Fəzail İbrahimli: “Fikirlərinizdə diqqətli olun”
Parlamentin bu gün keçirilən iclasında vitse-spiker Fəzail İbrahimli ilə deputat Razi Nurullayev arasında mübahisə yaşanıb. AYNA-nın xəbərinə görə, müzakirə zamanı R.Nurullayev bələdiyyələrin fəaliyyətini tənqid edib. Deputat deyib ki, yerli özünüidarəetmə orqanları və bu qurumların işçiləri vəzifələrinin öhdəsindən gələ bilmirlər. O, bələdiyyələrdə rüşvətxorluq hallarının olduğunu dilə gətirib.
Deputata cavab olaraq Fəzail İbrahimli bildirib ki, bələdiyyələrdəki qüsur və nöqsanlar daim gündəmə gətirilib: “Onların aradan qaldırılması üçün təkliflər vermişik. Bu sahədə müəyyən addımlar da atılıb. Təbii ki, Azərbaycan siyasi həyatında bələdiyyələrin öz yeri var. Razıyam ki, yerli özünüidarəetmə orqanlarında qüsurlar, nöqsanlar var. Amma onların 20 illik fəaliyyətinə kölgə salmaq, hamısını rüşvətxorluqda ittiham etmək insan hüquqlarının pozulmasıdır. Sizin dedikləriniz yaxşı işçilərin də fəaliyyətinə qara yaxmaqdır”.
“Danışarkən diqqətli olmaq lazımdır. Sizin çıxışlarınıza qulaq asanda, adı sizin adınıza oxşayan bir mərsiyəçi var, o yadıma düşür. Sizin adınız Razi, onun adı isə Racidir. Siz hər dəfə danışanda onun mərsiyələri yada düşür. Fikirlərinizdə diqqətli olun” – deyə, F.İbrahimli fikrini tamamlayıb.