Dağlıq Qarabağın statusu, sülhməramlılar və baza prinsipləri...

Siyasət

14.10.2020 - 18:15

Azər Rəşidoğlu: “Azərbaycan Ermənistanı sülhə vadaretmə əməliyyatlarını davam etdirməlidir

 

Sentyabrın 27-də Ermənistanın növbəti təxribatı nəticəsində əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu, qısa müddət ərzində bir sıra yaşayış məntəqələrini və strateji yüksəklikləri azad etməklə böyük uğurlara imza atdı. Lakin oktyabrın 10-da Rusiyanın təşəbbüsü ilə Moskvada Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında əməliyyatlarla bağlı görüş keçirildi və humanitar atəşkəs elan edildi.

 

Humanitar atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan tərəfi növbəti terror siyasəti ilə atəşkəsi yenidən pozdu və Gəncə şəhəri də daxil olmaqla, bir sıra rayonları atəşə tutdu. Beləliklə, əməliyyatların ilk günlərində prosesə aktiv müdaxilə etməyən Rusiya, humanitar atəşkəsin imzalanmasından sonra özünün əsl niyyətini ortaya qoydu.

 

AYNA-nın mövzuya dair suallarını “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, politoloq Azər Rəşidoğlu cavablandırıb.

- Azər bəy, ordumuzun cəbhədəki son uğurları cəmiyyətdə böyük ruh yüksəkliyi yaradıb. Bu fonda humanitar atəşkəs elan edilməsi bir qədər məyusluq yaratdı. Lakin gördük ki, düşmən atəşkəsə məhəl qoymadı və cəbhədə şiddətli döyüşlər davam edir. Baş verənləri necə qiymətləndirirsiniz?

 

- Vətəndaşımızın yüksək əhvalını alqışlayıram. Hərbi vəziyyətin şərtlərinə uyğun olaraq bir çox detalların üstündən keçirəm. Lakin təhlil emosiyanı sevmir. Odur ki, bəzi məqamlara qismən də olsa, aydınlıq gətirmək istərdim. Onu qeyd edim ki, Azərbaycanın öz şərtlərini qəbul etdirməyə yaxın göründüyü zaman nazirimizin Moskvaya səfər etməsini və atəşkəs sazişini imzalamasını doğru hesab etmirəm. Bu məsələ barədə daha ətraflı hərbi vəziyyət ləğv edildikdən sonra danışarıq. Mətbuat konfransında Ceyhun Bayramov bəyan etdi ki, 3+2 formatı dəyişməyəcək, atəşkəs müddəti qeyd olunmayıb, Rusiya strateji müttəfiqdir və vasitəçi kimi neytrallığını saxlayır. Bu, ciddi bəyanatlar idi və düşünürəm ki, Ankaranın da maraqlarına uyğun deyil. “Türkiyə masadadır” deyimini konkret faktlarla isbatlamaq lazımdır. Bütün bunları nazirin təcrübəsizliyi ilə əlaqələndirmək istərdim. Daha doğrusu, ümid edirəm ki, başqa səbəb yoxdur. Moskvada imzalanan 4 bəndlik sənədi diplomatiyamızın uğuru kimi dəyərləndirə bilmirəm. Razılaşmanın 1-ci və 2-ci bəndi ermənilərə vaxt udmağa, nəfəs almağa və güc toplamağa yardım edə bilər. 3-cü və 4-cü bəndi daha diqqətli təhlil tələb edir. Atəşkəs sənədi Prezident İlham Əliyevin həmin gün etdiyi çıxışı ilə tam ziddiyyət təşkil edir. Ali Baş Komandan xalqa müraciətində açıq şəkildə demişdi: “Yoxsa ki, siz dayanın, onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adam toplasınlar, bizə hücum etsinlər? Bizi belə sadəlövh sayırlar bunlar?”.

 

- Proseslər göstərdi ki, Prezident haqlı idi.

 

- Bəli. Çünki atəşkəs sənədi imzalanan kimi terrorçu ölkə dərhal mövqelərimizi vurmağa başladı. Gəncə və Mingəçevirin vurulması “Moskva danışıqları”nın davamı idi. Açıq danışaq, Rusiya öz təhdidlərini davam etdirir: “Bizim qoşunlar (sülhməramlı adı ilə) Qarabağa (Azərbaycana) yerləşməlidir, əks təqdirdə ermənilərin əli ilə yeni ərazilərinizi işğal edəcəyik”. Bu təhdidə qarşı xalq olaraq birlikdə çıxmalıyıq. Mərhum Prezident Heydər Əliyev xarici təhdid zamanı milli birlik formulu axtarırdı və təzyiqlər barədə açıq məlumat verirdi. Ümumiyyətlə, informasiya savaşında daha çevik olmalıyıq. 1988-ci ildə ermənilər Azərbaycan torpaqlarını işğala hazırlaşanda, real iş görəndə biz meydanda meyxana qoşurduq: “Bu gün hava bürküdür, ermənilər tülküdür”. Bu gün ermənilər ən müxtəlif təxribatlara əl atırlar, biz isə anlaqsız ekspertləri efirə çıxardıb “Paşinyan eybəcərdir, meymuna oxşayır” cavabını veririk. Belə olmaz. Mən konkret təkliflər irəli sürmüşəm sosial şəbəkədə. Prezidentin və müxalifət liderlərinin iştirakı ilə Milli Məclisin xüsusi iclası keçirilsin və Rusiyanın, digər ölkələrin təzyiqləri ilə bağlı müzakirələr aparılsın. Ölkədə “qızıl amnistiya” elan edilsin və məhkumlar (bəzi maddələr üzrə məhkum edilənlər istisna olmaqla) əfv edilsin. Gəncə, Naxçıvan və Dağlıq Qarabağla sərhəddə Türkiyənin hərbi bazaları yerləşdirilsin. Sülhə vadaretmə əməliyyatı davam etdirilsin və terrorçu ölkənin atəş xətti susdurulsun.

 

- Bəs, Azərbaycan Minsk Qrupu ilə bağlı necə addım atmalıdır?

 

- Azərbaycan ermənipərəst mövqedə olan Minsk Qrupunu tərk etməli, 3+2 formatından imtina etməli və BMT-nin 4 məlum qətnaməsinin yerinə yetirilməsini tələb etməlidir. Bunları etməliyik. Mən “90-lar sindromu”nun yaşanmasını istəmirəm. Rusiyanın bu dəfə də erməni qiyafəsində hücuma keçməyəcəyinə heç kəs zəmanət verə bilməz. Bizim güclü ordumuz, milli birliyimiz və Türkiyə kimi tərəfdaşımız var. Odur ki, birliyimizi qorumalı və düşmənin hiyləgər və arxalı olduğunu unutmamalıyıq. Burda bir məsələ də var. Çox istərdim ki, hörmətli Hikmət Hacıyev belə bir suala cavab versin: Əgər bölgəyə sülhməramlılar yerləşdirilərsə, onlar hansı ölkələri təmsil edəcək və Rusiya hərbiçilərinin iştirak faizi nə qədər olacaq?

 

- Danışıqların baza prinsipləri əsasında aparıldığı deyilir. Bunun mahiyyəti və perspektivləri nədən ibarətdir?

 

- Baza prinsiplərinin bütün mahiyyəti “Madrid prinsipləri”ndə göstərilib. Bu sənəddə Azərbaycanın maraqlarına uyğun olan məqamlardan biri Dağlıq Qarabağın ətrafındakı işğal edilmiş ərazilərin boşaldılmasıdır. Digər məqam bütün qaçqın və məcburi köçkünlərin daimi yaşayış yerlərinə birmənalı şəkildə qayıdışının təmin edilməsidir. Lakin anlaşılmaz suallar qalır: Laçın dəhlizinin taleyi necə olacaq? Həmin dəhlizin sərhədləri harada başlayıb, harada bitəcək? Əgər, qondarma “DQR” sülh sazişinin imzalanmasında iştirak edəcəksə, burada “DQR” ilə müəyyən əlaqələrin qurulması lazım gələcək, axı. Çünki bu bəndlərin birində Dağlıq Qarabağa özünüidarə hüququnun verilməsi əksini tapıb. Özünüidarəetmə hüququ müəyyən seçkili orqanların formalaşdırılmasını nəzərdə tutur və hakimiyyətin legitimləşdirilməsi səviyyəsini yüksəldir. Burada söhbətin Dağlıq Qarabağın hansı əhalisindən getdiyi məlum deyil. Dağlıq Qarabağ əhalisinin münaqişəyə qədər, təxminən 25 faizi azərbaycanlılardan ibarət olub. Əgər onlar özünüidarəetmə strukturlarının formalaşdırılmasında iştirak etməyəcəklərsə, biz bu baza prinsipini niyə qəbul etməliyik? Öncə 5, daha sonra 2 rayonun işğaldan azad olunması müsbətdir. Amma sual açıq qalır: Daha sonra hansısa mərhələdə Dağlıq Qarabağın statusu müzakirə olunan zaman, Dağlıq Qarabağa qayıdan azərbaycanlıların statusu nədən ibarət olacaq? Onlar yerli erməni hakimiyyətini tanımalıdırlar, ya yox? Onların mərkəzi hakimiyyətlə, Bakı ilə münasibətləri necə qurulacaq? Ümumiyyətlə, onların qayıdış prosesi necə təşkil olunacaq?

 

- Yəni, Dağlıq Qarabağın statusu ilə bağlı bənd Azərbaycan üçün məqbul deyil?

 

- Bəli. Azərbaycan icması ilə bağlı qeyri-müəyyənliklər var. Azərbaycan icması hansı mərhələdə qayıda bilər? Əgər DQ-nin statusu müəyyən edilənə qədər qayıdacaqlarsa, onların statusunu nə müəyyənləşdirəcək? Burada təhlükəsizlik məsələsi necə olacaq? Bunlar çox ciddi məsələlərdir. DQ-nın statusu ilə bağlı bənd Azərbaycan üçün məqbul deyil. Çünki referendum DQ-nin müstəqilliyinə yol aça bilər.

 

- Azərbaycanın hərbi üstünlüyü, bəzi ərazilərin işğaldan azad olunması, xüsusən də Dağlıq Qarabağa daxil olan Hadrutun azad edilməsi baza prinsiplərində Dağlıq Qarabağın statusu ilə bağlı dəyişikliyə səbəb ola bilərmi?

 

- Hələ bu barədə danışmaq çox tezdir. Qeyd etdiyim kimi, 3+2 formatı dəyişməz qalır. Bu formatın yaxınlarda dəyişəcəyinə də inanmıram. Hətta, format dəyişsə belə, müsbət nəticə olacağını əminliklə vurğulaya bilmirəm. “Moskva görüşü” zamanı qəbul edilən sənədin detalları məlum deyil. Uğurlu format üçün Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Daha sonra işğal altında olan Dağlıq Qarabağın ətraf əraziləri azad ediləndən və erməni əhalisinə beynəlxalq təhlükəsizlik təminatı veriləndən sonra, bölgənin yekun status məsələsini rəsmi Bakı öz vətəndaşları olan Dağlıq Qarabağın azərbaycanlı və erməni icması ilə müzakirə edə bilər. Bunun üçün Dağlıq Qarabağın erməni icması silahı yerə qoymalı və Bakıya tabe olduğunu nümayiş etdirməlidir. Məhz bundan sonra Azərbaycanın nəzarəti altında beynəlxalq humanitar təşkilatların Dağlıq Qarabağda iştirakı məsələsinə baxıla bilər. Dağlıq Qarabağa statusun verilməsi müzakirə edilərkən, Ermənistanın müdaxiləsinə yol vermək olmaz. Ermənistan Azərbaycanın daxili işlərinə qarışa bilməz. Nə qədər ki, Ermənistan Qarabağı öz ərazisi adlandırır və DQ-nin separatçı rejimi Azərbaycanın qanunlarına tabe olmur, heç bir status mövzusu müzakirə edilə bilməz.

 

- Son olaraq, proseslərə bilavasitə təsiri olan bir məsələyə aydınlıq gətirməyinizi istərdim. Belə ki, Rusiya Prezidenti Vladimir Putinin “danışan dili” hesab edilən Vladimir Solovyov bildirmişdi ki, Lavrovu anlamayanlar Şoyqunu anlamağa məcbur olacaq. Bu, hərbi təhdiddir?

 

- Kreml həmişə Jirinovski, Solovyov kimi adamların dili ilə mesaj verib. Bu, açıq təhdid və şantajdır. Biz gözəl bilirik ki, 90-cı illərdə məhz Rusiya Qarabağı işğal edib, indi də bizi təhdid edir. Lakin artıq 90-cı illər deyil. Azərbaycanın Türkiyə ilə daha sıx əməkdaşlığı var. Bu, yalnız bizə deyil, eyni zamanda Türkiyəyə qarşı da şantajdır. Bununla belə, düşünürəm ki, Azərbaycan NATO-ya inteqrasiya istiqamətində real addımlar atmalıdır. Qonşularımızın kim olduğunu unutmayaq. Azərbaycanın müstəqilliyini həzm edə bilməyən ölkələrlə əhatə olunmuşuq. Düşünürəm ki, Türkiyə ilə hərbi əməkdaşlıq barədə yeni müqavilə imzalanmalıdır. Türkiyə hərbi bazalarının Gəncə, Naxçıvan və Dağlıq Qarabağ ilə sərhəddə yerləşdirilməsinə baxılmalıdır.

Müəllif: Mərahim Nəsib