Danimarka Ukraynaya dəstək üçün bir milyard dollar ayıracaq

Dünya

15.03.2023 - 14:42

"Danimarka Ukraynanı ən çox dəstəkləyən ölkələr sırasında qalmalıdır"

Danimarka hökuməti və parlamenti Ukraynaya dəstək fondu yaratmaq qərarına gəliblər. AYNA xarici mediaya istinadən bildirir ki, bu il fonda təxminən yeddi milyard Danimarka kronu (bir milyard dollardan bir qədər çox) ayrılacaq. Bu barədə ölkənin Maliyyə Nazirliyinin saytında da qeyd edilib.

Bildirilir ki, pulun 776 milyon dolları silah, hərbi texnikanın tədarükünə və Ukrayna hərbçilərinin təliminə xərclənəcək. Təxminən 172 milyon isə humanitar yardıma və Ukraynada infrastrukturun bərpasına dəstək üçün xərclənəcək.

Xərclərin Ukraynanın ehtiyac və istəklərinə uyğun olaraq bölüşdürüldüyü göstərilir.

"Danimarka Ukraynanı ən çox dəstəkləyən ölkələr sırasında qalmalıdır", - məlumatda qeyd edilib.

Qeyd edək ki, bundan əvvəl Danimarkanın müdafiə naziri vəzifəsini icra edən Troels Lund Poulsen bildirmişdi ki, krallıq 2023-cü ilin yazında ilk “Leopard 1” tanklarını Ukraynaya təhvil verəcək. O qeyd edib ki, Kiyev 100 tank alacaq.

Müəllif: Ayna.az