Dəhşətli qəza ilə bağlı açıqlama - RƏSMİ 

Hadisə

12.05.2022 - 14:36

Ata ilə iki aylıq qızı qəzada həlak olub

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Xızıda üç nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

BDYPİ-dən AYNA-ya daxil olan məlumatda deyilir: “Bu gün saat 09 radələrində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xızı rayonu ərazisindən keçən 69-cu kilometrliyində paytaxt istiqamətində hərəkətdə olan Xızı rayon sakini, 1991-ci il təvəllüdlü Qasımov Orxan Heydər oğlunun idarə etdiyi VAZ-2106 markalı, 10-BP-326 dövlət qeydiyyat nişanlı avtomobil ilə onunla əks istiqamətdə hərəkətdə olan, Rusiya Federasiyasının vətəndaşı Maqomed Abdulmecidovun idarə etdiyi DAF markalı, T 706ME05 qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Nəticədə, VAZ-2106 markalı avtomobilin sürücüsü O.Qasımov, eləcə də sərnişinləri - Xızı rayon sakini, 1991-ci il təvəllüdlü Xudabaxışov Pərviz Nurəddin oğlu və onun iki aylıq qızı Xudabaxışlı Mədinə Pərviz qızı hadisə yerində ölüb, avtomobildə olan digər sərnişinlər - 1964-cü il təvəllüdlü Vəsxanım Xudabaxışova və 1998-ci il təvəllüdlü Əfsanə Xudabaxışova isə xəsarət alıblar. Yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər”.

Müəllif: Ayna.az