Çinin KTMT üzvlüyünə nə ehtiyacı var ki?!

Dünya

14.01.2022 - 18:56

Kazbek Beysebayev: “Öz şirkətlərini qorumaq üçün KTMT Çin üçün çox faydalı olardı”

Vaxtanq Maisaya: “Çinin KTMT-dən daha mühüm maraqları var”

“Çin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmaq istəyə bilər. KTMT-nin sülhməramlı kontingentinin Qazaxıstanda tətbiqi, eləcə də qarşıya qoyulan vəzifələrin sürətlə və səmərəli şəkildə həyata keçirilməsi bu təşkilatın bütün regional oyunçuların nəzərində nüfuzunu və əhəmiyyətini kəskin şəkildə artırdı”.

Bu fikirləri ukraynalı politoloq Ruslan Bortnik “112 Ukrayna” telekanalının efirində deyib. Onun fikrincə, belə bir uğurdan sonra KTMT-yə yeni üzv dövlətlərin gəlməsi üçün hər cür şans var.

Ekspert KTMT qoşunlarının Qazaxıstana daxil olmasını Rusiya və onun müttəfiqlərindən Prezident Kasım-Jomart Tokayevə dəstək siqnalı kimi qiymətləndirib: “Bir dilemma yarandı: Rusiya kimi dəstəkləyir - çox güman ki, Tokayevlə münaqişəyə girən Nazarbayevin ətrafını, yoxsa Tokayevi və onun ətrafını? Rusiya hakimiyyətin zorakılıqla dəyişməsini dəstəkləyir, yoxsa dəstəkləmir? İki-üç gün belə bir vəziyyət olsa, Tokayev hakimiyyəti itirərdi. O, hakimiyyəti saxlaya bilməyəcəkdi”.

Bortnikin fikrincə, Rusiya bu suala aydın cavab verib: “Üstəlik, bütün dünyaya nümayiş etdirildi ki, KTMT bu təşkilatın üzvlərinin hakimiyyətinin sabitliyinin qorunmasında çox mühüm rol oynamağa qadir olan real təşkilatdır. KTMT sülhməramlı qüvvələrinin tətbiqi təəssüratı o qədər güclü olub ki, indi Çin də bu təşkilata daxil ola bilər. Xatırladıram ki, cəmi bir ay əvvəl Si Tsinpin Putinlə söhbətində Çinin bu təşkilatda müşahidəçi qismində iştirak imkanını nəzərdən keçirdiyini söyləmişdi. Ola bilsin ki, yeni KTMT belə formalaşır. Təsəvvür edin ki, Çin də ona qoşulub”.

Politoloqun sözlərinə görə, KTMT kağız üzərində formal qurum deyil, daxili stabilizator rolunu oynamağa qadir təşkilat olduğunu nümayiş etdirib: “Və bu təşkilatın rolu dünyanın bir çox elitaları üçün çox cəlbedici olacaq - xüsusən də xarici təzyiq altında olan və ya ərazilərində açıq-aydın rəngli inqilablar, iğtişaşlar, çevrilişlər təhlükəsi olan elitalar üçün”.

Sual yaranır: KTMT Çinə lazımdırmı? Aydındır ki, onsuz da ÇXR-in güclü, üstəlik atom silahına malik ordusu var. Pekinin ölkəsinin bu bloka qoşulmasını zəruri hesab etməsi üçün potensial olaraq hər hansı şərtlər ola bilərmi?

AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Qazaxıstanlı politoloq Kazbek Beysebayev:

“Çin KTMT-nin bəzi ölkələrində iqtisadi cəhətdən güclü şəkildə təmsil olunur. Bu amil Qazaxıstanla sıx bağlıdır. Bu baxımdan və təkcə hansısa dövləti deyil, öz şirkətlərini də qorumaq üçün KTMT Çin üçün çox faydalı olardı.

Çinin özünün əslində bu təşkilata ehtiyacı yoxdur (orada cəmi 3000-ə yaxın hərbçi var). KTMT-də hərbi-texniki potensiala görə əsas ölkə Rusiyadır. Deyək ki, o, başqa dövlətlərin təhdidlərdən qorunmasının öhdəsindən gələcək və onun Çinin timsalında köməkçiyə ehtiyacı yoxdur. Şanxay Əmkdaşlıq Təşkilatı (ŞƏT) var və onun strukturları Çinlə əməkdaşlıq üçün mövcuddur. ŞƏT çərçivəsində birgə antiterror təlimləri keçirilir. Sonuncu belə təlimlər ötən ilin sentyabrında olub”.

Gürcüstanlı hərbi-siyasi ekspert, professor Vaxtanq Maisaya:

“Çinin KTMT-yə üzv olacağını düşünmürəm. ÇXR-in öz ambisiyaları var. Yadda saxlamaq lazımdır ki, Çin hazırda ABŞ və Rusiya Federasiyası ilə birlikdə dünya dövlətidir. Çinin özünəməxsus geostrateji maraqları var ki, bu da Rusiyanın maraqları ilə üst-üstə düşməyə bilər və sonuncu üçün böyük narahatlıq yarada bilər. Bundan əlavə, Çinin özünün təhlükəsizlik təşkilatı - ŞƏT var. Və hesab edirəm ki, bu əməkdaşlıq təşkilatı vasitəsilə Çinin KTMT də daxil olmadan da, təsir rıçaqları, imkanları var.

Digər tərəfdən, ÇXR KTMT-yə daxil olarsa, mədəniyyət naminə yalnız müşahidəçi qismində çıxış edəcək. Sadəcə vurğulamaq lazımdır ki, Pekin və Moskvanın ABŞ-a qarşı ümumi geosiyasi maraqları var. ABŞ onlar üçün “ümumi düşmən” kimidir.

Təbii ki, Qazaxıstan təcrübəsi özlüyündə praktiki mənada KTMT üçün faydalı olacaq. Lakin Çin üçün bu, mühüm amil deyil, onun qlobal və regional səviyyədə öz ambisiyaları, konkret məqsədləri var və mən onların Rusiya Federasiyasının maraqları ilə üst-üstə düşdüyünü düşünmürəm.

Bəli, indiki mərhələdə Rusiya və Çin müttəfiq ola bilər, amma tarixin göstərdiyi kimi, bir müddət sonra klassik “soyuq müharibə” dövründə olduğu kimi, SSRİ ilə Çin əsas düşmənə, rəqibə çevrilə bilər. Hesab edirəm ki, indiki mərhələdə Çin KTMT-yə daxil olmayacaq, çünki bu, az maraq doğurur. Onun daha mühüm maraqları var, o, indiki dünya düzəninin əsas aktorlarından biridir”.

Müəllif: Rauf Orucov