməlidir”, - Z.Oruc əlavə edib.

“Silahlı “dindarlar”ın həbsi İrana zərbə deyil, dövlətə inamı zəiflədən hadisədir”

Deputat ötən həftə Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlamasına Hizbullah təşkilatının verdiyi reaksiyanı xatırladıb: “Ölkəmizi radikal cihadçı və din bayraqlı hərbi təşkilatlarla toqquşdurmaq üçün Qərblə region dövlətləri arasında unikal bir müttəfiqlik var. Yenidən terror ola bilərmi sualına cavab odur ki, Azərbaycan heç bir dövlətlə süni gərginlik axtarmır və üçüncü qüvvələrin forpostu olmağa can atmır. Biz terror şəbəkəsinin bütün üzvlərini, dövlətə və vətəndaşlara qarşı yeni təxribat və potensial təhlükələrin qarşısını almaq üçün təhlükəsizlik və hüquq-mühafizə orqanlarının peşəkar tədbirlərini alqışlayırıq”.

“Məhkəməsi hələ də bitməyən ləğv edilmiş MTN-nin sabiq əməkdaşları on illər ərzində ölkəmizdə kök salan xarici agentura mərkəzlərinin millətimizə qarşı apardıqları müharibəyə görə də əlavə maddələrlə ittiham olunmalıdırlar. Bu, vacib məqamdır. Hesab edirəm ki, silahlı “dindarlar”ın həbsi İrana zərbə deyil, dövlətə inamı zəiflədən hadisədir. Biz yaxşı görürük ki, 30 il ərzində işğala hər cür maliyyə, siyasi, diplomatik, informasiya və hərbi dəstək verənlərin indi İrana qarşı apardıqları savaşda Azərbaycanı forposta çevirmək cəhdləri var. Lakin ölkəmiz heç vaxt üçüncü dövlətlərə qarşı əməliyyat qərargahı olmayıb”, - deyə Z.Oruc fikrini tamamlayıb.

“İrana qarşı vuruşa bilərik”

Deputat Ziyafət Əsgərov da çıxışında İranı sərt tənqid edib: “İran bildirir ki, biz heç vaxt imkan verə bilmərək ki, Cənubi Qafqazda sərhədlər dəyişsin. Amma biz soruşuruq ki, necə olur, 30 il ərzində Qarabağın işğalına səs çıxarmadınız. Biz əksinə, son illər İran və Ermənistan arasında dostluğu görürük. Buradan bildiririk ki, Azərbaycana qarşı atılan belə addımlar öz nəticəsini verməyəcək. Ölkəmizə qarşı qurulan tələlər öz başlarında çatlayacaq”.

“Fazil Mustafaya qarşı törədilən terror aktını Azərbaycana qarşı törədilən terror kimi qiymətləndirirəm. Hesab edirəm ki, bu məsələ ilə bağlı öz mövqeyimizi açıq şəkildə ortaya qoymalıyıq. Həmin şəxslər bu terror faktı ilə gözümüzü qorxutmaq istəyirlərsə, səhv edirlər. Bizim üzərimizə sovet qoşunları gəlib, 5 dəfə hakimiyyət çevrilişi etmək istəyiblər. Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasətlə Azərbaycan xalqı rahat nəfəs alır”, - deyən deputat Siyavuş Novruzov bəyan edib ki, sərhəddə İrana qarşı vuruşa bilərik: “İran Naxçıvan ərazisinə yaxın yerlərə qoşun yığıb, güc göstərir. Unutmasınlar, döyüşməyə də hazırıq. Qoy bilsinlər ki, Azərbaycan 1990-cı ilin Azərbaycanı deyil. Bu gün Azərbaycan güclü dövlətdir. İranın isə nə əqidəsi, nə inancı, nə də inamı var”.

Müəllif: Anar Bayramoğlu