Deputat: “Ermənistan heç bir zəmanət olmadan KTMT ilə əlaqələri kəsir”

Dünya

14.06.2024 - 19:16

Həkimlər Klinikalar SEO Xidməti

“Bunların əhəmiyyətli bir hissəsi erməni menecerlərin axmaqlığı ilə bağlıdır”

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əlaqələri kəsir, başqa heç bir təhlükəsizlik zəmanəti yoxdur. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə parlamentin “Mənim şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan brifinqdə deyib.

Onun sözlərinə görə, ölkənin təhlükəsizlik sistemində problemlər var: “Bunların əhəmiyyətli bir hissəsi erməni menecerlərin axmaqlığı ilə bağlıdır. Məsələn, KTMT-nin baş katibinin həbsi ilə bağlı qərar... NATO ölkələrindən hər hansı biri Stoltenberqi saxlamağa cəhd etsəydi, o zaman nə baş verərdi?”, - deyə Mamicanyan bildirib.

Daha sonra, deputat deyib ki, İrəvan KTMT-nin təklif etdiyi və KTMT baş katibinin sözlərinə görə, müəyyən hərbi-texniki yardım paketini özündə əks etdirən yardım planından imtina edib: “Deməli, problemlər olub və var. Amma bunları həll etmək lazımdır və heç bir təminat olmadan bu əlaqələri pozmamaq, Ermənistanı tamamilə tək buraxmamaq lazımdır. Çünki hesablama fərqli hərbi-siyasi arxitektura və ya alyans üçün aparılırsa, o zaman xatırlatmaq istəyirəm ki, NATO-nun Ermənistana ən yaxın hərbi kontingenti Türkiyənin İncirlik şəhərində yerləşir”, - Mamicanyan qeyd edib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu yaxınlarda ölkənin KTMT-də iştirakının dondurulması kontekstində demişdi ki, növbəti məntiqi addım Ermənistanın bu blokdan çıxması olacaq. Parlamentdə büdcənin icrasının yekun müzakirəsi zamanı hökumət başçısı təşkilatı yenidən tənqid edib və onu Ermənistanın təhlükəsizliyinin təmin edilməsi məsələsində fəaliyyətsizlikdə ittiham edib.

Müəllif: Ayna.az